Son dövrlərdə məktəblilərin iştirakı ilə baş verən zorakılıq və aqressiya halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə bəzi şagirdlərin silahdan və ya silaha bənzər vasitələrdən istifadə etməsi, sosial şəbəkələrdə təhlükəli davranışların yayılması və məktəb mühitində təhlükəsizlik məsələlərinin aktuallaşması problemin miqyasını daha da genişləndirir.
Maraqlıdır, valideyn nəzarəti əvvəlki illərlə müqayisədə zəifləyibmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva bildirib ki, cəmiyyətdə dolaşan “günah oyunlardadır” və ya “uşaq pozulub” kimi izahlar vermək daha rahatdır, çünki məsuliyyəti öz üzərimizdən götürür:

"Lakin elmi baxımdan bu yanaşma tamamilə yanlışdır. Gənclər arasında zorakılıq adətən tək səbəbdən yaranmır; risk faktorları fərdi, ailə, məktəb və sosial mühit səviyyələrində üst-üstə düşdükdə ehtimal daha da artır. Beynəlxalq psixoloji, pedaqoji və sosial tədqiqatların böyük əksəriyyəti göstərir ki, bu tip davranışlar bir amilin deyil, qarşılıqlı təsir göstərən sistemli faktorların nəticəsidir. Yəni məsələ “ailədir, oyunlardır, yoxsa məktəb?” sualından qat-qat mürəkkəbdir.
Ailədən başlasaq, nəzərə almaq lazımdır ki, uşağın davranış modelinin təməli ailədə formalaşır. Ailədaxili nəzarət və emosional əlaqə zəiflədikdə, özünənəzarət, məsuliyyət hissi və sərhəd duyğusu zədələnə bilər. Son illərin reallığı isə ondan ibarətdir ki, valideyn fiziki olaraq evdə olsa da, psixoloji baxımdan ailə münasibətlərində iştirak etmir. Telefon, iş yükü, sosial stress və digər amillər nəticəsində uşaq emosional dəstək və yönləndirmə olmadan böyüyə bilir. Bu isə aqressiyanın formalaşması üçün ilkin zəmin yaradır.
Amma bu, tək səbəb deyil. Sağlam ailə mühitindən çıxan uşaq da aqressiv davranış göstərə bilər; burada ətraf mühitin təsiri ön plana çıxır. Rəqəmsal mühitdəki zorakı məzmun problemin “yaradıcısı” deyil, daha çox sürətləndiricisidir. Meta-analizlər zorakı video oyunlarla aqressiv davranış arasında müsbət əlaqə olduğunu göstərsə də, bu əlaqə birbaşa və tək səbəb kimi qiymətləndirilə bilməz".
Ən kritik boşluqlardan biri isə məktəbdə preventiv-psixoloji sistemin zəifliyidir:
"Aqressiya çox vaxt qəfil baş vermir. O, uzun müddət yığılan emosional gərginlik, sosial rədd edilmə, bullinq və davranış pozuntuları fonunda formalaşır. Məktəb iqlimi və bullinqə qarşı proqramlarla bağlı geniş icmallar göstərir ki, düzgün qurulmuş məktəb əsaslı müdaxilələr zorakı davranışların, xüsusilə bullinqin azalmasında real nəticə verir.
Ona görə məsələni belə formullaşdırmaq daha doğrudur: təməli ailə formalaşdırır, rəqəmsal mühit riski artıra bilər, lakin “partlayışın” qarşısını alan və ya gecikdirən əsas mexanizm məktəbdə erkən aşkarlama və müdaxilə sistemidir. Məktəb psixoloqu “kağız üzərində ştat” deyil; o, mütəmadi risk skrininqi aparmalı, bullinq xəritələnməsi etməli, təhlükə siqnallarını qeydiyyata almalı, valideynlərlə sistemli işləməli və lazım gəldikdə yönləndirmə mexanizmini işə salmalıdır.
Bu sistem qurulmadıqda, silahabənzər əşyalarla “oyun” da, sosial şəbəkələrdə yayılan “təhlükəli trend” də sadəcə simptom olaraq qalır; kök problem isə görünməz şəkildə davam edir".