Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-26 10:23:00
Müəllimlər mütləq OXUSUN! – İllik planlaşdırmanın düzgün hazırlanması ilə bağlı TÖVSİYƏLƏR

Orta ümumi təhsil məktəblərində dərsin keyfiyyətli olması üçün müəllim gündəlik və illik planlaşdırma aparmalıdır.

Kurikulumda dövlət tərəfindən şagirdin bilik və bacarığına qoyulan tələbə yəni, standarta nail olmaq üçün müəllim təlim fəaliyyətini düzgün planlaşdırmalıdır.

Ümumilikdə planlaşdırmanın 2 növü var:

1.Perspektiv (illik) planlaşdırma

2.Cari (gündəlik) planlaşdırma

Perspektiv planlaşdırmanı tərtib edərkən müəllim bir neçə məqama diqqət etməlidir.

Ən vacib məqamlardan biri mövzuların yeri və ardıcıllığı ilə bağlıdır. Müəllim mövzuların ardıcıllığını düzgün - sadədən mürəkkəbə doğru müəyyənləşdirməlidir. 

-İnteqrasiya imkanlarını düzgün müəyyən etməlidir. (Fənndaxili və fənlərarası)

“İnteqrasiya” termini XX əsrin sonlarından etibarən daha  fəal istifadə olunmağa başlayıb. Beləcə, bütün elm sahələrində, o cümlədən sosiologiya və pedaqogikada inteqrasiya önəmli yer tutub. Pedaqogikada “inteqrasiya”, “inteqrativlik”, “təhsildə inteqrasiya” və s. anlayışlardan daha çox istifadə olunur.

İllik planlaşdırma yazarkən ardıcıllıq necə nəzərə alınmalıdır?

1.Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən etmək,
2. Tədris vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək,
3. Hər tədris vahidi üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq.

Tədris vahidi – Ənənəvi tədris metodunda müəllimlərin hər birinə məlum olan bölmə və yarımbölmələr mövcud idi.  Həmin bölmələrə isə müəyyən mövzular daxil olurdu. Bunun tərtibi zamanı isə xronoloji ardıcıllıq, sadədən mürəkkəbə prinsipi qorunmalı idi. Eynilə fənn kurikulumlarında olan bu bölmə və altbölmələr tədris vahidi hesab edilir.

Tədris vahidləri artıq məzmun standartlarına əsasən müəyyən edilir. Kurikulumun tətbiqindən əvvəl mövzular üzrə, indi isə standartlara əsasən qruplaşdırma aparılır.

İllik planlaşdırmanı təkmilləşdirmək üçün:

1.Standartlar qrupuna əlavə standartlar artırmaq,
2. Mövzuları dəyişdirmək və ya artırmaq,
3. İnteqrasiya üçün əlavə imkanlar müəyyən etmək,
4. Daha çox resursdan istifadə etmək,
5. Vaxt bölgüsünə müəyyən dəyişikliklər etmək.

Kurrikulum metodunda inteqrasiya 2 formada olur: fəndaxili və fənlərarası

Əgər seçilən dərsin mövzusu köhnə dərslə əlaqələndirilirsə, bu, fəndaxili, seçilən mövzu digər fənlərlə əlaqələndirilsə, fənlərarası inteqrasiya adlanır. Ümumiyyətlə, müxtəlif fənlər üzrə biliklərin inteqrasiyası şagirdin təfəkküründə ətraf aləm haqda sistemli dünyagörüşün formalaşmasına kömək edir.

-Şəraitə və sinfin səviyyəsinə uyğun olaraq resursları əlavə vəsaitlər və təchizatları seçməlidir.

-Müəllim şagirdlərin inkişaf və qavrayış səviyyələrini nəzərə almaqla mövzulara uyğun vaxt bölgüsü aparmalıdır, yəni mövzuların çətinlik dərəcəsinə uyğun ayrılan vaxt bölgüsünü özü azaldıb, artırmalıdır.

Qeyd edək ki, perspektiv planlaşdırma üçün lazım olan metodik vəsait dövlət tərəfindən məktəblərə paylanılır, rəhbərlik də həmin vəsaiti müəllimlərə təhvil verir. Metodik vəsaitdə dərslərin hər biri sıralama ilə saatı və inteqrasiyası qeyd olunmaqla yazılır. Yəni, metodik vəsaitdə verildiyi kimi hazılrnamsı mütləq şərt deyil. Sadəcə olaraq il ərzində müəllimə ayrılan dərs saatları standartından çıxmamaq və mövzuları əhatə etmək şərti ilə tədris planını tərtib etmək olar.