Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-18 20:23:57
Azərbaycan müəllimlərinin XVI qurultayı - Təhsildə yeni yanaşmalar

15-16 dekabr tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XVI qurultayı keçirildi. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qurultay Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması dövründə keçirilən ilk qurultay kimi tarixə düşdü. 

 

AzEdu.az qurultayda iştirak edən qonaqlardan bir neçəsinin təəssüratlarını təqdim edir:

 

Rəşad Məcid, Azərbaycan Mətbuat Şurasının sədri:

 

"Azərbaycan müəllimlərinin XVI qurultayını böyük məmnunluqla dinlədim. Azərbaycan Respublikasının Prezidentinin müraciətində qaldırılan məsələlər, qarşıya qoyulan prioritet məsələlər bütün təhsil sektoru üçün vacib məsələlər idi. Cənab nazirin Azərbaycan təhsilində tarix boyu baş verən hadisələrə, təhlillərə əsaslanan çıxışı maraqlı tezislərlə zəngin idi. Ədəbiyyat dərslərinin vacibliyi, səviyyəsi, eyni zamanda Azərbaycan gənclərinin tariximizi öyrənməsi baxımından ədəbiyyat dərslərinin əhəmiyyəti barədə, müəllim haqqının yüksək tutulması ilə bağlı ADA Universitetinin rektoru Hafiz Paşayevin söylədiyi fikirlər çox faydalıdır. Hesab edirəm ki, Azərbaycan müəllimlərinin XVI qurultayı təhsildə islahatların gedişində mühüm izlərini buraxacaq ".

 

Südabə Qazıyeva, Zaqatala rayon Aşağı Tala kənd tam orta məktəbinin ibtidai sinif müəllimi, şəhid anası:

 

"Mən birinci dəfə idi ki, Azərbaycan müəllimlərinin qurultayında iştirak edirdim. Qurultayda keçirilən panel müzakirələr çox diqqətimi çəkdi. Bu müzakirələrdə biz yerlərdə üzləşdiyimiz çətinliklərlə bağlı fikirlərimizi, təkliflərimizi bildirdik. Və sonradan səsləndirilən qətnamədə həmin təkliflər öz əksini tapdı. Düşünürəm ki, qurultay həm təhsilimiz, həm müəllimlərimiz üçün çox faydalı olar".

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun rəhbəri :

 

"Hesab edirəm ki, Azərbaycan müəllimlərinin XVI qurultayı daha öncə keçirilmiş qurultaylardan fərqli oldu. Müxtəlif istiqamətlər üzrə faydalı olan və sonradan yararlanmağa imkan yaradan müzakirələr aparıldı. Bu il diqqətimi daha çox cəlb edən məqam qurultay iştirakçılarının hər birinin panellərdə iştirak edərək maraqlı təkliflər irəli sürmələri, problemləri qabartmaları və həll yollarını göstərmələri oldu. Bir daha bütün qurultay iştirakçılarına uğurlar arzulayıram".

 

Ənvər Abbasov, Bakı Slavyan Universitetinin prorektoru:

 

"Demək istəyirəm ki, Azərbaycan müəllimlərinin XVI qurultayı həqiqi mənada çox ciddi bir hesabat idi. Elm və təhsil naziri Emin Əmrullayev də Azərbaycan müəllimlərinin qurultayında səsləndirdiyi hesabatında təhsildə olan irəliləyişlər, əldə etdiyimiz nailiyyətlər, eyni zamanda qarşıda duran vəzifələri təhlil etdi. Eyni zamanda qurultayla əlaqəli olan çox ciddi məsələlər həll olundu. Qurultayın qətnaməsində haqlı olaraq təhsilin məzmunu, metodoloji, milli prioritetlərdən gələn, qarşıda duran məsələlərlə bağlı çox ciddi vəzifələr qoyuldu. Azərbaycan müəllimlərinin islahatçılıq fəaliyyəti müəyyən olundu. Xüsusilə təhsildə yeni yanaşmalar bizdə çox xoş təəssüratlar doğurdu".

 

Nadir İsrafilov, təhsil eksperti:

 

"Azərbaycan müəllimlərinin XVI qurultayı sayca 16-cı, müstəqilliyimizin altıncı, mənim iştirak etdiyim dördüncü qurultaydır. Yəni hər bir qurultay təhsil salnaməmizin bir səhifəsi, görülən işlərin yekunu, görüləcək işlərin başlanğıcıdır. Hesab edirəm ki, qurultayda olan məruzə və çıxışlar, panel müzakirələrdə irəli sürülən təkliflər, qurultayın qətnaməsində qoyulan müddəalar təhsilimizin inkişafında həllini gözləyən məsələlərin daha da sürətlə reallaşmasına öz töhfəsini verəcək".