Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-18 15:20:00
“Summativlərdən yalnız tənbəl, iş görmək istəməyənlər narazıdırlar” -  Müəllimlərin “qara kabusu”

"Summativ o halda olmaya bilər ki, Formativ Qiymətləndirmə həqiqətən keyfiyyətli olsun”.

Sosial şəbəkələrdə müəllimlərin Summativ Qiymətləndirmə ilə bağlı iradlarına çox rast gəlinir. Kimi summativlər üçün dövlət tərəfindən maddiyatın ayrılmaması, kimi də onların şagirdlərə stress yaratmasından narahatdır.

Bəs narazılıqlarını bu formada bildirən müəllimləri narahat edən əsas səbəblər nələrdir?

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis İlkin Həsənov bildirib ki, müəllimlərin qiymətləndirmə ilə bağlı təsəvvürləri doğru deyil. Onlar sadəcə, bunun diaqnostik, formativ və summativ olduğunu bilirlər:

“Müəllimlər formativ qiymətləndirmənin necə aparılmasını bilmirlər. Buna görə də onların uşaqları qiymətləndirmə alətləri summativlərdir. Bu isə yüksək keyfiyyətli  deyil. Müəllimin şagirdi summativsiz necə qiymətləndirəcəyi sualı  yarana bilər.

Aşağı siniflərdə summativ qiymətləndirmə ləğv olunduğuna görə,  müəllim şagirdi necə qiymətləndirəcəyini bilmir. Bu, problem yaradır. Narahatlığın çox səbəbi ola bilər. Amma əsas səbəb kimi formativ qiymətləndirmədəki boşluqları görürəm”.

O, bunu bütün müəllimlərə aid etməsə də, əksər vaxt summativlərin keyfiyyətsiz  suallardan tərtib olunduğunu vurğulayıb:

“Hansısa fənn üzrə summativ qiymətləndirmənin tərkibini analiz etsəniz, onların əksəriyyətinin yalnız yaddaş xarakterli olduğunu görərsiniz. Yəni, bu suallar şagirddən sadəcə xatırlamaq tələb edir. Buna görə də yüksək keyfiyyətli hesab olunmur”.

Bu halda summativ qiymətləndirmə ləğv oluna bilər...

Ekspertin sözlərinə görə, qiymətləndirə strateji məslədir. Bu, həmən bir və ya bir neçə adamın qərar verəcəyi şey deyil:

“Bununla bağlı komissiya fəaliyyət göstərməli, onun tərkibində müəllimlər də olmalıdır. Burada təcrübə, qiymətləndirməyə, şagird və valideynlərin münasibəti nəzərə alınmalıdır. Summativ o halda olmaya bilər ki, formativ qiymətləndirmə həqiqətən keyfiyyətli olsun.

Problem müəllim, valideyn və şagirdin formativ qiymətləndirmənin nə olmasını bilməməsindən irəli gəlir. Hər kəs onun necə həyata keçirildiyini bilsə, summativlərlə bağlı problemlər yaranmaz. Hamısı maarifsizlikdən irəli gəlir.

Valideyn elə deyir ki, uşağımın qiymətini görmək istəyirəm, görüm dərsi necə öyrənib. Müəllim qiymət vermək məcburiyyətindədir. Şagird qiymət görmək istəyir. Çünki belə öyrəşib. Hər kəs formativ qiymətləndirmə ilə bağlı maariflənməlidir”.

“Narazı olan təbəqə də iş görmək istəməyən, işdən qaçanlardır”.

Gənc müəllim Tural Topçuyev summativ qiymətləndirmə ilə bağlı iradlara rast gəlsə də, onlara tərəfdar olmadığını bildirib:

“Hər bölmənin sonunda qiymətləndirmə vacibdir. Əks halda,  şagirdin nə dərəcədə savadlı olduğunu bilmək olmaz.  Əvvəl yarımil qiymətləndirmə keçirilirdi. O da elə bu formada olurdu.  Sadəcə, indi o dəyişdirilərək summativ formasında tələb olunur. Şəxsən mən elə də narazı deyiləm. Narazı olan təbəqə də iş görmək istəməyən, işdən qaçanlardır. Hər işdə zəhmət çəkmək lazımdır. Bundan yalnız zəhmətdən qaçan insanlar narazıdırlar”.

“Bugünəcən hansısa şagirdimin summativ zamanı stress keçirdiyini görməmişəm”.

O, bəzi məqamlarda müəllimlərin haqlı olduqlarını da vurğulayıb:

“Bir neçə mövzunu digər bölmələrlə əlaqələndirib, yekunda bir summativ götürmək olar. Amma indi 3-4 mövzudan sonra summativ tələb olunur. Həmin mövzular üzrə 4-5 vacib, orijinal sual tapmaq mümkündür. Amma 12-15 suallıq summativ hazırlamaq tələb olunur. Amma hər şeyi kitabların üstünə atmaq olmaz”.

Summativlərin şagirdlərə nə qədər stress yaşatmasına gəlincə isə müəllim qeyd edib ki, müəyyən motivasiya verəndən  sonra bir problem olmur. Çünki dərs ili başlayanda  məktəblilər summativlərlə bağlı maarifləndirilir:

“Onları başa salırıq ki, summativə hazırlıqlı olmalıdırlar və dərsi yaxşı keçəndən sonra bu, elə də problem deyil. Mən bu günəcən hansısa şagirdimin summativ zamanı stress keçirdiyini görməmişəm. Bu gün summativdən stress keçirən şagird sabah buraxılış imtahanları necə verəcək?!

Təlimdə nə qədər çox tər tökülsə, döyüşdə o qədər az qan tökülər. Şagirdləri bu yolla  imtahanlara psixoloji hazırlamaq lazımdır”.

Müəllimləri summativlərlə bağlı razı salmaq üçün hansı yeniliyin tətbiq olunması sualına isə müsahib elə sualla da cavab verib:

“Onların narazılığını aradan qaldırmaq mümkündür ki?! Hər işdə narazı tərəf olduğu kimi burada da olması normaldır. Sadəcə, bunun sayını bir az azaltmaq lazımdır. Müəllimlərlə maarifləndirici təlimlər olmalıdır. Düzü, inanmıram ki, gənc müəllimlər buna narazılıq etsinlər. Bu, bəzi yaşlı kadrlarda var. Onlarda da çox rast gəlməmişəm”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları