Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-18 10:45:00
İngilis dili müəllimləri üçün seminar keçirildi  

Ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri üçün seminar keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, paytaxtdakı 207 nömrəli tam orta məktəbdə təşkil olunan seminarda Nərimanov rayonundakı tam orta məktəblərin ingilis dili müəllimləri iştirak ediblər.

Seminarın keçirilməsində əsas məqsəd ingilis dili müəllimlərinin dil və tədris bacarıqlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübənin dərslərdə tətbiq olunmasından ibarətdir. Seminara Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTCP) çərçivəsində “Sinfin idarəolunması” mövzusunda keçirilən təlim proqramını müvəffəqiyyətlə başa vuran ingilis dili müəllimi Reyhan Rzayeva moderatorluq edib. O, sinfin idarəedilməsinə dair təqdimatla çıxış edib.

Tədbir iştirakçıları şagirdlərin idarə olunması, valideynlərlə işin təşkili, korporativ əməkdaşlıq, verilənlərin analizi və monitorinqi, effektiv kommunikasiya mövzuları barədə beynəlxalq təcrübə ilə tanış olublar. Seminarda məktəblilərin ingilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstəkləmək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqla bağlı müəllimlərə tövsiyələr də verilib. Habelə tədris prosesinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb, beynəlxalq təcrübə ətrafında ingilis dili müəllimlərinin təəssüratları dinlənilib, suallar cavablandırılıb.