Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-27 09:23:00
Universitetlərdə dərslik qıtlığı – “Elm inkişaf etmir”

Ali təhsil müəssisələrində tədris prosesində tələbələrin üzləşdiyi başlıca problemlərdən biri də dərs materiallarının qıtlığıdır. Tələbələr dərsliklərin fənni tam əhatə etmədiyini, məlumatların köhnə və yenilənməyə ehtiyacı olduğunu bildirir. Hətta onlar ana dilində dərslik tapmadıqları üçün xarici mənbələrdən tərcümələr edərək məlumatlar əldə edirlər. Bu da özlüyündə onlara əlavə çətinlik törədir.

 

Bəs görəsən, univerisitetlər dərsliklərin hazırlanmasında niyə aktiv iştirak etmir? Tələbələrin dərsliklərlə təmin olunmasında ali məktəblərin nə kimi öhtəlikləri var?

 

Mövzu ilə əlaqədar təhsil eksperti Məzahir Məmmədli AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, ali təhsil müəssisələrinin yeni dərsliklərin  hazırlamasında iştirak etməməsinin əsas səbəblərindən biri  universitetlərdə fəaliyyət göstərən kadrların əksəriyyətinin yaşlı müəllimlərdən ibarət olmağıdır: “Müəllim-professor kollektivi son 15-20 ildə dəyişən yeni texnologiyalara tam bələd olmadığı üçün bu sahədə qabaqcıl biliklərin hazırlanmasında iştirak edə bilmirlər. Bununla yanaşı, gənc nəslin tədqiqat işlərinə demək olar ki, marağı yoxdur. Yeni nəslin elmi-tədqiqat işlərindən uzaq olması motivasiya verici heç bir addımın olmamasından qaynaqlanır. Belə ki, bu sahədə çalışanlar üçün yüksək əməkhaqqı eləcə də müəyyən imtiyazlar olmadığı üçün elm sahəsinə yönələn gənc kadrlar sayca azlıq təşkil edir”. 

 

M.Məmmədli qeyd edib ki, hələ də universitetlərdə köhnə saralmış mühazirə mətnləri əsasında dərslər keçirilir: “Texniki, informatika, kompüter texnologiyaları və başqa sahələrdə universitetlərdə hazırlanmış yeni ədəbiyyatlar yoxdur.  Bu qaydanı illərdir tətbiq etmək elmin inkişafına heç bir tövhə vermir.

 

Gənc nəslin elmi-tədqiqat işlərinə marağının artırılması istiqamətində addımlar atılmalıdır. Tədqiqat işlərinin beynəlxalq səviyyədə tanınması halları ola bilər ki, bu zaman da tədqiqatçı müəllimin imkanları xaricə yollanmağa kifayət etməyə bilər”.

 

Ekspert təklif edib ki, dövlət bu sahədə xüsusi plan hazırlamalıdır: “Gənclərin elmdə aktiv iştirakını təmin etmək baxımından həvəsləndirici addımlar atılmalıdır. Əks halda elmin inkişafından söz gedə bilməz”.