Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-24 15:27:00
Sərt tənqid: “İxtisasını sevməyən gənclər ordusu formalaşır”  

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir. Namizədlər avqustun 28-nə qədər ixtisas seçimində iştirak edə bilərlər.

 

İxtisas seçimi prosesində bir çox ekspert abituriyentlərin bu mərhələyə çox laqeyd yanaşdığını vurğulayır.


Belə ki, təhsil eksperti Adil Vəliyev də öz Feysbuk profilində bu barədə yazıb:

 

“Bu il çox qəribə abituriyentlərlə qarşılaşmışam. Özü gəlməyib valideyinlərini göndərən də vardı, 270 balım var deyib, sistemə baxdığımızda 320 və daha çox balı olan da...”

 

Bəs abituriyentlər üçün ən vacib olan bu prosesə niyə bu qədər biganə yanaşılır?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən sosioloq Lalə Mehralı qeyd edib ki, bütünlükdə gənclərimizin oxumağa, ali təhsil almağa həvəsi xeyli azalıb:

 Açıklama yok.

“İmtahanlara hazırlıq, başlanması və bundan sonrakı dövrlər 3 aydan çox vaxt alır. Təsəvvür edin ki, ali məktəblərə hazırlaşan abituriyentlər mart ayından o yana imtahan verirlər. Hələ tədris ili başa çatmamış onlar buraxılış imtahanından keçib, oxumağa davam edirlər. Burada hansı həvəsdən söhbət gedə bilər? 

 

Bundan sonra 1 və 2-ci cəhd blok imtahanı, qabiliyyət imtahanı, ixtisas seçimi və s. Abituriyentlər xeyli bir müddət təhsillə bağlı prosedurlardan keçməlidirlər. Təbii ki, bu zaman yorulurlar, usanırlar və son mərhələyə gəlib çatdıqda bir qədər laqeyd yanaşmalar ortaya çıxır. Ən önəmli- ixtisas seçimi mərhələsinə gəlib çatanda, onlar tükənirlər. Prosesin özü çox yorucudur. Bu səbəbdən 16-17 yaşlı yeniyetmələrdən böyüklər kimi davranmalarını gözləyə bilmərik”.

 

Sosioloq valideynlərin ixtisas seçiminə müdaxiləsinə birmənalı olaraq qarşıdır:

                                                                            

“Əgər təhsil mütəxəsisslərinin və ixtisas seçimi edən müəllimlərin yanına abituriyentlər deyil, valideynləri gəlirsə,  prosesdən keçəcək şəxslər ixtisas seçimi etməkdən imtina etməlidir. Abituriyentin gələcəyi, özü olmadan planlaşdırıla bilməz.

 

Bu halların mövcudluğu, ixtisasını sevməyən, inkişaf etməyi bacarmayan gənclər ordusu formalaşdırır. Demək olar ki, ölkəmizdə heç kim öz sahəsi üzrə işləmir. Müəllimlər hansısa şirkətdə, biznesi bitirənlər marketdə kassir, hüququ bitirənlər geyim dükanında satıcı.. və s.

 

Nəticə olaraq , abituriyentlər özlərinin marağı olmayan, amma valideynləri tərəfindən tələb olunan ixtisasları oxuduqda, bu kimi halların daim şahidi olacağıq. Tanıdığım bir çox mütəxəssis var ki, ixtisas seçimini nə valideyn, nə də abituriyent olmadan həyata keçirir. Bu zaman hər iki tərəfin fikirləri müzakirə olunur, ortaq məxrəcə gəlinir və sonda isə kodlaşdırma baş tutur”.