Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-30 12:24:15
Azərbaycan - Gürcüstan universiteti yaradılsın !“Müəllim yoxdur”   

İyunun 25-də Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycandilli Məktəblərin Müəllimlərinin 1- ci qurultayı keçirilib. Bu qurultay Gürcüstanın müstəqillik illərində reallaşan 1 - ci qurultaydır. 

 

Qurultayda Azərbaycandilli məktəblərin durumu, pedaqoji kadrların çatışmazlığı, dövlət dilinin tədrisinin keyfiyyətinin yaxşılaşdırılması, Azərbaycan dili saatlarının yenidən 5 saata qaldırılması və digər məsələlər müzakirə olunub. Təkliflər Gürcüstan, eyni zamanda Azərbaycan hökumətlərinə təqdim olunacaq.

 

Əslən Borçalıdan olan Soydaş İctimai Birliyinin İdarə Heyətinin sədri Kamran Ramazanlı AzEdu.az-a açıqlamasında qurultayla bağlı ətraflı məlumat verib:

 

“Sovet dövrü ilə indini müqayisə etdikdə görürük ki, Gürcüstanda Azərbaycandilli 206 məktəb var idisə, indi 116-sı qalıb. O dövrdə müəllimlərin sayı 8 mindən çox idisə, bu gün 3500-ə yaxın müəllim fəaliyyət göstərir. Şagirdlərin sayı 50 mindən çox idisə, bu gün o miqdar 26 minə enib. Və qalan müəllimlərin 80 faizə yaxını təqaüdçü və təqaüd yaşına yaxın olan müəllimlərdir. Eyni zamanda, onu da qeyd edim ki, 116 məktəb içərisində təxminən 40 məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən müəllimlər yoxdur. Bu fənni qeyri- ixtisas sahibləri tədris edirlər. Məktəblərdə kadr çatışmazlığı mövcuddur. Ümumiyyətlə bizim bölgə üçün məxsusi hüquqşunas və digər kadrların hazırlanmasını təmin etmək üçün Azərbaycan - Gürcüstan birgə universitetinin yaradılması zəruridir. Əgər bu universitet yaradılarsa, hazırda mövcud olan problemlər öz həllini tapacaq”.

 

Aucune description de photo disponible.

 K.Ramazanlı universitetin yaradılması ilə bərabər başqa bir təklif də irəli sürüb:

 

 “Məlumdur ki, Azərbaycanın da bu istiqamətdə universitet yaratması üçün təcrübəsi var. Düzdür, sözügedən universitetin yaradılması xeyli vaxt aparacaq. Problemin həlli ilə bağlı başqa bir təklif də mövcuddur. Sovetlər dönəmində Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnsitutunda bir fakültə kimi Azərbaycan bölməsi mövcud idi. Təəssüf ki, bu bölmə Gürcüstanın müstəqillik illərində bağlandı. Düşünürəm ki, universitet açılana qədər həmin fakültəni bərpa etmək məqsədəuyğun olardı”.

 

Sədr keçirilən qurultayda qaldırılan məsələlərdən də söz açıb:

 

“Keçirilən bu qurultayda Gürcüstanın Elm və Təhsil Nazirliyinin, Müəllimlər evinin və Milli İmtahan Mərkəzinin nümayəndəsi iştirak edib. Burada Azərbaycan dili ilə bağlı dərs saatının 5 saatdan 3 saata endirilməsi məsələsi müzakirə olundu. Qurultayda müəllimlər 3 saatın yenidən 5 saata qaldırılmasını təklif etdilər.

Bəzən belə suallarda ortaya çıxır ki, Azərbaycan höküməti müəyyən kvota ayırsın, Bakıda təhsil alan Borçalı türkləri Gürcüstana qayıtsınlar. Ümumumiyyətlə, bunu normal bir təklif kimi qəbul etmirəm. Çünki Azərbaycan və Gürcüstan təlim-tədris prosesində yer-göy qədər fərq var. Və Azərbaycanda təhsil alanlar Gürcüstana qayıdanda diplomları tanınmayacaq. Onlar gürcü dilini bilmirlər. Biz yerli kadr yetişdirmək istəyiriksə, onları Gürcüstan mühitindən ayırmamalıyıq. Onlar bu ölkənin həm ədəbi, həm də elmi mühitində formalaşıb, inteqrasiya etməldirlər. Onları Azərbaycanda  oxudub, Gürcüstana qaytarmağın heç bir effekti olmayacaq”.