Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-17 08:44:00
Blok imtahanından 50 bal toplayanların şansı varmı? - Açıqlandı  

Məlum olduğu kimi, dünəndən etibarən ixtisas seçiminə start verilib.

 

Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

 

İxtisas seçimində iştirak edəcək namizədlərin çoxu bal məhdudiyyətinin tətbiq olunmasından şikayətlənirlər. İddia edirlər ki, blok imtahanından 100 balı keçməyən, amma ümumi balı 200-300 olan bir çox abituriyent, balları çatan heç bir ixtisasa qəbul oluna bilmirlər.  Bir sözlə onların istəyi bal məhdudiyyətinin azaldılmasıdır.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, bal məhdudiyyətinin daha da aşağı düşməsini istəmələri absurd bir yanaşmadır:

 

“Nəzərə çatdırım ki, blok imtahanından 50 bal və 100 bal limiti var. 50 bal limiti 150 ballıq, 100 bal isə dövlət sifarişli ixtisasları seçə bilmək üçündür. Belə ki, imtahanın 2-ci mərhələsindən 50 bal toplayan abituriyentlər yalnız ödənişli ixtisasları seçə bilərlər, 100 bal toplayanlar isə həm ödənişli, həm də dövlət sifarişli yerləri müsabiqədə qeyd etmə imkanına sahibdirlər. Burada təbii ki, müvafiq olaraq blok imtahanından 400 baldan  50-60 bal toplayan abituriyent varsa, biz onu hansı əsasla ali təhsil müəssisələrinə ödənişsiz qəbul etməliyik? Yəni bu sadəcə olaraq absurd bir qərar olar”.

 

 Keçid ballarında bu il müəyyən qədər fərq yaranacaq" - Elçin Əfəndi

 

Ekspertin sözlərinə görə ali məktəblərə qəbul balları kifayət qədər endirilib:

“Təsəvvür edin ki, kimsə 400 ballıq sistemdən 60 bal toplayıb, dövlət sifarişi ilə oxuyur. Sözügedən blok imtahanından daha yüksək nəticəsi olan isə təhsil haqqı ödəməli olur. Yəqin ki, bu, düzgün olmazdı. Ümumiyyətlə, bu nüansların hamısı Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi və müvafiq digər qrumlar tərəfindən tənzimlənir. Düşünürəm ki, ballar kifayət qədər endirilib. 150 bal toplayan abituriyentlər belə ali təhsil müəssisələrinə qəbul oluna bilirlər”.