Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-31 16:52:41
İDDİA: “Bağçalarda 700-800 diplomsuz müəllim fəaliyyət göstərir”  

 Bir neçə il əvvəl bağçalar icra hakimiyyətlərinin tabeliyində idi. Daha sonra isə bu qurumun nəzdindən çıxarılıb, Elm və Təhsil Nazirliyinə həvalə edildi.

 

Buna zəmin yaradan amillər nələr idi? Bağçalar nazirliyin tabeliyinə verildikdən sonra hansı dəyişikliklər özünü göstərdi?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva danışdı. Mütəxəssis icra hakimiyyətinin tabeliyində olduğu dövrdə bağçaların hansı problemlərinin olduğuna diqqət çəkdi:

 

 

“Bağçalar təxminən 10 il icra hakimiyyətlərinin tabeliyində oldu. Daha sonra isə Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. İcra hakimiyyətlərinin dövründə texniki məsələlərlə bağlı xeyli iş gördülər.

 

 

Bağçaların təmiri, uşaqlara verilən yeməklərin keyfiyyəti və digər texniki məsələlərə çox önəm verildi. Lakin bu dövrdə metodiki dəstək məsələsi kənarda qaldı. Bu da daha çox Elm və Təhsil Nazirliyinə aid olan bir məsələ idi. 

 

 

Bağçalarda sözügedən məsələnin təşkil olunması üçün lazımi komanda olmalı idi. Bu işi həyata keçirəcək komanda icra hakimiyyətlərində olmadığı üçün də məktəbəqədər təhsil müəssisələrində metodika, təhsil məsələləri bir qədər kənarda qalmışdı”.

 

 

X.Musayeva problemlərdən danışarkən, bağça müəllimlərinin işə qəbul məsələsinə də toxundu:

 

 

“Digər bir məsələ isə işə qəbulla bağlı idi. Bildiyiniz kimi, kütləvi şəkildə qeyri-ixtisas sahiblərinin işə qəbulu başladı. 5800, yəni 51 faiz  işçinin qeyri-pedaqoji ixtisaslı şəxslər olduğu üzə çıxdı. Bu ondan əvvəlki dövrdə də baş vermişdi. Ancaq bu işçi çatışmazlığından ortaya çıxmışdı. Son 10 ildə isə kütləvi şəkildə müşahidə olunmağa başladı və bu da məsələni daha böyük miqyasda problemə çevirdi”.

 

 

Müsahibimiz qeyd edib ki, digər bir məsələ uşaqların bağçalara qeydiyyatı ilə əlaqəlidir:

 

 

“Daha sonra bağçaya qəbul məsələsində problemlər yaranmağa başlamışdı. Ancaq ETN təxminən 1 il yarım müddətindən artıqdır ki, müəllimlərin işə qəbulu və uşaqların elektron qəbulu sistemini yaratdı. Bütün bağçaların bir menyu əsasında təmin edilməsi məsələsi qaydasına salındı. Mərkəzdən qidalanmanın paylanması, qidalanmanın tənzimlənməsi və s. problemlərin həllinə nail oldu”.

 

Ekspertin sözlərinə görə bağçada qeyri-pedaqoji ixtisaslı şəxslərin işləməsi onların fəaliyyətini geriyə salır:

 

Hər kəs öz ixtisasının peşəkarı olur. Nəinki qeyri-pedaqoji ixtisaslı, eyni zamanda 700-800 nəfər diplomsuz fəaliyyət göstərir. Azərbaycanda bağça çatışmazlığı var. Təxminən 1670 məktəbəqədər təhsil müəssisəsi var. Ancaq bu qədər olmağına baxmayaraq, cəmi 16-30 faiz uşağı əhatə edir. Nazirlik bir çox layihələrlə bu sayı qaldırmağa çalışır. İcma əsaslı məktəbəqədər təhsil qruplarının açılması, məktəbəhazırlıq qruplarının açılması bu məqsədlərə xidmət edir. Bu xidmətlər ayrılıqda uşaqların məktəbəqədər təhsilə həvəsini və hazırlığını təmin edir. Əvvəllər valideynləri danışdırdıqda görürdük ki, onlar bağçaları bir saxlanc yeri olaraq görürlər. Hazırki vəziyyətdə isə ciddi bir təhsil müəssisəsi mahiyyəti daşıyır”.