Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-01 17:43:04
Alim sərt danışdı: “Bəzi telejurnalistlər dilimizi məhv edir”  

 

“Bu gün Azərbaycanda bəzi telejurnalistlər dilimizi məhv edir”.

 

Bunları AzEdu.az-a açıqlamasında ADU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev deyib:

 

O qeyd edib ki, bu gün ana dilimizi qoruya bilmirik:

 

“Dil bir millətin varlığı üçün onun ölkəsindən, mədəniyyətindən, inamından da artıqdır. Dəfələrlə qəzetlərdə məqalələrlə çıxış etmişəm. Onlar xarici sözləri də, öz sözlərimizi nə cür gəldi işlədirlər. Bəzən bir çox türk sözlərindən istifadə edirlər. Mən özüm də başımdan dırnağıma qədər türkəm. Türk dövlətlərinin vahid bir dilə keçməsi yaxşıdır. Türk qardaşımızın sözləri ümumtürk dili yaranması üçün lazımdır. Məşhur türk alimi Murad Adcı demişdi ki, əgər gələcəkdə ortaq türk dili yaransa, 90 faiz o azərbaycan dili materiallarına əsaslanmalıdır. Çünki bizim dilimizdə oğuzların da, səlcuqların da materialları var.

 

Yenə türk qardaşlarımızın sözüdür, qəbul edirik, bəs digər sözlər niyə işlədilir? “Parklamaq” sözü əvəzinə “maşın saxlamaq” istifadə oluna bilməzmi? Xarici dillərdən isimi almaq olar, amma feli almaq olmaz. Fellər dildən dilə keçmir.

 

Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) bəzi institutların yarısını bağladılar. Çox yaxşı etdilər. Akademiyanın heç bir institutu bir ali məktəbin kafedrası ilə müqayisə oluna bilməz. Çünki kafedrada özünə yer tapa bilməyənlər gedib akademiyada işləyirlər. Bu vaxta qədər hələ bir dəfə o Komissiyanın üzvləri bir araya yığılıb müzakirə etməyiblər”.

 

“Bəs, dilimizi kim qoruyacaq?” sualına gəlincə, dilçi alim qeyd edib:

 

“Hər biri 300-500 səhifə olmaqla 17 cildlik məqalələr dərc etmişəm. Burada professor, elmlər doktoru dilimizin qorunması haqqında məqalə yazır, amma bunlara dəyər verən yoxdur. İndi bir müğənni bir söz desəydi, onu daha yaxşı müdafiə edərdilər.

 

Necə ki, bir müğənni Nəsimini təhqir edir, onu müdafiə edirlər. Amma Nəsimi bir janrdır, onu, dilimizi təhqir etmək olmaz. Biz indi ana dilimizi qorumuruq. Necə ki, keçmişdə hər kəs rus dilində danışırdı, bütün ərizələr rus dilində yazılırdı, azərbaycanca yazılanda geri qaytarılırdı, azərbaycanca danışana “çuşka” deyilirdi, indi də avropa və türk sözləri dilimizə daxil olur”. 

 

Qeyd edək ki, avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.