Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-12 17:34:39
Niyə abituriyent esse yaza bilmir? - Fikirlər haçalandı  

 

 

 Elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin ötən gün keçirilən sentyabr konfransında dil fənni ilə bağlı problemlərə toxunub. Nazir qeyd edib ki, bu sahədə problemlərimiz ciddidir. Onun sözlərinə görə, dillə bağlı səriştələri öyrətməliyik:

 

“Bu sahədə səriştəsi olan şəxs yazıb danışmalıdır. Dil qaydaları və üslub bunun tərkib hissəsidir.

 

Sertifikatlaşdırma üçün suallar hazırlananda gördüm ki, bizim fənn mütəxəssisimiz belə bundan uzaqdır. Xahiş edirdim ki, belə suallar salmayaq. Özümüzü bir çərçivəyə salmışıq və ordan çıxa bilmirik”.

 

Nazir diqqətə çatdırıb ki, bu fənn üzrə şagirdlər oxuyub-anlama, dinləmə və digər bacarıqlara malik olmalıdır:

 

“Azərbaycan dilindən imtahanda maksimum nəticə göstərən abituriyent bir səhifəlik esse yaza bilmir”.

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu problemin əsas qaynağının ilk növbədə dərsliklərdə, daha sonra isə tədris prosesinin keyfiyyətində gördüyünü bildirib:

 

“Müəyyən mənada test üsulunun tətbiqinin də rolu var. Şagird əzbərçi biliyə öyrəşir. Bədii ədəbiyyat az oxunduğu və ya ümumiyyətlə, oxunmadığı üçün anlama, bədilik, Azərbaycan dilində söz balansı, özünü ifadəetmə olduqca zəif inkişaf edir.

 

Nəvələrimin dərsliklərində şəxsən şahidi olmuşam ki, II, III siniflərə yaşlarına baxmayaraq, qəliz mövzular keçilir. Onların qavrama qabiliyyəti nəzərə alınmır”.

 

Filologiya elmləri doktoru, Azərbaycan Dillər Universitetinin professoru Adil Babayev deyir ki, bizdə başqa dildən sözlər götürməyi, nitqi qəlizləşdirməyi savadlılıq əlaməti kimi qəbul edirlər:

 

 

“Xalqımızın bəzi nümayəndələri dilimizin incəliklərini bilmədikləri və “dil fərdi psixoloji aktdır” problemini unutduqları üçün ana dilini bəzən ikinci plana çəkir, 1-2 yaşından uşaqlarını qeyri-dildə danışdırırlar. Onlar unudurlar ki, uşağın psixolinqvistik mexanizmi 12 yaşadək formalaşır.

 

Məhz bu dövrdən sonra uşaqlar qeyri-dili yaxşı mənimsəyə bilərlər. Ana dili bazası möhkəm olan insanlar poliqlot olurlar. Macar poliqlotu Kota Lomb deyirdi: “Mən 37 dildə sərbəst danışıram. Bu dillərin hamısını doğma macar dili bazasında öyrənmişəm”. Bu problemi dünyanın bütün psixoloqları və linqvistləri təsdiq edirlər.

 

Bizdə isə başqa dildən sözlər götürməyi, nitqi qəlizləşdirməyi savadlılıq əlaməti kimi qəbul edirlər. Bu problem Prezident İlham Əliyevi də düşündürür. O, hələ 2012-ci ilin aprelində respublikanın şimal-qərb bölgəsinə səfəri zamanı Ağstafa şəhərindəki “Yazıçılar evi”ndə bölgə ziyalıları ilə görüşündə mənəviyyat və dil məsələlərinə toxunaraq demişdi:

 

“Biz dilimizi qorumalıyıq. Kim bunu qorumalıdır? İlk növbədə, ziyalılar, ədiblər, şairlər, eyni zamanda, nüfuzlu insanlar, söz sahibləri, bizim televiziya kanalları. Mən də baxıram bizim kanallara. Başqa qüsurlarla yanaşı, bax bu, məni çox incidir. Bizim dilimizə aid olmayan kəlmələr işlədilir. Nə üçün?! Axı bizim eyni məna daşıyan bir neçə kəlməmiz vardır.

 

Sən Azərbaycan sözündən istifadə et. Başqa dili bilmək lazımdır. Hesab edirəm ki, bizim vətəndaşlarımız nə qədər çox dil bilsə, o qədər də yaxşıdır. Xüsusilə gənclərimiz. Həm rus dilini, ingilis dilini, həm türk dilini bilməlidirlər. Ancaq biz dilimizi qorumalıyıq. Ona görə ki, bu, çox ciddi məsələdir”.