Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-01 09:31:00
Professor: “Bu gün universitet təhsili elə də vacib deyil” – Tərs köşə  

 

“Made in Azerbaijan” kontekstində Azərbaycan təhsili də olacaq”.

 

Bunu AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib. Onun sözlərinə görə, universitetlərdə əsas məqsəd ixtisas öyrənməkdir, dil yox. Bəs niyə son vaxtlar universitetlərin reklamlarında “biz xarici dildə tədris edirik” şüarı istifadə olunur:

 

“Professorun ən əsas məqsədi nədir? Xarici dildə, yoxsa ana dilində izah etmək? Mirzə Fətəli Axundzadə, Abdurrəhim bəy Haqverdiyev, Yusif bəy Çəmənzəminli, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov getdilər xaricdə oxudular gəldilər, Azərbaycan dilinin, maarifinin, elminin inkişafı üçün fəaliyyət göstərdilər.

 

Bu gün xaricdə təhsil alıb gəlib yenidən ingilis dilində tədris etməyin nə mənası var? İndi “Google”laşma problemi də var. Tələbə gedir “Google”dan bir məlumat oxuyur, professora deyir ki, bu, belə deyil, elədir. Başa düşə bilmirəm, bu nə deməkdir? Gəlin, Azərbaycan övladlarına Azərbaycan dilində dərs deyin, Azərbaycan dilində kitab, məqalə yazın, dilimizin inkişafına, zənginləşməsinə xidmət edək.

 

Biz xəstələnəndə həkimə gedəndə bizi onun ingilis dili bilməsi yox, savadı maraqlandırır. İndi deyirlər ki, filankəs ingilis dili bilir. Bəs bu insanın ingilis dilini bilməklə yanaşı, savadı da varmı? Bu sualı niyə vermirlər? Bu gün universitetlər genişlənir, orada bütün ixtisaslar toplanır. Artıq həkim sadəcə həkimliyi bilməli deyil, o həm də texnologiyanı bilməlidir, çıxan qan analizlərini oxumağı bacarmalıdır. Marketoloq sadəcə bazarı araşdırmalı deyil, həm də analizlərə baxmalıdır. Bütün bunlar tədqiqata əsaslanılmalıdır. Yalnız müzakirə etməklə inkişafa nail olmaq olar.

 

Öncə, statistik məlumatlarla təhsilin keyfiyyətini müzakirə etməliyik. Təhsil deyəndə nəyi nəzərdə tuturuq? Prosesin iştirakçıları: təhsil alan – yəni tələbə, təhsil verən – universitet, müəllim heyəti,  sifarişçi - dövlət büdcədən pul ödəyir, valideyn – övladının təhsili üçün ödəniş edir. Bunlar nə istəyir? Biz burada müzakirə aparmalıyıq ki, təhsil alan, təhsil verən və sifarişçi hər biri razıdırmı? Bunların hər biri tədqiqata əsaslanır və mən bu araşdırmanı etmişəm. Amerika, Avropa, hətta Türkiyədə hər bir mövzu öncədən elmi tədqiqata əsaslanır.

 

Ali təhsil müəssisələrində hər şey müzakirə edilir, amma öz problemləri haqqında nadir hallarda konfranslar təşkil olunur. Ali təhsil müəssisələri ilk növbədə təhsil prosesinin problemlərini müzakirə edib çıxış yolları taplmalıdırlar. Elə etmək lazımdır ki, xaricdə təhsil almağa gedən azərbaycanlı tələbə təhsilini bitirdikdən sonra yenidən Azərbaycanı seçsin. Bu gün Türkiyə bu məsələdə öndədir. Əvvəllər türklər gedirdilər Avropaya, İngiltərəyə, bu gün isə öz ölkələrində qalırlar. 80 milyonluq Türkiyənin böyük bir qismi artıq öz ölkəsində təhsil almağı seçir. Biz elə etməliyik ki, insanlar xarici ölkələrdə təhsilə pul xərcləməsin.

 

Onu da deyim ki, bu gün universitet təhsili elə də vacib deyil. Ali təhsilin insanın inkişafına 10 faiz təsiri var, əsas məsələ mühitdir. Məni narahat edən odur ki, biz niyə xaricdə fəaliyyət göstərən alimlərlə, tələbələrlə fəxr edirik? Niyə özümüzlə etmirik? Necə ki, öz meyvəmizlə fəxr edirik, bazara gedəndə öz məhsulumuzu istəyirik. Ümid edirəm ki, bir gün biz o sözü təhsilimiz üçün də deyə biləcəyik ki, filankəs Azərbaycanda təhsil alıb, Azərbaycanda diplom alıb”.