Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-31 09:55:59
17 xarici universitetə qəbul olundu: müəllim olmaq istəyir  

 

 Ötən günlərdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının builki məzunu Cavid İsayevin 9 ölkənin 17 universitetindəki, 16 proqrama qəbul olunub, bir neçə təqaüd qazandığı xəbəri hər birimizi sevindirdi.

 

O, BANM-in məzunu ABŞ-nin Corciya Texnologiya İnstitutu, Böyük Britaniyanın London İmperial Kolleci, Mançester Universiteti, Finlandiyanın Aalto Universiteti, Oulu Universiteti, Lappeenranta Texnologiya Universiteti, Belçikanın Gent Universiteti, İsveçin KTH Kral Texnologiya İnstitutu, Fransanın Bordo Universiteti, Troyes Texnologiya Universiteti, Almaniyanın Darmştadt Texniki Universiteti, İtaliyanın Roma Sapienza Universiteti, Padua Universiteti, Bolonya Universiteti, Bari Aldo Moro Universiteti, Polşanın Yagellon Universiteti, Krakov Texnologiya Universitetindən müsbət cavab alıb.

 

Məlumat üçün bildirək ki, Cavid İsayev, bu il Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasından məzun olmub. 2018-ci ildə Zərdab rayonu İsaqbağı kənd tam orta məktəbini fərqlənmə ilə bitirib və 672 balla bu ixtisasa qəbul olunub.

 

 

Cavid İsayevi yaxından tanımaq üçün onunla həmsöhbət olduq.

 

AzEdu.az Cavidlə müsahibəni təqdim edir:

 

 

 

-Cavid bəy, Kimya mühəndisliyini seçməkdə əsas məqsədiniz nə idi?

 

-Bu ixtisas uşaqlıq arzum olub deyə bilmərəm, ancaq Bakı Ali Neft məktəbində oxumaq istədiyimi dəqiq bilirdim. İxtisas seçiminə gəldikdə, məktəbdə oxuyarkən Kimya fənninə böyük marağım var idi və laboratoriyalarda işləyib, müxtəlif maddələri bir araya gətirib yenilərini almağı həmişə xəyal edirdim. Nəticə olaraq bu ixtisası seçmək qərarına gəldim.

 No description available.

-Bildiyim qədərilə tələbə olduğunuz müddətdə sosial fəaliyyətləriniz olduqca geniş olub...

 

-Bəli, məktəb illərimdəki fəaliyyətimin davamı olaraq universitetdə də çalışmışam ki, daim sosial aktivliyimi saxlayım. Öncə onu qeyd edim ki, BANM Yeni Klubda sədr, BANM Psixologiya Klubunda sədr müavini olaraq, UEFA, “Formula 1” kimi beynəlxalq yarışlarda könüllü olaraq, fəaliyyət göstərmişəm. Kapitanı olduğum "Həkəri" komandası Bakıda keçirilən “Teknofest” yarışında iki fərqli müsabiqədə 3-cü yeri qazanıb. Avropa Yer Elmləri və Mühəndisləri Assosiasiyası (EAGE) və Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin keçirdiyi XXV Yubiley Beynəlxalq Tələbələrin və Gənc Tədqiqatçıların Konfransında 1-ci yerin, Hyuston Universiteti, Marietta Kolleci və “PioPetro”nun təşkilatçılığı ilə keçirilmiş “Yer, Enerji və Ətraf Mühit (E3) Tələbə Konfransında və Texniki Təqdimatlar müsabiqəsi”də 2-ci yerin qalibi olmuşam. Həmçinin Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunmuş I Rəqəmsal İdeya müsabiqəsində kapitanı olduğum “Xudayar” komandası 1-ci yeri tutub. Həmçinin Kimya mühəndisliyi üzrə “AzerGold” Tələbə təqaüdünün qaliblərindən biriyəm və NASA İnsan Kəşfiyyatı Rover müsabiqəsində 2 il ardıcıl Azərbaycanı təmsil etmək hüququ qazanan BANM komandasının üzvü olmuşam.

 

-Xaricdə təhsil üçün müraciət etdikdə hədəfiniz tam olaraq nə idi?

 

-Universitetdə təhsil aldıqca ətraf mühit problemləri ilə maraqlanmağa başladım. Əslində bütün elmi tədqiqat və layihələrim də məhz bu problemlərin həllinə yönəlmiş üsullar haqqında idi. Əsas maraq sahələrim alternativ enerji, təkrar emal, tullantıların təmizlənməsi olub. Oxuduğum ixtisasın bu sahələrlə əlaqəsi olsa da, ideyalarımı həyata keçirmək üçün daha çox texniki bilik və bacarığa ehtiyacım var. Xaricdə, xüsusilə Avropada bu sahələr üzrə keyfiyyətli təhsil verən müəssisələr olduğu üçün xaricdə təhsilimi davam etdirəcəm.

 

-Hansı universitetdə, hansı istiqamət üzrə təhsil alacağınıza qərar vermisiniz?

 

-Bəli, Avropa Birliyinin təqdim etdiyi “Erasmus Mundus” təqaüdü ilə Fransanın Bordo Universiteti və Almaniyanın Darmştadt Texniki Universitetinin AMIR (Qabaqcıl materiallar: Yenilikçi təkrar emal) birgə proqramı ilə təhsil alacam.

 

-Təhsil aldığınız müddətdə orada yaxşı iş imkanları yaranarsa, qalmağı düşünürsünüz?

 

-Uzunmüddətli planım Azərbaycana qayıdıb, burda fəaliyyət göstərməkdir. Ancaq Azərbaycanda qeyd etdiyim səhələr yeni-yeni inkişaf etdiyinə görə magistr təhsilimdən sonrakı bir neçə ili orada işləyib, təcrübə yığmaq istəyirəm. Bu yolla qayıtdıqda ölkəmə daha çox fayda verəcəyimi düşünürəm.

 No description available.

-Təhsilinizi başa vurduqdan sonra ölkəmizlə bağlı hansı planlarınız var?

 

-Ən əsası müxtəlif beynəlxalq qrantlar qazanıb, ölkəmizdəki ətraf mühit problemlərinin həllinə yönəlmiş layihələr həyata keçirmək hədəfləyirəm. Təhsil alacağım proqram çərçivəsində biznes və sahibkarlıq dərsləri də alacam. Azərbaycana qayıtdıqdan sonra daha çox idarə və müəssisənin ətraf mühitə ziyan vurmayacaq bir şəkildə fəaliyyət göstərməsinə kömək olmaq üçün konsaltinq şirkəti yaratmaq istərdim.

 

Həmçinin, Azərbaycandakı bir çox universitetlərə bu sahə üzrə ixtisaslar açılmağa başlayıb və düşünürəm ki, yaxın gələcəkdə bu fənləri tədris edəcək müəllimlərə ehtiyac olacaq. Öyrənmək kimi bildiklərimi öyrətməyi də sevdiyim üçün xaricdə ixtisaslaşdıqdan sonra bu sahəni Azərbaycanda tədris etmək və daha çox mühəndis, alimin yetişməsinə dəstək olmaq istəyirəm.

 

-Təhsilinizdə, fəaliyyətinizdə ən böyük dəstəkçiniz kim və ya nə olub?

 

-Ən başda ailəm hər bir addımımda yanımda olub və mənə hər növ dəstək göstərmək üçün əlindən gələni edib. İkinci orta məktəb və universitet müəllimlərim. Bakı Ali Neft Məktəbində tələbələrin özünü hər tərəfli inkişaf etdirməsi üçün hər cür şərait var və ən əsası BANM ailəsinin hər bir üzvnün, xüsusilə rektorumuzun dəstəyini hər zaman hiss etmişəm. Ən böyük dəstəkçilərimdən biri də dostlarımdır, düşünürəm ki, səninlə eyni məqsədləri paylaşan dostlarının ətrafında olması çox vacibdir.

 

-Son olaraq həmyaşıdlarınıza hansı tövsiyələri vermək istərdiniz?

 

- Demək istərdim ki, universitet illərini dolu-dolu keçirsinlər və həmin 4-5 ildə çox çalışsınlar. Tövsiyə edərdim ki, şans axtarmaq və gəlməsini gözləməkdənsə, özləri üçün yeni şansları elə özləri yaratsınlar.  Sonda isə, xarici dilləri, xüsusilə ingilis dilini mütləq öyrənsinlər. Bu onlara çoxlu yeni qapılar açacaq.