Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-21 13:28:58
Prezident Şuşada jurnalistlərlə görüşəcək - YENİLƏNİB


İyulun 22-23-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci il dönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Media Forumu keçiriləcək.

 

 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Şuşada Forumun iştirakçıları ilə görüşəcək.

 

 

Tədbirə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılacaq. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edəcək.

 

 

Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edəcəklər.

 

Forum çərçivəsində Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü də irəli sürüləcək.

 

Qeyd edək ki, bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayır.

 

***

10:22

İyulun 22-də Şuşa şəhərində Qlobal Media Forumu keçiriləcək.

 

Modern.az xəbər verir ki, Forumun mövzusu “IV Sənaye İnqilabı dövründə Yeni Media” olacaq.

 

Tədbirə 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, eləcədə də 250-dən çox qonaq qatılacaq.

 

Açılış mərasimindən sonra forum sessiyalarla davam edəcək. Sessiyalarda medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılacaq.

 

İyulun 23-ü axşama qədər davam edəcək forum çərçivəsində, eyni zamanda, bəzi “side event”lərin (paralel tədbirlərin) - sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.