Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 15:19:45
Kişi müəllimlər niyə qəhətə çəkilib? - Səbəb, nəticə və çıxış yolu...

Şahlar Əsgərov: “Kişi müəllimlərin azlığı oğlan uşaqlarının qadın xislətli olmasına gətirib çıxarır”

 

 

“Finlandiyada bağça müdirləri belə çox vaxt kişi olur. Yəqin ki, ölkəmizdə bağça müdirlərinin 90 faizdən çoxu qadınlardır. Məktəbdə isə təxmini olaraq bu statistika 80 faizdir”

 

 

Hazırda Azərbaycanın ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin əksər hissəsini qadınların təşkil edir. Direktor vəzifəsində çalışan qadınların da sayı az deyil. Doğrudur, bu məsələ zaman-zaman medianın gündəminə daşınır, mövzu ətrafında müzakirələr aprılır. Amma hələki məsələyə əncam çəkilmir.

 

Maraqlıdır, görəsən, məktəblərdə kişi müəllimlərin qəhətə çəkilməsinin səbəbi nədir və bu vəziyyətin mənfi təsirləri nədən ibarətdir?

 

 

AzEdu.az –ın suallarını cavablandıran əməkdar elm xadimi, professor Şahlar Əsgərov qeyd edib ki, bu məsələ 30 il bundan qabaq professor Əbdül Əlizadəni də narahat edirdi:

 


“Həmin insan dünyasını dəyişib, amma problem hələ də qalmaqdadır. O deyirdi ki, kişi müəllimlərin azalması ilə məktəblərdə xüsusi ilə oğlan uşaqlarının qadın xislətli olmasına gətirib çıxarır. Bunun göstəriciləri olaraq misal çəkirdi ki, ətrafında ancaq qadın müəllim olan oğlan şagirdlər ətir vuracaq, saçına və geyiminə baxacaq, qeybət edəcək və bununla kişi xüsusiyyətləri qadın xüsusiyyətləri ilə əvəz olunacaq.

 

 

Lakin cəmiyyət buna ötəri yanaşır, kişi müəllimlərin azalmasını o qədər də problem etmir. Əlbəttə, mən də zaman-zaman bu problemə diqqət yetirmişəm. Hətta aldığım bir informasiya da var idi ki, Finlandiyada bağça müdirləri belə çox vaxt kişi olur. Yəqin ki, ölkəmizdə bağça müdirlərinin 90 faizdən çoxu qadınlardır. Məktəbdə isə təxmini olaraq bu statistika 80 faizdir. Hətta bizdə elə məktəblər var ki, idman müəllimləri belə qadındır. Bu çox təəssüfləndirici haldır. Bu hal cəmiyyətin deformasiyasına gətirib çıxaracaq.

 

 


Ş.Əsgərov kişilərin müəllimliyə cəlb olunması üçün atılmalı olan addımlara da diqqət çəkib:

 

 

“Əslinə qalsa, kişilərin müəllimliyə cəlb olunması mümkündür. Lakin indiki dövrdə hər şey madiyyatla ölçülür. Bir halda ki, kişi müəllimləri məktəblərdə çoxalması istənilirsə, onda kişilərin maaşı onları təmin edə biləcək miqdarda olmalıdır. Keçmişdə, müharibədən sonrakı Azərbaycanda kənd yerlərində ən yaxşı qazananlar müəllimlər idi. Çünki onlar həm müəllimlik edir, həm də təsərrüfatla məşğul olurdular. Və o zamanlarda müəllimin övladı da müəllim olurdu. Statistika belə göstərir ki, müəllimliyə maraq artıb. Lakin bəzi insanlar peşəsiz qalmaq istəmirlər. Asanlıqla iş tapa bilsinlər deyə müəllimlik peşəsini seçirlər. Düşünürlər ki, başqa sahələr üzrə təhsil alsalar nəyin ki, az maaş heç bir qazancları olmayacaq”.