Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-29 13:10:00
“Qiymətləndirmə və  ev tapşırıqları aradan qalxmalıdır” – Ekspertdən sərt etiraz

“Şagirdlərimizi yarış atları kimi rəqabətə cəlb etməməliyik”

“İngilis dilindən “4”-“5” alan şagird ingiliscə ardıcıl 3 kəlmə danışa bilmir. Necə edək, imtahanda uğurlu, real həyatda isə uğursuzdur deyək?!”

Bu sözləri AzEdu.az-a açıqlamasında təlimçi müəllim, kurikulum üzrə mütəxəssis Bəhmən Məmmədov deyib. O, məktəblərdəki qiymətləndirmə sistemi, onlara edilən dəyişikliklərlə bağlı danışarkən, şagirdlərə verilən formal, yaradıcılıqdan kənar tapşırıqlara da toxunub. Bildirib ki, qiymətləndirmə formaları dərsləri xeyli dəyərsizləşdirir:

“Onun digər mənfi cəhəti isə rəqabəti artırmasıdır. Şagirdlərimizi yarış atları kimi rəqabətə cəlb etməməliyik. Çoxları düşünür ki, rəqabət motivasiyanı artırır. Amma onlar şagird psixologiyasına vurulan qalıcı zərərin fərqinə varmırlar. Rəqabət eyni zamanda şagirdlər arasındakı dostluq münasibətlərinin zəifləməsinə səbəb olur. Xüsusi problemləri olan şagirdləri ümumi imtahana cəlb etməklə onlara “uğursuzdur, zəifdir” möhürünü vururuq”.

“Öyrənmənin sonunda qiymətləndirmə varsa, o, mütləq qısamüddətli olacaq”

O, öyrədilənlərin bir müddət sonra unudulmasının səbəbini də xatırladıb:

“Nəinki pedaqoqlar, heç psixoloqlar da ibtidai sinif şagirdlərinin, xüsusilə də birincilərin qiymətləndirilməsini dəstəkləmirlər. Şagird olduğumuz günləri xatırlayaq: İmtahana bir gün qalmış hazırlaşmağa başlayırdıq.  Öyrəndiklərimiz yeni olduğu üçün imtahanda onları xatırlayır, bir gün sonra isə bütün bildiklərimizin uçub getdiyini görürdük. Çünki öyrənmək üçün deyil, imtahandan keçmək üçün oxuyurduq. Ümumiyyətlə, əgər öyrənmənin sonunda qiymətləndirmə varsa, o, mütləq qısamüddətli olacaq”.

Müəllimin sözlərinə görə, qiymətləndirmə anadangəlmə özümüzlə gətirdiyimiz öyrənmə marağına da mənfi təsir göstərir. Bir müddət sonra məqsəd sadəcə imtahandan kəsilməmək olur:

“Ümumiyyətlə, qiymətləndirmənin uğur və müvəffəqiyyəti ölçüb-ölçmədiyini də müzakirə etmək lazımdır. İngilis dilindən “4”-“5” alan şagird ingiliscə ardıcıl 3 kəlmə danışa bilmir. Necə edək, imtahanda uğurlu, real həyatda isə uğursuzdur deyək?!”

Üstəlik qiymətləndirmənin bütün sinif yoldaşlarının yanında elan edilməsinin həmin şagirdin psixologiyasına necə təsir etdiyini də düşünməliyik”.

Azyaşlı uşaqlara ev tapşırığı vermək “gölə qatıq çalmağa” bənzəyir. Yüz ildir ki, “bəlkə tutdu”-deyə çalmağa davam edirik, amma tutmur...

Ekspert  təklif edir ki, bunun  əvəzinə, formativ qiymətləndirmə tipli dəyərləndirmə yazılsın və bu, VII sinfə kimi davam etsin. Çünki bu yaş dövrünə kimi şagirdlərə məsuliyyət, birlik şüarı mənimsədilməlidir:

“Qiymət sistemi şagirdin yaradıcılığına da mənfi təsir göstərir. Hətta ibtidai siniflərdə ev tapşırığı da olmamalıdır. Çalışmalıyıq ki, şagirdin öyrəndiyi məktəblə məhdudlaşdırılsın. Ümumiyyətlə, ibtidai siniflərdə ev tapşırığının heç bir faydası yoxdur. Onu yerinə yetirmək dərsi öyrənməyə kömək etmir, yalnız uşaqları bezdirir. Şagird də, valideyni də boş yerə əziyyət çəkirlər.

Bəzən isə sırf ev tapşırığı olsun, adət öz yerini tapsın deyə evə tapşırıq verilir. Şagirdin uşaqlıq illərini oğurlamaq olmaz!

Azyaşlı uşaqlara ev tapşırığı vermək “gölə qatıq çalmağa” bənzəyir. Yüz ildir ki, “bəlkə tutdu”-deyə çalmağa davam edirik, amma tutmur. Bunlar sadəcə, əyləncəli olan,  araşdırma, düşüncə və yaradıcılığı artıran cüzi fəaliyyətlərdən ibarət ola bilər.

Valideynlər də evdə uşaqlarına təzyiq edirlər. İverin, uşaqlarınız idman etsin, qaçsın, tullansın, oynasın... Saatlarla onunla söhbət edin, musiqiyə qulaq asın, birlikdə parka gedin, film izləyin və s”.

Müəllim sonda qeyd edib ki, ev tapşırığı əsasən məktəb və müəllimin özünə güvənsizliyindən qaynaqlanır. Dərsləri mükəmməl keçsəydik, ev tapşırığına ehtiyac qalmazdı. Verilən tapşırıqların yoxlanıb-yoxlanmaması isə ayrı məsələdir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları