Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 09:20:00
Azərbaycan dili imtahanında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 7-də ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

 

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanuna əsasən, Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan verəcəklər.

 

İmtahanda iştirak edəcək abituriyentləri bir neçə sual maraqlandırır: “İmtahan nəticələri necə qiymətləndirilir?”; “Keçən il bu imtahanı vermişəmsə, yenə iştirak etməliyəm?”  və s.

 

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanından “məqbul” ala bilməyən abituriyentlər ali təhsil müəssisələrinə qəbul üçün keçirilən müsabiqəyə buraxılmırlar.

 

“İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları isə imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır”,- deyə DİM-dən qeyd olunub. 

 

Bildirilib ki, Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2022-ci ildə həmin imtahandan “məqbul” alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.