Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-27 17:12:00
Kimlər marker müəllim ola bilər?- Tələblər, əməkhaqları... EKSKLÜZİV

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə Müəllimlərin XVI qurultayındakı çıxışı zamanı DİM-də imtahan nəticələrinin yoxlanılması prosesində iştirak etmək üçün marker müəllimlərə ehtiyac duyulduğu barədə  ictimaiyyətə məlumat verib.

 

Kimlər marker müəllim ola bilər? Marker müəllim hansı keyfiyyətlərə malik olmalıdır?

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a məlumat verilib.

 

Yazı işlərinin yoxlanılması prosesi: markerlərin seçimi və fəaliyyəti barədə bildirilib: “Hazırda Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi müxtəlif imtahanlarda (IX və XI sinif səviyyələri üzrə buraxılış, ali təhsil müəssisələrinə qəbul, dövlət dili və s.) şagirdlərin və abituriyentlərin bacarıqlarını daha geniş spektrdə və dərindən ölçə bilmək məqsədilə yazılı formada cavablandırılması tələb olunan tapşırıqlardan istifadə edilir. 2013-cü ildən başlayaraq yazı işlərinin yoxlanılması prosesinin həyata keçirilməsi məqsədilə DİM-də (əvvəllər TQDK) mərkəzin əməkdaşları tərəfindən tam texnoloji dövrü əhatə edən qiymətləndirmə sistemi işlənib hazırlanıb. Ötən 10 il ərzində bu sistem effektiv təkmilləşdirmələr ilə olduqca etibarlı, çevik və nəzarət edilə bilən işlək mexanizmə çevrilib. Bu sistemdə indiyədək 24,7 milyondan çox yazı işinin qiymətləndirilməsi üçün 54 milyondan çox, yalnız 2023-cü ildə isə 5,7 milyondan çox yazı işinin qiymətləndirilməsi üçün 12,5 milyonadək yoxlama prosesi həyata keçirilib”.

 

DİM-dən yoxlama prosesinə nəzarət və markerlərin fəaliyyətinin təhlili barədə məlumatda qeyd olunub ki, sistemdə həm real vaxtda yoxlama prosesi davam edərkən, həm də yoxlama prosesi başa çatdıqdan sonra audit prosesi (yoxlama prosesinə nəzarət və markerlərin fəaliyyətinin təhlili) həyata keçirilir: “Belə ki, yoxlama davam etdiyi vaxtda markerin qiymət fərqi yaranmış işləri araşdırılır, səhv etdiyi iş şəxsi kabinetinə göndərilərək ona səhvi izah edilir və xəbərdarlıq olunur. Marker yenidən səhv qiymətləndirmə etdiyi halda o həmin tapşırığın yoxlama prosesindən kənarlaşdırılır və yoxladığı digər işlər də araşdırılır. Araşdırma zamanı digər işlərdə də səhv etdiyi məlum olarsa, həmin marker yoxlama prosesindən tamamilə kanarlaşdırılır. Yoxlama prosesi tam başa çatdıqdan sonra bütün markerlərin il ərzində fəaliyyəti araşdırılır, səhvləri və çətinlik çəkdikləri məqamlar onlarla müzakirə edilir. Audit zamanı hər markerin fəaliyyəti aşağıdakı parametrlər üzrə araşdırılır:

 

 

Yoxladığı işlərə verdiyi qiymətlərin həmin işləri yoxlayan digər markerlərin verdiyi qiymətlərlə üst-üstə düşmə faizi;

 

İştirak etdiyi «seeding» proseslərində uğurlu olma faizi;

 

Tapşırığı qiymətləndirmə sürəti. Qiymətləndirdiyi işə sərf etdiyi vaxtla digər markerlərin sərf etdiyi vaxtların müqayisəsi;

 

Fərqli tapşırıq tiplərində qiymətləndirmə keyfiyyəti;

 

Yoxlama başa çatdıqdan sonra ekspert qrupunun araşdırdığı işlərdə qarşıya çıxan səhv qiymətləndirmə halları;

 

İştirak etdiyi kalibrləmə iterasiyalarında (cəhdlərdə) uğurlu olma faizi;

 

Apellyasiya prosesi zamanı düzəliş edilən hallar.

 

Qeyd olunub ki, 2023-cü ildə həyata keçirilmiş bütün qiymətləndirmə proseslərinin auditi tam başa çatıb və markerlərin illik fəaliyyəti onlarla müzakirə edilib”.

 

Yoxlama prosesi və markerlərin kalibrləmə mərhələsindən keçməsi barədə bildirilib ki, qiymətləndirmə sistemində markerlər (yazı işlərini qiymətləndirən mütəxəssislər) onlayn rejimdə (üztanıma nəzarəti ilə) məsafədən qoşulmaqla sistemin onlara təsadüfi qaydada təklif etdiyi şifrələnmiş (şagird və ya abituriyent haqqında məlumat olmayan) yazı işlərini meyarlar əsasında qiymətləndirirlər: “Qiymətləndirmə prosesi tapşırıqlar üzrə ardıcıl aparılır. Belə ki, bir tapşırığa aid bütün yazı işləri tam qiymətləndirilib başa çatdıqdan sonra növbəti tapşırığa aid yazı işlərinin qiymətləndirilməsinə başlanılır. Hər marker hər hansı bir tapşırığa aid yazı işlərinin qiymətləndirilməsi prosesinə qoşulmazdan əvvəl mütləq həmin tapşırığa aid real yazı işləri əsasında hazırlanmış kalibrləmə (praktik treninq) prosesində iştirak etməlidir. Marker kalibrləmə mərhələsində uğurlu nəticə göstərdikdən və qiymətləndirmə meyarını tam mənimsədikdən sonra həmin tapşırığa aid yazı işlərinin yoxlanılması prosesinə qoşulmaq hüququnu qazanır. Əks halda, marker həmin tapşırığın yazı işlərinin qiymətləndirilməsində iştirak edə bilmir və növbəti tapşırığın kalibrləmə mərhələsinin başlanmasını gözləməli olur. Yazı işlərinin yoxlanılması zamanı həmçinin «seeding» prosesi tətbiq edilir. Belə ki, yoxlama zamanı sistem tərəfindən təsadüfi vaxtlarda kalibrləmə bazasının etalon işlərindən hər markerə iş göndərilir, marker həmin işə doğru qiymət verdikdə yoxlama prosesinə dayanmadan davam edir, səhv qiymətləndirdikdə isə, həmin marker üçün yoxlama prosesi dayanır və sistem onu avtomatik kalibrləmə mərhələsinə yönəldir (hansı tapşırığın «seeding» prosesinə aid olduğunu marker bilmir). Bu hal eyni tapşırığa aid işlərin qiymətləndirilməsi zamanı bir neçə dəfə təkrarlandıqda həmin marker yoxlama prosesindən kənarlaşdırılır”.

 

 

Qeyd olunub ki, yoxlama prosesinə cəlb olunan markerlər demək olar respublikanın bütün regionlarını əhatə edir: “2023-cü ildə yoxlama prosesində Bakı şəhərindən və regionlardan ümumilikdə 1454 mütəxəssis marker qismində iştirak edib. (DİM-in Gəncə RB-i üzrə 97, Göyçay RB-i üzrə 32, Lənkəran RB-i üzrə 30, Bərdə RB-i üzrə 29, Xaçmaz RB-i üzrə 27, Şirvan RB-i üzrə 28, Şəki RB-i üzrə 61, Şəmkir RB-i üzrə 18, Bakı-Sumqayıt üzrə 1132 marker).

 

Markerlər yoxlama prosesinə müqavilə əsasında cəlb olunurlar və onlara düzgün qiymətləndirilən iş sayına uyğun olaraq əmək haqqı ödənilir. 2023-cü ildə yazı işlərinin yoxlanılması prosesində iştirak edən markerlərə ümumilikdə 920 min manatdan artıq əmək haqqı ödənilib. Yoxlama prosesindəki keyfiyyət göstəriciləri yüksək olan bir çox marker müəllimlərin əməkhaqqı ödənişi 2000 – 6000 manat intervalında olub”.

 

DİM-dən növbəti təqvim ilinə hazırlıq, eləcə də markerlərin seçimi və praktik treninqlər barədə məlumat verilib: “Hazırda DİM-də 2024-cü ildə keçiriləcək imtahanların yazı işlərinin yoxlanılmasına hazırlıq prosesi aparılır. Belə ki, qarşıdakı ildə yoxlama proseslərində iştirak etmək arzusunda olan bütün mütəxəssislər əvvəl ixtisasları üzrə imtahanda iştirak edir, imtahanda uğurlu nəticə göstərənlər növbəti mərhələdə 2023-cü ilin real yazı işləri əsasında praktik treninqlərə cəlb olunurlar:

 

DİM-in təşkil etdiyi “Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları”nda iştirak edib sertifikat əldə edən mütəxəssislər,

 

Son iki ildə Müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) test imtahanı mərhələsində ixtisası üzrə 60%-dən yuxarı nəticə göstərən mütəxəssislər,

 

2023-cü ildə Azərbaycan dili fənni üzrə təhsilverənlərin sertifikatlaşdırmasının test imtahanı mərhələsində ixtisası üzrə 60%-dən yuxarı nəticə göstərən mütəxəssislər,

 

Hazırki dövrədək yoxlama prosesində iştirak etmiş marker müəllimlər və s.

 

İxtisas üzrə imtahanda çoxseçimli qapalı, kodlaşdırılan açıq və yazı işi tapşırıqları təqdim olunur. Fənlərin spesifik xüsusiyyətlərinə uyğun olaraq markerlərə tapşırıqlar içərisində situasiya, isbat, riyazi model qurma, proqramlaşdırma, dinləmə, oxu, inşa (esse) yazma, izahetmə, əsaslandırma, müqayisəetmə və mühakimə xarakterli tapşırıqlar da təqdim edilir. Praktik treninqlərdə isə qiymətləndirmə baxımından müxtəlif çətinliklərdə olan tapşırıqlar üzrə ümumilikdə 500 – 700 yazı işinin qiymətləndirilməsi tələb olunur. Praktik treninq mərhələsini də uğurla başa vuran müətəxəssislər 2024-cü ildə yazı işlərinin yoxlanılması prosesinə müqavilə əsasında cəlb ediləcəklər. Bu məqsədlə ixtisas üzrə imtahan mərhələsinə Azərbaycan dili üzrə 785, riyaziyyat üzrə 204, ingilis dili üzrə 322, rus dili üzrə 63, fizika üzrə 161, kimya üzrə 144, informatika üzrə 48, coğrafiya üzrə 155, tarix üzrə 197, biologiya üzrə 92 mütəxəssis (cəmi 2171) cəlb olunub”.