Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 21:35:26
Azərbaycanlı jurnalistin oğlu ABŞ-ın 8 universitetindən qəbul dəvəti ALDI

6 il əvvəl iki övladı ilə Azərbaycanı tərk edərək Amerikaya köçən jurnalist Qənirə Ataşovanın böyük oğlu Fərhad ABŞ-ın 8 univeristetindən qəbul dəvəti alıb.

AzEdu.az xəbər verir ki, bu barədə jurnalistin özü sosial şəbəkədə bildirib:

“NYU, Duke, Georgetown, VCU, Buffalo, GeorgeTech daxil olmaqla 8 univeristetdən qəbul dəvəti almışıq. Hələ yolda olanlar da var. Bu son deyil. Hələ başlanğıcdır. 11 illik təhsil yolu onu gözləyir. Secimi tibbdir. Umid edirəm ki, insanlığa bir də Fərhad adlı Azərbaycan əsilli amerikalı neyrocərrah xidmət edər”.

Qeyd edək ki, Qənirə Ataşovanın Ceyhun adlı bir oğlu da var.

Q.Ataşova Bakıda yaşadığı zaman ANS TV-də çalışıb.

O, 6 il öncə Azərbaycanı çox çətin vəziyyətdə tərk etdiklərini xatırladaraq bunları yazıb:

“...Cibimdə cəmi 3 min dollarım var idi. Uşaqlara yataq mebeli almaq üçün toplamışdım. Heç bir zaman maddi zəngin olmamışam. Amma Allahın verdiyi sağlam düşüncə ilə özümü zəngin hiss edirdim. İnandığım həqiqət də var idi…Bilik və zəhmət. Parlaq zəkası olan uşaqlarımın fərqində idim. Onların zəkasını qohumluq əlaqələrinin hakim olduğu cəmiyyətə həvalə edə bilməzdim. Bu yolla gəlib Arlingtondakı birotaqlı mənzildə kirayə qaldıq. Bir aylıq kirayəmiz 1300 dollar idi. Yemək və növbəti ayı düşünməli idim. Biz belə başladıq “American dream”ə. Bilirsiz, mən özümlə cehizlik köhnə qazanımı da Amerikaya gətirmişdim. Amerikada ev əşyaları hardan alınır onu belə bilmirdim. Eh, o qazanı aeroport yanındakı köhnə “Sədərək”dən özüm almışdım. Anam ağır xəstə olduğu üçün bu işləri özüm görməli olmuşdum. Ordan dönüşdə məni güclü başağrısı tutmuşdu. Kirayə qaldığımız evə çatanda ağrı məni daha pis bir hala saldı. Bir də gördüm ağır xəstəlikdən gücünü itirmiş anam yataqdan qalxdı. Mənim beyin kötüyümü möhkəm ovuşdurdu…O əli heç unutmaram. Hə, qazan bizimlə Amerikaya gəldi. Mən onda bulğur bişirməyi öyrəndim. Bulğur barədə ilk dəfə türk tarixindən oxumuşdum. “Diriliş Ərtuğrul” filmində ən çox yeyilən yemək idi… Nə isə, mən babalarımızın yaşıl torpaqlar axtarışı üçün çıxdığı yolda özlərinə seçdikləri bu qidanı kiçik ailəmizin əsas qidası etdim. Onu sevərək bişirdim. Sən demə, mən bişirdikcə, böyük oğlum Fərhadda bir düşüncə yaratmışam. Onun Amerika universitetləri üçün yazdığı esse mənim cehizlik qazanım və bulğur barədə olub. Bundan yeni xəbər tutmuşam… Onun yazısını paylaşacam. Əminəm Amerikanın TOP Universitetlərinin diqqətini çəkən yazı bir çox yetişməkdə olan gəncə stimul olacaq”.