Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-11 14:47:00
İrəli getmək istəyən universitetlərimizi kim tutub saxlayır?-TƏHLİL

 

“Universitetlərimizin beynəlxalq reytinqlərdə irəliləməsi üçün daha çox işi hökumət görməlidir. Elm və Təhsil Nazirliyi də bu istiqamətdə yetərincə təşşəbbüskar deyil”.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz qeyd edib.

 

O, universitetlərdəki mövcud problemlər və bürokratik əngəllərə diqqət çəkib:

 

“Ötən gün maraqlı bir müzakirədə iştirak etdim. AzEdu Təhsil Portalı “Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər” mövzusunda dəyirmi masa təşkil etmişdi. Yekun qənaətim bu oldu ki, universitetlərimizin beynəlxalq reytinqlərdə irəliləməsi üçün daha çox işi hökumət görməlidir. Çünki çox sayda nümunələr var ki, sanki hökumət hətta qabağa çıxmaq istəyən universitetlərimizi, necə deyərlər "tutub saxlayır". Rəqabətli mühitin inkişafı əvəzinə, mühit daha da məhdudlaşdırılır. Məsələn, gözümüzün önündədir ki, UNEC və digərləri distanta xeyli investisiyalar yatırdılar, müəllimləri , elektron resursları hazırladılar. Lakin bununla onlar nəinki irəli çıxa bildilər, yeni təhsil xidmətini lokal və qlobal bazara çıxara bildilər, yatırılan investisiyadan pul qazana bildilər, əksinə ziyana düşdülər. Səbəb çox sadədir. Qanunvericilik bu tip universitetlərin irəli çıxmasına mane olur. Elm və Təhsil Nazirliyi də bu istiqamətdə yetərincə təşşəbbüskar deyil”.

 

O.Gündüz xaricdə alınan distant diplomların tanınması məsələsinə yenidən baxılmasını, həmçinin universitetlərin məzunlara diplomu özlərinin verməsini təklif edib:

 

“Ölkədə on illərdi ki, rəqəmsallaşma gedir. Tələbələrin siyahılari bir neçə qurumun elektron reyestrlərindədir. Yəni tələbə miqrasiyasına nəzarət üçün hökumətin yetərli imkanları var. Amma hökumət diplom vermək səlahiyyətini universitetlərə vermək istəmir. Universitetlərimiz özlərinin təşkil etdiyi, beynəlxalq standartlardan aşığı olan distant təhsil əsasında tələbəyə diplom verir və hökumət bunu tanıyır. Amma, Harvardı distant bitirənin diplomunu tanımır. Çünki qanunlarımız buna imkan vermir. Tədbirdəki çıxışlardan da görünürdi ki, hətta ən xırda məsələlər üçün universitetlər Elm və Təhsil Nazirliyinə müraciət etmək məcburiyyətindədir”.

 

“Çox faydalı müzakirə idi. Düşünürəm ki, hökumət, universitetlərimiz regional və qlobal təhsil bazarına çıxmaq üçün, regional və qlobal təhsil platformalarına inteqrasiya üçün hələ çox iş görməlidir”-deyə, o bildirib.