Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-13 15:02:00
Əyani imtahanlarda tələbələr aşağı nəticə göstərə bilər- SƏBƏB

 

Təhsil nazirinin əmrinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində cari tədris ilinin payız semestrinin imtahan sessiyası əyani formada təşkil ediləcək.

 

Bununla yanaşı əmrdə imtahanların 3 yanvardan etibarən keçirilməyə başlanılması qeyd olunub.

 

Bəs hazırki şəraitdə imtahanların əyani keçirilməsini hansı meyarlar zəruri edirdi? Bir neçə semestrdir onlayn keçirilən imtahanların əyani formada təşkilinin tələbələrin imtahan nəticələrinə nə kimi təsirləri olacaq?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai Alıyev onlayn imtahanda yaranan problemlər və köçürmə hallarına diqqət çəkərək imtahanların əyani keçirilməsinin vacibliyini vurğulayıb:

 

“İmtahanlar onlayn keçiriləndə köçürmə hallarının qarşısını almaq mümkün olmur, çətinlik yaranır. Hər nə qədər tələbənin otaqda tək olması, köçürməməsi üçün nəzarət olunsa da, bu halın qarşısını almaq olmur, çünki paralel monitorlardan qoşulanlar olur, eyni zamanda köçürmə üçün digər vasitələr tapılır. Bu əyani imtahanların təşkilinin zəruriliyi üçün önəmli şərtlərdən biridir. Bununla yanaşı distant formalı təhsildə əsasən, test imtahan formatı keçirilirdi. Eyni zamanda imtahan prosesində  elektrik kəsintiləri, internet bağlantısının zəifləməsi və qopması kimi halla müşahidə edilirdi, bunların hamısı da sonradan çox ciddi narazılıq və narahatlıqlara səbəb olurdu. Məsələn, tələbə işığın söndüyünü deyirdisə, bu onun günahı deyil. Ancaq bunu əsaslandırmaq üçün Azəişığa getməlidir, oradan sənəd almalıdır və s. Bu kimi halları nəzərə alaraq imtahanların əyani keçirilməsi zəruri əhəmiyyət daşıyırdı və belə də oldu. Amma yenə də, belə görülür ki, bəzi universitetlərdə əsasən, test formasına üstünlük verilir”.

 

O əyani imtahanlarda tələbələrin aşağı nəticə əldə etməsinin gözlənilən olduğunu bildirib:

 

“Əyani imtahanlara tələbə yaxşı hazırlaşarsa, heç bir problemlə üzləşməyəcək. Ancaq bu forma köçürmələrin qarşısını aldığı üçün tələbələrin daha aşağı nəticə əldə etməsi ehtimalı yüksəkdir. Həm də tədris distant formada keçildikdə imtahanlar əsasən test formatında olurdu. İndi həm test, həm qarışıq şəkildə keçiriləcək, hətta bəzi universitetlərdə müəllimin öhdəsinə buraxılır. Bu baxımdan bal ortalamalarının aşağı düşməsi gözləniləndir. Ancaq bu təbii bir haldır. Çünki bu nəticələr artıq reallığı əks etdirəcək”.