Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-17 13:59:00
Universitetlərimizin reytinq yüksəlişi üçün bizdə ən azı 25-30 min əcnəbi təhsil almalıdır -CİDDİ PROBLEM

 

“Dünyada təhsil rəqabətində ideal universitetlərin tələbə kontingentinin 25-30%-nin əcnəbi olması arzu edilir. Eyni zamanda,  beynəlxalq reytinqlər də bunu tələb edir. Ümilikdə isə bizdə 150 mindən çox tələbə təhsil alır. Lakin  ən azı 25-30 min əcnəbi tələbə təhsil almalıdır ki, Azərbaycan universitetləri üçün reytinqlərə müsbət təsiri olsun”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, ali təhsil üzrə mütəxəssis Elçin Süleymanov “Əcnəbi tələbələrin Azərbaycan universitetlərinə cəlbi: problemlər və həll yolları” mövzusunda keçirilən dəyirmi masada səsləndirib.

 

Prorektor yerli universitetlərin ixtisaslaşmasının vacib olduğunu vurğulayıb:

 

“Bəs niyə əcnəbi tələbələr bizim universitetlərə üz tutmurlar? İlk növbədə universitetinin nüfuzu çox önəmlidir. Tələbə dünya reytinq sistemində universitetin neçənci yerdə olmasına nəzər salır və düşünür ki, Azərbaycan təhsili ona nə verəcək. Sovetlər birliyində neft sahəsi ilə bağlı təhsil deyildikdə ilk ağıla gələn yerlərdən biri bizim Neft Akademiyası idi. Səbəb o idi ki, qurudan və sudan ilk nefti çıxaran, dünya neftinin yarısını istehsal edən bir ölkədə neft mütəxəssisi kimi yetişmək insanlara daha inandırıcı gəlirdi. Çünki bunun həm elmi, həm də tədqiqat potensialı mövcud idi. Bu səbəblə düşünürəm ki, ilk olaraq universitetlərimiz ixtisaslaşmalıdır. Etiraf edək ki, universitetlərin mövcud büdcəsi ilə çox yaxşı bir tədqiqatçı yetişdirmək çətindir. Məsələn, Amerikada. Yaponiyada tələbələrə tədqiqat üçün lazımı şərait yaradılır, xərcləri qarşılanır. Bizdə isə nəinki tələbə, müəllimi də ezamiyyətə göndərmək çətindir. Bakalavriat səviyyəsi üzrə kifayət qədər yaxşı təhsil verən yerli universitetlərimiz var”.

 

Mütəxəssis universitetlərdə ingilis dilli proqramların çatışmazlığını nəzərə çatdıraraq, əcnəbi tələbələrlə bağlı görülməli işlərdən danışıb:

 

“Əcnəbilərin yerli universitetlərdə təhsil alması üçün ingilis dilli proqramların olması vacib şərtdir. Yerli dildə təhsil onlar üçün çox da aktual deyil. İllərin təcrübəsinə əsaslanaraq onu deyə bilərəm ki, məsələn, Afrika ölkələrindən ölkəmizə gələnlər magistraturanı Avropada oxumağı hədəfləyirlər. 4 ili Azərbaycanda oxumaq Avropaya nisbətən onlar üçün daha ucuz olduğu üçün əlverşlidir. Beləliklə 4 ilin sonunda bakalavr diplomu əldə edir və bu vasitə ilə Avropaya yollanırlar. Bizim yaxşı olduğumuz sahələrdə həm ciddi reklama ehtiyac var, həm də müxtəlif ölkələrin əcnəbi tələbələrinə yönəlik müəyyən proqramlar olmalıdır”.

 

O, əcnəbilər üçün də ikili diplom proqramlarının həyata keçirilməsi ilə bağlı təklif irəli sürüb:

 

“Müsbət hal odur ki, Təhsil Nazirliyi bu yaxınlarda “Study in Azerbaijan” proqramının açılışını həyata keçirdi. Yəni müraciətlərin məkəzə yönəlməsi, müəyyən ölkələrə reklam çarxlarının verilməsi faydalı olardı. Əvvəllər Türkiyədən çox sayda tələbə ali təhsil üçün ölkəmizə gələrdi, ancaq indi bu ölkənin özünün 200-dən artıq universiteti var. Həm də Türkiyədə təhsil almaq bizim ölkəyə nisbətən daha ucuz və əlverişlidir. Bura yataqxana və universitetin yaratdığı digər imkanlar daxildir. İngilis dilli proqramların olması və ikili diplom proqramları həyata keçirilməsi vacibdir. Hazırda Bakı Mühəndislik Universiteti Cənubi Koreyanın İnha Universiteti ilə ikili diplom proqramı həyata keçirir. Bu kimi proqramlara  əcnəbilərin qəbulu da düşünülə bilər”.