http://www.position.az/ https://www.zirve.edu.az/
2022-03-24 10:04:00
Azərbaycan elminin aqibəti: necə olacaq?-TƏHLİL

Azərbaycan mediasında "AMEA bizə lazımdırmı?" sualı ətrafında müzakirələr gedir. Ümummilli lider Heydər Əliyev "AMEA lazımdırmı?" sualına birmənalı cavab verib: “Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək elm müəssisəsidir … O, dövlətə məxsusdur. Bu akademiyanın işi və orada işləyənlərin səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir, yüksək də olacaq. Biz bu akademiyanın hörmətini həmişə qoruyub saxlamalıyıq ... (1997)”. Son dövrlər hörmətli Prezidentimiz İlham Əliyevin adının arxasında gizlənərək Azərbaycan elmini “inkişaf etdirmək” iddiasında olan psevdoalimlər əmələ gəlib və elə inkişaf edən də bu ənənədir. AMEA-nın hazırda düşdüyü durum məni elmlə bağlı bəzi məsələlərə münasibət bildirməyə vadar etdi.

1. Elmin əhəmiyyəti və vacibliyi

Təhsilin təşkilində elm mayak rolunu oynayır, elmsiz təhsil sükansız gəmidir.

Bu tezislə bağlı bəzi qeydlər etmək istəyirəm. Mən AMEA Rəyasət Heyətinin qısa müddət üzvü olmuşam və eyni zamanda o vaxtlardan Təhsil Nazirliyində riyaziyyat dərslikləri üzrə ekspert kimi işçi qrupun fəaliyyətinə cəlb olunmuşam. Riyaziyyat dərsliklərində ən böyük qüsurlar “yüksək” riyaziyyatın elementlərinin orta məktəb riyaziyyatina transfer edilməsində elmin təhrif olunmasıdır. Təhrifin səbəbi elmi mahiyyətin düzgün başa düşülməməsi ilə bağlıdır. Ekspertlər qrupunun müdaxiləsi sayəsində bir çox dərsliklərdə ehtimal nəzəriyyəsi və statistika bölmələrinin uyğun hissələrində mümkün dəyişikliklər edilmişdir və indi də bu proses davam edir. Digər tərəfdən, orta məktəb dərsliklərinə hansı yeni elmi istiqamətlərlə bağlı məlumatların (və hansı səviyyədə) daxil olunmasını məhz elm müəyyənləşdirir.

Dövlətin strateji maraqlarına uyğun sahələrlə əlaqəli (məsələn, hərbi sənaye, informasiya təhlükəsizliyi, məlumatların gizli ötürülməsi, dronların idarə olunması, tibbi diaqnostika, neft-qaz sənayesi və s.) özəl proqram təminatlarının işlənilməsi çox vacibdir. Bu proqram təminatlarının işlənməsi uyğun sahələrlə bağlı elmi istiqamətlərin mükəmməl mənimsənilməsindən asılıdır. Türkiyədə "Bayraktar"ın müvəffəqiyyətləri məhz bu sadalanan amillərlə bağlıdır.

Bununla əlaqəli qeyd edim ki, informasiya təhlükəsizliyinin təmin olunmasının əsasını təşkil edən kriptologiya ilə bağlı riyazi aparatın özəyində mücərrəd cəbr və sonlu qruplar nəzəriyyəsi durur. Riyaziyyatın bu istiqaməti Azərbaycan elmində yox dərəcəsindədir.

Kompüter texnologiyalarının sürətli inkişafı riyaziyyatın bütün elm sahələrinə tətbiqini mümkün etmiş və tətbiq sahələrinin miqyasını ciddi artırmışdır. Riyaziyyatsız heç bir elm sahəsi inkişaf edə bilməz. Ona görə də ayrı-ayrı riyazi aparatların mənimsənilməsi çox vacibdir.

Elm dünyada mövcud müxtəlif təhsil sistemlərinin, iqtisadi sistemlərin, informasiya texnologiyaları və sistemlərinin seçiminə, düzgün proqnozların (yerli şəraitə uyğun) verilməsinə və s. imkan yaradır.

Lokal elm dünyəvi elmi nailiyyətlərin yerli xidmətlərinin təşkili üçün vacibdir. Bu fikrin aydınlaşması üçün belə nümunələrə baxaq. “Mercedes” məhsulunun istifadəsi üçün yerli xidmətlər yaranır. Matlab, Mathematics kimi proqram məhsullarının ünvanlı istifadəsi üçün riyaziyyatın uyğun sahələrinin mənimsənilməsi vacibdir. Eyni səbəbdən, neyron şəbəkə metodunun adekvat tətbiqi və nəticələrdən adekvat istifadə üçün bu metodun mahiyyətinin bilinməsi vacibdir. Bunun üçün isə riyaziyyatın bir çox sahələri haqqında lazımi səviyyədə dünyagörüşünə malik olmaq lazımdır.

Beləliklə, müasir dünya ilə ayaqlaşa bilən elm olmadan dayanıqlı inkişafa və adekvat təhsilə malik olmaq olmaz. Bəs sual olunur, bizə hansı elm lazımdır? Bu suala aydınlıq gətirmək üçün bəzi fikirlərimi qeyd edim. Hər bir elm sahəsi üzrə istiqamətlərin sayı çoxdur. Məsələn, riyaziyyat üzrə ixtisasların təsnifatında ixtisas şifrləri həcmcə 100 səhifədən çox olan məlumatı əhatə edir . Hər bir istiqamət üzrə yüksək səviyyəli ixtisasçının hazırlanması Azərbaycan kimi dövlətlərin gücündə deyil (ən azı insan resursuna görə). Onda sual olunur, bizə hansı nəzəri istiqamətlərin inkişafı lazımdır? Bu sualın cavabı asan deyil. Riyaziyyatın timsalında bəzi istiqamətlərə dair nümunələr gətirmək istəyirəm:

1) Kriptoqrafiya "riyaziyyatı" - özəl informasiya təhlükəsizliyi sistemlərinə malik olmaq üçün vacibdir;

2) Furye analiz, veyvlet analiz, freymlər nəzəriyyəsi - müxtəlif təbiətli siqnalların (təsvirlərin) riyazi emalı, identifikasiyası, ötürülməsi, saxlanılması üçün çox vacib riyazi aparatdır;

3) Aktuar (risk) riyaziyyatı - investisiya, sığorta və bank sahələrində, ümumiyyətlə, müxtəlif təbiətli risklərin qiymətləndirilməsinin riyazi aparatıdır.

Bunların sayını artırmaq olar. Bu istiqamətlərin hər birinin tətbiq sahələrinin Azərbaycan üçün nə qədər zəruri olmaları sual doğurmur. Bu istiqamətlərin Azərbaycanda cari vəziyyəti belədir:

1) yox dərəcəsindədir;

2) qənaətbəxş məktəb var;

3) AMEA-da yoxdur, ayrı-ayrı təhsil müəssisələrində tədris olunmağa başlanılıb, amma yüksək ixtisaslı tədrisçilər yoxdur. Sığorta sahəsində pərakəndə aktuar şöbələri var. Aktuar Assosiasiyası var, amma aktiv fəaliyyət göstərmir.

Hesab edirəm ki, nəzəri istiqamətlər üzrə yuxarıdakı atributları özündə saxlayan standartların işlənilməsinə ehtiyac vardır.

2. Mövcud problemlər

Hazırda AMEA-da çoxlu sayda obyektiv problemlər mövcuddur. Bu problemlərdən elmin nəinki inkişafına, hətta onun çökməsinə xidmət edən bəzi amilləri qeyd etmək istərdim:

Müasir dünya ilə ayaqlaşa bilən alimlərin yetərli sayda olmaması (azlığı);

Səriştəsizlik və qeyri-peşəkarlıq (Azərbaycan elmində təəssüf ki, “təsadüfi alimlər” çoxdur);

Qabiliyyətli gənc kadrların elmə maraq göstərməməsi;

Azərbaycan riyaziyyatında yüksək səviyyəli ekspertlər çox azdır və bu say getdikcə azalır. Bunun sayəsində riyaziyyatı təhrif olunmuş dissertasiyaların və məqalələrin sayı artır. Hesab edirəm ki, digər fundamental elmlərdə də analoji vəziyyətdir. Bunun başlıca səbəbi qabiliyyətli gənclərin elmi seçməməsidir. Belə olan halda isə psevdoelm inkişaf edir.

Akademiyanın professorunun və ya şöbə müdirinin maaşının ibtidai sinif müəlliminin maaşından az olması;

Müxtəlif elmi proqramların və ya layihələrin (Akademiya çərçivəsində) yetərli sayda olmaması və ya dayanıqlı maliyyələşmənin olmaması;

İnstitut rəhbərləri və ya elmə cavabdeh şəxslər kifayət qədər yüksək elmi potensiala və elmi miqyasa malik olmalıdırlar;

AMEA institutlarının və eləcə də bölmələrinin hesabatları əsasən stastistik göstəricilərin sadalanmasından ibarət olmamalıdır. Bu hesabatların elmi tutumları olmalıdır. Hesabatda fundamental elmlər üzrə dövlətin strateji maraqlarına uyğun əsaslandırılmış fundamental problemlərin həllərinin cari vəziyyətləri və onların həllərində qarşıya çıxan problemlər öz əksini tapmalıdır;

Elmi quruma (institutlara) rəhbərlik edən şəxsin elmi potensialının zəif olması (və ya demək olar ki, yoxluğu) məhz elmin inkişaf etdirilməsinə deyil, populyar elmin inkişafını və elmdən kənar işlərin (məsələn, elmi şouların təşkili və s.) inkişafını stimullaşdırır. Elmin ictimaiyyətdə tərənnümü vacibdir. Amma elmi araşdırmaların populyar səviyyəyə endirilməsi yolverilməzdir.

Elmi qurumun rəhbərinin elmi potensialı zəif olduqda, müxtəlif elmi müzakirələr (elmi seminarlar, dissertasiyaların müdafiə mərhələləri, layihələrin müzakirəsi və s.) təhrif olunur, adekvat aparılmır. Bu da öz növbəsində real vəziyyətin qiymətləndirilməsini təhrif edir, haqlı mövqelərin müəyyənləşdirilməsində ciddi problemlər yaradır;

Savadlı alimlər elmin təşkili və idarə olunmasından demək olar ki, təcrid olunublar;

Elmi qurumun, dissertasiya və ekspert şuralarının və s. rəhbərləri bu elm sahəsi üzrə müzakirələrdə ekspertlik etmək iqtidarında olan alimlər olmalıdırlar (teoremin “səsvermə ilə isbatı” adlı üsul yoxdur);

Müasir dünya ilə ayaqlaşa bilən elmlə məşğul olan bir çox savadlı alimlərimiz var ki, elmi quruculuq işlərindən kənarlaşdırılıblar. Bu ənənə təhsil sahəsində də var. Bu, həyatını elmimizin inkişafına sərf etmiş alimlərin potensialına ciddi zərər vurur. Onların yerini tutanlar öz “qiymətlərini qaldırmaq” üçün bu alimləri kölgədə saxlamaq yolunu seçirlər, nəticədə isə elmimizə böyük zərbələr vurulur və elmi təhriflər inkişaf edir. Bu tip psevdoalimlərin şəxsi ambisiyalarının hesabına dövlətin tutduğu siyasi xəttə ziyan vurulur və ona etimadı zəiflədir.

Alimlərin əməklərinin qiymətləndirilməməsi və hətta süni maneələrin yaradılması adi hala çevrilib;

Müxtəlif mənbələrdən (məsələn, internet resurslardan) tərif səviyyəsində əldə olunan elmi terminlərlə auditoriyanın buna hazır olmamasından istifadə edib elmi araşdırma (və hətta ciddi elmi problemlər) görüntüsü yaratmaq elmin inkişafına xidmət etmir. Təəssüflər olsun ki, bu tip yanaşmalar elmə məsul şəxslər tərəfindən Azərbaycan elmində müvəffəqiyyətlə istifadə olunur (məsələn, “fuzzy” nəzəriyyəsinin mahiyyətini dərk etməyənlər bu barədə ağız dolusu danışırlar);

Əsl elm insanlarının publik müzakirələrə qoşulmamalarının səbəbi onların fikirlərinə ciddi fikir verilməsinə etibarlarının itməsi ilə əlaqəlidir;

Şöbələrdə aparılan elmi işlərin pərakəndəliyi, elmi tutumlu mövzuların olmamasıdır. Bunun səbəbi uyğun məktəbin olmaması, yəni aparıcı alimin olmamasıdır;

Dayanıqlı elmin olması, tutarlı və rəqabətli, müasir dünya ilə ayaqlaşa bilən elmi araşdırmaların aparılması üçün elmi məktəblərin olması zəruridir. Hazırda riyaziyyat üzrə tək-tək elmi məktəb var. Tədbir görülməsə, tezliklə elmi məktəblərlə vidalaşmalı olacağıq;

Elmi məktəblərlə bağlı bəzi mülahizələrimi qeyd etmək istərdim. Böyük rütbələrə malik çox alimlərimiz olub. Amma elmi məktəb yaratmaq onlardan bir neçəsinə qismət olub. Elmi məktəblər dövlətin və xalqın elmi nailiyyətlərinin məhsuludur (barıdır) və deməli, həm də elmin inkişafının göstəricisidir. Riyaziyyat üzrə Zahid Xəlilov, İbrahim İbrahimov, Mirabbas Qasımov, Məcid Rəsulov, Arif Babayev, Akif Hacıyev, Əli Novruzov, Qoşqar Əhmədov tərəfindən yaradılmış məktəblərin üzvləri indi riyaziyyat ehtiyatımızın əsasını təşkil edir. Vəziyyətin çox çətin olmasına baxmayaraq indi də çox az sayda elmi məktəblər var. Amma bu məktəblər dağılmaq üzrədir. Onun üzvləri ya xaricə üz tuturlar, ya da Azərbaycanda pərakəndə şəkildə müxtəlif təhsil və bir çox hallarda qeyri-təhsil müəssisələrində çalışırlar. Nəticədə elmi məktəblər zəifləyir və bu məktəbdaxili elmi seminarlara (müzakirələrə) böyük zərbələr vurulur.

Yaşlı nəslin nümayəndələri işə götürülür, amma magistraturanı yeni bitirmiş, alim olmaq həvəsində olan qabiliyyətli məzunlar kənarda qalırlar.

3. Elmin dirçəlişi mümkündürmü?

Bu ən çətin sualdır. Əvvəlcə dəqiqləşdirmək lazımdır ki, bizə hansı elm lazımdır. Bu fikrə aydınlıq gətirmək üçün riyaziyyatın timsalında bəzi qeydlərimi etmək istərdim. Mübaliğəsiz demək istəyirəm ki, çox yüksək elmi dərəcəyə malik bir çox riyaziyyatçılarımız var ki, 11-ci sinif çərçivəsində orta səviyyəli riyaziyyat məsələlərinə ekspertlik etmək iqtidarında olmamalarına baxmayaraq, yüksək (hətta çox yüksək) H-indeksə malikdirlər və impakt faktorlu nüfuzlu jurnallarda mütəmadi dərc olunurlar. Sual olunur, bu necə mümkündür? Təbii ki, bu ziddiyyətdir, amma onun bir çox səbəbləri var. Birincisi, bu insanlar aldıqları elmi rütbələrə adekvat deyillər. İkincisi, H-indeks və impakt faktorlu jurnallarda çap olunmaq alimin çəkisini təyin etmək üçün çox qüsurlu faktorlardır. H-indeks çap olunma ilə bilavasitə təyin olunduğu üçün çap olunmanın mümkünlüyünün bəzi səbəblərini qeyd edək:

- məqalənin digər şəxs tərəfindən yazılması;

- müəyyən jurnallarla və ya nüfuzlu alimlərlə “isti” əlaqələrin varlığı;

- müasir dünyada riyaziyyatla məşğul olanların sayı çoxdur, amma onların arasında ciddi riyaziyyatçılar çox deyil. Məqalənin elmi səviyyəsinin qiymətləndirilməsi rəyçidən asılıdır. Bizim çox nümunələrimiz var ki, riyazi səhv nəticələr nüfuzlu impakt faktorlu jurnallarda dərc olunmuşdur.

- elmi göstəricilərin (süni yolla) artırılmasının bəlli sxemləri var.

Adətən belə göstəriciləri yüksək (hətta çox yüksək) olur. Məsələn, bizim real riyaziyyat üzrə çalışan aktiv alimlərin (riyaziyyat “ehtiyatımızın”) azalmasına baxmayaraq riyaziyyat jurnallarının göstəriciləri artır. Riyaziyyatın fərdi xüsusiyyətləri (dilinin mürəkkəbliyi və sərbəstliyi) elmi təhriflərin yüksək səviyyədə inkişafını mümkün edir. Buna bariz misal kimi “fuzzy” nəzəriyyəni göstərmək olar. Bu nəzəriyyənin mahiyyətini yaxşı bilməyənlər Azərbaycan mediasında onun fantastik tətbiqlərindən bəhs edirlər. Bəs sual olunur: bu nəzəriyyənin “baniləri” niyə görə riyaziyyatın Filds, Abel kimi mükafatlarına layiq görülməyiblər? Nə səbəbdən bu nəzəriyyə müsəlman ölkələrində (əsasən İran və Azərbaycan) və Hindistanda çox inkişaf edib? Niyə dünyada ciddi riyaziyyatçılar bu nəzəriyyəni qəbul etmirlər? Bu sualların cavabları var. Bu fikirlər elm dünyasında mövcud durumun mürəkkəbliyindən xəbər verir. Beləliklə, elmi göstəricilərin yüksəkliyi hələ elmin inkişafı deyil. Azərbaycan elmləri arasında müqayisədə ən yaxşı vəziyyət riyaziyyatdadır (elmi göstəricilər buna əyani sübutdur). Riyaziyyatdakı durumdan bu nəticə çıxır ki, o biri elmlərdə vəziyyət daha acınacaqlıdır. Buna baxmayaraq Riyaziyyat və Mexanika İnstitutunun yubileylərində heç bir riyaziyyatçıya dövlət tərəfindən heç bir mükafat və təltif verilməyib.

Beləliklə, düşünürəm ki, elmi dirçəltmək üçün (əgər istək varsa və mümkünsə) tezliklə aşağıdakı addımlar atılmalıdır:

ilk addımda elmə aidiyyəti olmayanların akademiyadan kənarlaşdırılması (ola bilsin bunlar ~20% olsun);

tanınmış alimlərdən (elmi göstəricilər əsas olmaya bilər) ibarət səlahiyyətli komissiyanın təşkil olunması;

komissiya tərəfindən şöbələrin təftiş olunması, qeyri-perspektiv şöbələrin ləğvi və uyğun perspektiv şöbəyə birləşdirilməsi;

hər bir elm sahəsi üzrə müasir dünya ilə rəqabətədavamlı, dövlətin strateji maraqlarına uyğun vacib elmi istiqamətlərin təyini;

diferensial maaşın tətbiqi, şöbə müdirlərinin maaşının (~3-4 dəfə) artırılması;

psevdoalimlərin elmi idarəçilikdən kənarlaşdırılması.

Hesab edirəm ki, ilkin mərhələdə bu addımların atılması elmin tam çökməsininin qarşısını almaq üçün mütləqdir.

4. Vacib elmi istiqamətlərin təyini

Vacib elmi istiqamətlərin müəyyən edilməsi üçün hər bir elm sahəsi üzrə uyğun komissiya formalaşdırılmalıdır. Komissiyanın tərkibi aşağıdakı meyarlarla müəyyənləşməlidir:

1) alimin müasir elmi istiqamətlər üzrə son illərdəki fəaliyyəti və nüfuzlu (Thomson Reuters + Scopus) jurnallardakı işləri;

2) "H-index"

Bu hissəyə aid əlavə qeydlər etmək istəyirəm. Əgər alim müasir dünya ilə ayaqlaşan elmlə aktiv məşğuldursa, onun H-indeksi çox aşağı ola bilməz. Deməli, H-indeksin çox az olması müasirlik və aktiv məşğulolma baxımından yaxşı deyil. Amma bu göstərici yuxarıda gətirdiyim səbəblərdən meyar ola bilməz.

3) alimin yerli elmi cəmiyyətdəki nüfuzu;

4) elmi miqyası (potensialı) - bu ad altında alimin elmin müxtəlif istiqamətlərində adekvat fəaliyyətini başa düşürük.

Komissiya istiqamətlərin təyinində aşağıdakıları nəzərə almalıdır:

- istiqamətin müasirliyini və aktuallığını göstərən tutarlı dəlillər;

- nəzəri istiqamətlərin vacibliyini göstərən tutarlı dəlillər;

- praktiki əhəmiyyətli istiqamətlərin real tətbiq sahələri ilə və nəzəri istiqamətlərlə bağlılığının tutarlı əsaslandırılması;

- yerli elmi potensialın nəzərə alınması və cari vəziyyətin qiymətləndirilməsi.

 5. Elm və tətbiq

Ən çətin sual elmin pul gətirməsidir. Bu suala münasibətimi şərh etmək üçün Rusiya və Qərb timsalında "elm və praktika" tezisinə müqayisəli yanaşmamı bildirmək istərdim. Bu fərqin əsası Sovetlər İttifaqının yaradılması dövründən başlayıb. Həmin dövrdə kapitalizm quruluşu elmi kəşflərin pul gətirməsini stimullaşdırdı və ona hər şərait yaratdı. Bu düzgün istiqamət elmin praktikanı (iqtisadiyyat, hərb sənayesi, kompüter elmləri və s. ) inkişaf etdirməsini təmin etdi və əksinə praktik məsələlər elmin pərakəndə deyil, hansı istiqamətlərinin inkişaf etdirilməsini şərtləndirdi. Beləliklə, öz-özünü (elmpraktika və praktika  elm) tənzimləyən sistem yarandı. Buna rəğmən, Sovetlərdə fərdi (və ya kollektiv) pul qazanmalar, yumşaq desək, təqib olundu və nəticədə elmi kəşflər yalnız hərbi sənayeyə yönəldi və nəticədə Sovetlərdə öz-özünü tənzimləyən "elmpraktika" sistemi yaranmadı. 70 il müddətində inkişaf oxunda bu kifayət qədər artdı və indi Rusiya Qərbdən o qədər “aralıdır” ki, çatmasının mümkünlüyü sual altındadır. Məhz ona görə Sovetlərdə hərbi sənayenin stimullaşdırdığı "riyaziyyat-fizika-kimya" fundamental elmləri üzrə nəzəri istiqamətlər yaxşı inkişaf etdi.

Beləliklə, sabahdan başlamaq ki, “elm pul gətirsin” (yəni müxtəlif sahələrə tətbiq olunsun) ideyası ən azı sadəlövlükdür. Elmin tətbiqi üçün ciddi zəminlər yaranmalı və hazırlıq işləri görülməlidir. Bunun üçün həm də siyasi və iqtisadi mühit yaradılmalıdır. Belə ki, bir çox hallarda elmi təşəbbüslər aidiyyəti qurumlar tərəfindən dəstəklənmir. Bu mühitin yaradılması dövlətdən asılıdır. Bir əyani misal göstərmək istərdim. AMEA-nın sabiq prezidenti, akademik Akif Əlizadənin səyləri nəticəsində mənim rəhbərliyimlə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə spektral təsvirlərin tanınmasının riyazi metodları istiqamətində Riyaziyyat və Mexanika İnstitutu ilə müqavilə (yeri gəlmişkən qeyd edim ki, ilk dəfə olaraq) bağlandı, qoyulan məsələlər tam həll olundu və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə bu istiqamətin birgə inkişaf etdirilməsi nəzərdə tutuldu. Bu istiqamətin inkişaf etdirilməsi riyaziyyatın, kompüter elmlərinin və fizikanın uyğun sahələrinin inkişafını, yaxşı mənimsənilməsini ehtiva edir. Bu işlər davam etdirilsə idi AMEA-da spektral verilənlərə görə (dron və peyk təsvirləri, digər spektral təsvirlər) identifikasiya məsələlərinin riyazi metodları üzrə özəl məktəb yarana bilərdi. Təbii ki, bu işlərin müvəffəqiyyətlə görülməsi və inkişaf etdirilməsi üçün müvafiq komanda formalaşdırılır və komandanın əsasını müəyyən elmi məktəbin resursu təşkil edir. İşlərin davamlı olmaması bu komandanın dağılmasına səbəb olur. Yəqin ki, belə vəziyyətin yaranmasının bir çox səbəbləri var. Belə mühitdə elmin tətbiqi haqqında mülahizələr yürütmək çox çətindir.

Nəhayət, elmin dirçəlişi üçün akademiyada köklü islahatlar aparılmalıdır. Düşünürəm ki, bu fikirlər elmə cavabdeh şəxslərə elmin aqibətinin həll olunmasında faydalı ola bilər.

P.S. Malik olduğum elmi rütbələrə görə Azərbaycan elmi qarşısında məsuliyyət daşıyıram. Bu məsuliyyət mənə Azərbaycan elminin indiki vəziyyətinə biganə qalmağıma imkan vermir. (Virtualaz.org)

 

AMEA RMİ “Qeyri-harmonik analiz”                    

şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalov