Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-02 14:00:00
“İnsanlarda qorxu var, Ukraynadan sonra hədəfin Polşa olacağı düşünülür”-Xaricdəki TƏLƏBƏMİZ

 

“Hər kəs Ukraynaya ciddi dəstək göstərir. Bununla yanaşı insanlarda müəyyən dərəcədə qorxu var, Rusiyanın Ukraynadan sonrakı hədəfinin Polşa olduğu düşünülür”

 

Rusiya silahlı qüvvələrinin Ukraynaya hücumu səbəbilə əhalinin, həmçinin öz vətəninə qayıtmaq istəyən xarici vətəndaşların təxliyə zamanı ən çox üz tuttuduğu ölkələrdən birincisi Polşadır.

 

Bir çox ukraynalı, digər ölkə vətəndaşları, həmçinin təxliyə olunan azərbaycanlılar sərhəddi keçərək bu ölkəyə üz tutur. Həmçinin Polşa tərəfindən Ukraynaya müxtəlif istiqamətlərdə ciddi yardımlar edilir.

 

Hazırda  magistratura səviyyəsi üzrə təhsilini bu ölkədə Həyat Elmləri Universitetində (University of Life Sciences),Qida elmi və qidalanma (Food science and nutrition) fakültəsində davam etdirən Fərid Seyidli AzEdu.az-a hazırkı dövrdə tələbələrin vəziyyətindən danışıb:

 

“Hazırda müşahidə olunan hadisələr, davam edən müharibə ilə bağlı burada təhsil alan xarici tələbələrin gündəlik və təhsil həyatlarında hər hansı bir dəyişiklik yoxdur. Hər şey olduğu kimi, normal davam edir, heç bir problem, geriləmə müşahidə olunmur”.

 

Tələbəmiz polşada əhalinin, tələbələrin Ukraynaya ciddi dəstək göstərdiyini, təşkil olunan müxtəlif aksiyalarda azərbaycanlı tələbələrin də iştirak etdiyini bildirib:

 

“Polşa əhalisi, burada təhsil alan xarici tələbələr, yerli tələbələr hər kəs birmənalı olaraq Ukraynanı dəstəkləyir. Ukraynaya dəstək xarakterli müxtəlif kiçik aksiyalar keçirilir, yerli, xarici,həmçinin azərbaycanlı tələbələr də bu aksiyalarda fəal iştirak edirlər. Əhali həqiqətən Ukraynaya çox ciddi yardımlar göstərir. İnsanlar paltar, ərzaqlar, dərman vasitələri və s. əllərindən nə gəlsə göndərməyə çalışırlar.Bütün dəstək tamamilə Ukrayna üçündür”.

 

O, insanların Ukraynadan sonra hədəfin Polşa ola biləcəyindən narahat olduqlarını vurğulayıb:

 

“Bununla yanaşı insanlarda müəyyən dərəcədə qorxu var, Rusiyanın Ukraynadan sonrakı hədəfinin Polşa olduğu düşünülür. Ancaq xəbərlərdə verilən məlumatlarda, həmçinin siyasi şərhçilər öz çıxışlarında Polşanın Şengen ölkəsi olduğunu, Avropa Birliyinə daxil olduğunu, bu ölkənin heç bir şəkildə təhlükədə olmadığını vurğuladıqca insanlar nisbətən rahat olur”.

 

Evakuasiya olunanların Varşava hava limanı vasitəsilə vətənlərinə qayıtdıqlarını deyən Fərid, sərhəddəki vəziyyət haqqında məlumat verib:

 

“Ukrayna vətəndaşları və orada yaşayan bir çox xarici vətəndaşlar Polşaya gəlmək istəyirlər. Ancaq təbii hər adamı buraxmırlar,sərhədlərdə saatlarla gözləmə olur. Bəzən insanlar buraxılır, bəzən icazə verilmir. Sərhəddən birbaşa Varşava hava limanına avtobuslar fəaliyyət göstərir. Yənu Ukraynada yaşayan vətəndaş sərhəddən birbaşa Varşava hava limanına gəlib, oradan da öz ölkəsinə gedə bilir. Ancaq qeyd etdiyim kimi, həqiqətən çox növbə var. Ona görə də Ukraynadan polşaya keçmək də o qədər asan və tez başa gələn bir proses deyil, günlərlə gözləyənlər var”.