Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-11 11:00:00
Bu tarixdən onlayn apellyasiya prosesi təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə iyulun 27-28-də keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

 

AzEdu.az bildirir ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən avqustun 13-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya Komissiyasına müraciət etməzdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. DİM abituriyentlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.

 

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 11-13 avqust tarixlərində apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.