Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-26 15:16:00
İmtahanda maksimum bal toplayan abituriyent-BANM-da təhsil almaq istəyirəm

Sonuncu-29,30 aprel tarixlərində DİM tərəfindən 11-ci siniflər üçün təşkil olunan buraxılış imtahanlarının nəticələri açıqlandı. İmtahan iştirakçıları arasında 1 nəfər – Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbinin məzunu Ayxan Kazımov maksimal olan 300 bal toplayıb. Həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 256.2 bal toplamaqla yüksək nəticə göstərib.

 

AzEdu.az imtahanda maksimum bal toplayan vunderkid abituriyentin təəssüratlarını təqdim edir:

 

“İmtahandan maksimum bal toplayacağımı gözləmirdim. Çünki 1-2 sual vardı ki, onların cavablarından ehtiyat edirdim, yəni 100%-lik nəticə olacağına inanmırdım. Şükürlər olsun ki, həmin sualların cavabları da düz çıxdı və 300 bal topaya bildim”.

 

Ayxan imtahanaqədərki hazırlıq prosesindən də danışdı:

 

 

“9-cu sinifdən başlayaraq imtahanlara hazırlaşdım. 10-cu sinfin ikinci yarısından etibarən məşğələlərimiz onlayn qaydada davam etdirildi. Təbii ki, canlı ünsiyyətlə keçən dərslərin yerini verməsə də, onlayn hazırlıqlara vərdiş etdik. 11-ci sinifdən etibarən məşğələlər ənənəvi qaydada keçilməyə başladı”.

 

Vunderkid abituriyent imtahan zamanı Azərbaycan dili fənnindən olan mətnlərin vaxtalıcı olduğunu da qeyd etdi:

 

“İmtahanda Azərbaycan dilindən olan mətnlər vaxtımı çox aldı, çünki hər bir cümləsini diqqətlə oxumaq lazımıydı.

Həmçinin riyaziyyat fənnindən ətraflı yazı tipli suallar da nisbətən vaxt aparan idi”.

 

Ayxan təhsil almaq istədiyi universitetin adını da açıqladı:

 

“Məqsədim imtahanın ikinci pilləsini də uğurla tamamlayıb BANM-da təhsil almaqdır. Bu universitetdə “İnformasiya təhlükəsizliyi” ixtisasına yiyələnməyi düşünürəm. İmtahana hazırlaşanlar müəyyən qrafiklə oxusunlar, testlər işləsinlər. Məsələn saat 8-dən 1-ədək vəs. özlərinə uyğun cədvəli qurub mütəmadi çalışsınlar”.

 

Məlumat üçün bildirək ki, artıq 15-16 aprel tarixlərində keçirilən imtahanların nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya proseslərinin təşkilinə başlanılıb. Apelyasiya prosesi istiqamətlər üzrə imtahan nəticələrinin elan olunma ardıcıllığına uyğun olaraq davam edəcək və apelyasiya üçün qeydiyyatdan keçmiş bütün şagirdlərlə əlaqə saxlanılıb müraciətlərinə baxılacaq.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları