Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-26 12:01:00
"Buraxılış imtahanında gözə çarpan fərqlər testlərin çətinlik dərəcəsini ifadə etmir"-DİM sədri

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Modern.az saytı və AzEdu.az təhsil portalı vasitəsilə imtahan və qəbul sisteminə aid növbəti suallara aydınlıq gətirdi:

 

 Məlumdur ki, pandemiya dövründə Dövlət İmtahan Mərkəzi də digər dövlət orqanları kimi öz fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi tələblərə uyğun şəkildə qurur. Xüsusi karantin rejimi kütləvi tədbirlərin keçirilməsini məhdudlaşdırıldığına görə imtahanların qrafiki rejiminin gedişatına uyğun olaraq operativ şəkildə müəyyən olunur. Bu şəraitdə mərkəzləşmiş imtahanların həmişə olduğu kimi, bütün ölkə üzrə eyni vaxtda keçirilməsi qeyri-mümkündür. Digər tərəfdən ölkənin ali təhsil müəssisələrində tədris prosesinin fasiləsiz davam etməsi üçün imtahanların keçirilməsi zəruridir və bu vəziyyət bəzi qeyri-standart qərarların verilməsini tələb edir.


Buna görə də, DİM imtahanların müxtəlif regionlarda müxtəlif vaxtlarda keçirilməsinə qərar verib. Təbii ki, bu qərar imtahanların obyektivliyi baxımından haqlı olaraq ictimaiyyətdə bir sıra suallar doğurur və bu suallara aydınlıq gətirilməsinə ehtiyac var. Belə ki, bir regionda keçirilən imtahanın məzmunu artıq iştirakçılara məlum olduğu üçün informasiya sızması baş verir, test tapşırıqları imtahanlardan sonra xüsusən sosial mediada paylaşılır. Bu sualların növbəti imtahanda istifadə olunması nəticələrin obyektivliyinə xələl gətirə bilər. Buna görə də, növbəti imtahanda testlərə artıq fərqli tapşırıqlar daxil edilir. Bu isə hər iki imtahanın çətinlik dərəcəsinin eyni olub-omaması, bəzi abituriyentlərə istəmədən də olsa, müəyyən üstünlük verib-verməməsi ilə bağlı sualların meydana çıxmasına səbəb olur.


Onu qeyd edim ki, DİM-in test bankında test tapşırıqları çətinlik dərəcələrinə görə kateqoriyalara ayrılır və imtahanlarda istifadə olunan bütün testlər standart alqoritm vasitəsilə eyni prinsiplə formalaşdırılır. Daha aydın desək, hər bir testə daxil edilən tapşırıqların çətinlik dərəcələri üzrə paylanması eyni olur. Xatırladım ki, 2020-ci ildəki qədər olmasa da, imtahanda müxtəlif test variantları hər il tətbiq olunur və nəticələr əsasında dünyada qəbul olunmuş elmi-statistik metodlar vasitəsilə test variantlarının müqayisəli təhlili aparılır və digər məlumatlarla birlikdə illik hesabatın tərkibində ictimaiyyətin diqqətinə çatdırılır. Uzun illər aparılan təhlillər eyni imtahan üzrə müxtəlif test variantları arasında korrelyasiya əmsalının 0,8-0,9 aralığında olduğunu göstərir ki, bu da yüksək səviyyədə uyğunluq deməkdir. Beləliklə, müxtəlif test variantlarının çətinlik dərəcəsi arasında ehtimali fərq məqbul statistik xəta payı çərçivəsindən kənara çıxmır.


Maraqlıdır ki, test variantlarını müqayisə edən insanlar bir çox halda öz fikirlərini əsaslandırmaq üçün ümumilikdə test bloklarını yox, testlərə daxil olan ayrıca götürülmüş tapşırıqları müqayisə edirlər. Qeyd edim ki, oxşar və ya eyni mövzuya aid test tapşırıqları bir varianta mürəkkəbləşdirilmiş, digər varianta isə asanlaşdırılmış formada daxil edilə bilər. Bu halda testin çətinlik dərəcəsi başqa tapşırıqlar hesabına tənzimlənir. Buna görə də test variantlarına daxil olan oxşar tapşırıqların müqayisəsi bizdə yanlış təəssürat yarada bilər. Sağlam qənaət əldə etmək üçün müqayisə bütövlükdə bloklar arasında aparılmalıdır ki, bu da ətraflı statistik təhlillər əsasında həyata keçirilir. İlk baxışda gözə çarpan zahiri fərqlər testlərin çətinlik dərəcəsini ifadə etmir.


Başqa sözlə desək, bir kiloqram pambıq kənardan baxanda bir kiloqram dəmirdən daha böyük görünə bilər, amma mahiyyət etibarı ilə hər ikisinin çəkisi eynidir və onların hər ikisini qaldırmaq üçün eyni dərəcədə güc sərf olunur.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları