Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-31 12:47:00
“Nazirliyin sorğusundakı ən əlverişli variant budur” – Hamlet İsaxanlının seçimi

 

 

 “Yoluxmanın artdığı çətin zaman şəraitində ənənəvi tədris məhdudlaşdırılmalıdır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı deyib.

 

Belə ki, martın 30-da Təhsil Nazirliyi  tədrisin təşkili ilə bağlı ictimai rəy sorğusu keçirib.

 

Rəy sorğusunda seçim üçün 4 təklif irəli sürülüb. Bunlar: a) Fəaliyyət mövcud qaydada davam etdirilsin;  b) bütün siniflər üzrə tədris distant formada keçirilsin; c) yalnız V-IX siniflər distant formada davam etdirilsin; d) yoluxmanın çox olduğu bölgələrdə tədris distant, digərlərində isə ənənəvi formada davam etdirilsin.

 

Hamlet İsaxanlı irəli sürülən təkliflərdən D variantını daha məqsədəuyğun hesab edir:

 

“Təkliflərin heç biri digərini istisna etmir. Lakin coğrafi yerləşmədən asılı olaraq yoluxma sayı təhsil sisteminə də təsir edir. Çünki elə bölgələrimiz var ki, orada göstərici çox, digərlərində isə az olur. Düşünürəm ki, hazırkı dövrdə D variantı olduqca əlverişli hesab edilə bilər. Belə ki, koronavirusun az olduğu bölgələrdə təhsil ənənəvi formatda, çox olduğu yerlərdə isə distant təşkil edilsin. Çünki belə dövrdə uzunmüddətli proqnoz etmək və planlar qurmaq mümkün deyil. Seçilən hər hansısa yol heç əlverişli olmaya bilər. Təhsil və bir çox sahələrdə   qeyri-müəyyən mühit yarandıqda uzunmüddətli planlama mümkün olmur. Çünki qısa zaman kəsiyində vəziyyət dəyişdikcə insan ona uyğun hərəkət edir. Ona görə də pandemiya zamanı tədris mövcud durum və coğrafi regiondan asılı olaraq dəyişə bilər”.

 

Professor qeyd edir ki, əsas məsələ insanların sağlamlığıdır:

 

“Bu gün yoluxmanın artdığı dövrü yaşayırıq, ona görə də ehtiyati tədbirləri əldən vermək olmaz. Mən hər zaman ənənəvi təhsilin tərəfdarı olmuşam. Çünki distantdan fərqli olaraq ənənəvi tədrisdə tam keyfiyyəti əldə etmək olur. Məsafədən təhsildə isə  müxtəlif formalarda məhdudiyyətlər mövcuddur. Lakin  yoluxmanın artdığı  çətin zaman şəraitində ənənəvi tədris məhdudlaşdırılmalıdır. Koronavirsunun bölgələr üzrə statistik göstəricisi əsas götürülməli, şagird və müəllimlərin sayı hesablanmalı, vəziyyət buna uyğun tənzimlənməlidir. Çünki şagird və tələbələrin təhlükəsizliyini təmin etmək təhsilin birinci dərəcəli vəzifəsidir, təlim isə sonrakı mərhələdə əsas rol oynayır”.

 

Qeyd edək ki, ictimai rəy sorğusuna uyğun olaraq qərarlar qəbul ediləcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları