Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-11 11:42:00
Təhsil Nazirliyindən Macarıstanda oxumaq istəyənlərə vacib xəbər - 240 namizəd təqdim edildi

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil almaq üçün müsahibə mərhələsindən toplanılan bala və hər bir ixtisas istiqaməti üzrə qarşı tərəfin ayırdığı kvotaya uyğun olaraq ilkin mərhələdə 200 nəfər əsas, 40 nəfər isə ehtiyat olaraq qarşı tərəfə təqdim edilib. Müsbət məqam ondan ibarətdir ki, namizədliyi təqdim edilən şəxslərin böyük əksəriyyəti bakalavrdan sonrakı təhsil səviyyəsi, o cümlədən 163-ü magistratura, 26-sı isə doktorantura, 11-i bakalavriat səviyyəsi üzrə olub.

 

Aşağıdakı 4 ixtisas istiqaməti üzrə rəqabət yuxarı olsa da, “kənd təsərrüfatı və su idarəetməsi”, “turizm” və yeni əlavə edilən “səhiyyə elmləri” ixtisas istiqamətləri üzrə rəqabətlilik aşağı olub:

 

“iqtisadiyyat, biznes və idarəetmə” kvotası üzrə 300 nəfər 50 yer üçün (1/6);

“mühəndislik, informasiya texnologiyaları, texnologiyalar”ı kvotası üzrə 214 nəfər 75 yer üçün (1/2.8);

doktoranturada “istənilən maraq dairəsi” kvotası üzrə 46 nəfər 25 yer üçün (1/1.8);

“beynəlxalq münasibətlər” kvotası üzrə 19 nəfər 5 yer üçün (1/3.8).

 

 

Əvvəlki illərlə müqayisədə 2021-2022-ci tədris ili üçün ərizəçilərin sayının çox olması, bu ölkədə təhsilə marağın artması, eyni zamanda nazirliyə olan çoxsaylı müraciətlər nəzərə alınaraq, ehtiyat namizədlərin kvotasının 80 nəfərə çatdırılması qarşı tərəflə razılaşdırılıb. Məlumat üçün bildiririk ki, ərizəçilərin yüksək akademik göstəriciləri yalnız onların müsahibə mərhələsinə buraxılışı üçün meyar hesab edilir.

 

Növbəti mərhələdə Macarıstan tərəfi iddiaçıların namizədliklərinin dəyərləndirilməsi məqsədilə müsahibə, sənədlərin qiymətləndirilməsi nəticəsində yekun qərarını bildirəcək.

 

Bununla yanaşı, 2021-2022-ci tədris ili üçün Macarıstan təqaüd proqramına müraciət edən və namizədliyi növbəti mərhələ üçün qarşı tərəfə təqdim edilməyən şəxslərin Nazirliyin təqdim etdiyi digər təqaüd proqramlarında iştirakı tövsiyə edilir. Müvafiq təqaüd proqramlarının siyahısı keçiddən əldə edilə bilər.

 

Əlavə olaraq bildiririk ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.

 

Vətəndaşlara bir daha bildirmək istərdik ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd təqaüd proqramına seçim zamanı heç bir rol oynamır. Eyni zamanda belə şirkətlərin vasitəçiliyi ilə Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı heç bir xüsusi üstünlüyə malik olmur. Vətəndaşlardan xahiş olunur ki, bu cür vədlərlə qarşılaşdıqları halda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti: 146 - 1) məlumat versinlər.