Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-22 10:39:00
Tanınmayan diplomlar, itirilən illər - Xaricdə əbəs yerə niyə oxuyuruq?-TƏHLİL

 

 

Tələbələri narahat edən problem: Bəzi xarici ölkələrin diplomları niyə Azərbaycanda tanınmır? – ARAŞDIRMA

 

Xaricdə təhsil almaq istəyən şəxslərə maraq xüsusən son illərdə artmaqdadır. Lakin tələbə və valideynlərin bu marağı bəzən xoş olmayan nəticələrə səbəb olur.  Onlar xaricdə universiteti bitirdikdən sonra ölkəyə qayıdanda diplomların tanınmaması problemi ilə üzləşirlər. Qeyd edək ki, Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və təsdiqinin müəyyən edilməsi (nostrifikasiyası) Lissabon Konvensiyası və Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli müvafiq qərarı ilə tənzimlənir. Xarici diplomların tanınması proseduru isə Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.

 

Ali təhsil məsələləri üzr ekspert, Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov AzEdu.az-a açıqlamasında xaricdə alınan diplomların Azərbaycanda  tanınması prosesi haqqında vacib detallara toxunub. Onun fikrincə, bizdə bu proses  inkişaf etmiş ölkərdəki kimidir.

 

“Tələbənin həqiqətən xaricdə oxuması, təhsil aldığı universitetin leqal və ya qeyri-leqal olmasının araşdırılması, tələbənin təhsil aldığı dili bilib-bilməməsi kimi hallar yoxlanılmalıdır. Ümumi olaraq tələbə əgər leqal universitetdə qanuni şərtlər ilə təhsil alırsa, onun diplomu ölkəmizdə tanınır”.

 

Ekspert vurğulayır ki, xarici diplomun ölkəmizdə tanınmama səbəblərindən biri distant təhsil forması ilə bağlıdır. Ölkəmizdə distant təhsil etibarlı sayılmadığı üçün mənfi cavabların sayı da çox olur:

 

“Tələbələr lazımi araşdırma və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsilə müraciət edirlər. Sonda isə illərini boş yerə sərf edir, Azərbaycanda tanınmayan diplom alırlar. Xüsusilə bəzi ölkələr var ki, onların özü belə o diplomu tanımır. Sorğu göndərilən zaman bu kimi problemlər gün üzünə çıxır.

Amma bununla belə,  nə bizim diplomların bəzi xarici ölkələrdə, nə də tam əksinə - bizdə tanınması məsələsi həll olunub. Ona görə də diplomların tanınmasında problemlər yaşanır.

Diplomların tanınmaması ilə bağlı isə müraciət edən şəxslərə geniş açıqlamalar göndərilir.

Diplomu tanınmayan şəxslər məhkəməyə müraciət edə bilərlər. Bu zaman geniş araşdırmalar aparılır. Ekspertiziya nəticələrinə əsasən öz ixtisası üzrə müəyyən biliyin yoxlanılması prosesi gedir. Şəxs öz sahəsi üzrə imtahan verir onun biliyi yoxlanılır. Minimum bal topladıqdan sonra tələbənin diplomunun ölkədə tanınması prosesi sürətlənir.

 

Ekspertin fikrincə, xaricdə oxumağa gedən şəxs, ilk növbədə “o ölkənin diplomu bizim ölkəmizdə tanınacaqmı?” sualına cavab tapmalıdır. Amma nüfuz xətrinə, “təki xaricdə oxuyum” deyənlər çox vaxt bunun sonunu düşünmürlər. Ona görə, xaricdə təhsil seçimi edərkən ölçüb-biçmək lazımdır ki, qayıdanda belə problemlərlə qarşılaşmasınlar.

 

Problemin əsas səbəblərindən biri   xaricdə təhsil şirkətlərinin tələbə və valideynlərin  məlumatsızlığından istifadə etməsidir. Tələbələr lazımi araşdırma və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsilə müraciət edirlər. Sonda isə illərini boş yerə sərf edirlər və Azərbaycanda tanınmayan diplom alırlar.

 

Ekspertin fikirlərinə əsasən DİM imtahanlarında az bal toplamış, kəsilən şagirdlərərin xarici ölkələrə gedib təhsil alması o qədər də ürəkaçan deyil.

 

Olimpiyadalarda DİM-də yüksək bal toplayan gənclərin xaricdə təhsil alıb geri gəlmələri daha alqışalayiq haldır.

 

Bəzi gənclərin diplom xatirinə, oğlanların əsgərlik məsələlərinə görə xaricdə təhsil məsələlərini müsbət qiymətləndirmirəm.

 

Gənclərin bakalavr təhsillərini ölkəmizdə oxuyub,magistr və doktorantura təhsillərini xarici ölkələrdə almaları daha yaxşı olar.

 

Xaricdə Təhsillə bağlı  Dövlət Proqramı qəbul olunub. Kim ki oxumağa dövlət təminatı ilə gedirsə, onların diplomları birmənalı tanınır. Amma kimlərsə müəyyən şirkətlərin, hazırlıq mərkəzlərinin vasitəsilə attestatla, heç bir imtahan nəticəsi tələb olunmadan xaricdə oxumağa gedirsə, onlar belə problemlərlə üzləşirlər. 

 

Sonda isə onu qeyd edə bilərik ki,tələbələr ayıq-sayıq olmalı, əvvəldən araşdırma aparmalıdırlar. Bu şərtlərə əməl edəcəkləri təqdirdə, heç bir problemlə qarşılaşmayacaqlar.