Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-26 10:48:00
“Təmayülləşmə yalnız  bu halda fayda verə bilər” – Alimlə müəllimin fikirayrılığı

 

Təhsil Nazirliyinin 2017/2018-ci tədris ilində hesabatında bildirilib ki, ölkə üzrə 722 məktəbdə 1.206 sinifdə 27.005 X sinif şagirdi təmayüllər üzrə təhsilə cəlb olunub.

Bəs təmayülləşmə siniflərinin təhsilə təsiri nədir? Dünyada təmayülləşmə necə aparılır?

Sosioloq-alim, professor Əhməd Qəşəmoğlu AzEdu.az-a açıqlamasında deyib ki, hazırda müstəqil Azərbaycan üçün hansı təhsil sisteminin daha keyfiyyətli nəsil yetişdirə biləcəyini düşünməliyik:

“Təcrübə göstərir ki, istər bizdə, istərsə də xarici ölkələrdə əgər təmayülləşmə müəyyən məktəblərdə həqiqi  mənada seçimlə, uşaqların yığılıb daha yaxşı istiqamətdə hazırlamağına kömək edirsə, bu, pis deyil. Məktəblərin hamısında eyni vaxtda yaxşı səviyyə yaratmaq mümkün deyil. Lakin  riyazi, filoloji və ya bioloji təmayüllü siniflərdə yüksək səviyyəli şərait yaradılsa, Azərbaycanın istedadlı gənclərini ora yığıb çox yüksək mütəxəssislər hazırlasaq, yaxşı nəticə verər”.

Ekspertin sözlərinə görə, indiki məhdudiyyətlər çərçivəsində lazımı qədər müəllim hazırlamaq, maddi texniki vəsaitlə, dərsliklərlə təmin etmək mümkün olmasa da təmayülləşmə işimizin xeyrinə olar:

“Sonra həmin təmayüllü məktəbə uşaqlar rüşvətlə, müəllimlər isə əməkhaqqı yüksək olduğuna görə qəbul olmasa yaxşı olar. Elə məktəblərdə maaş yüksək olmalı, yaxşı ixtisaslaşmış müəllimlər yığılmalıdır. Bütün kriteriyalar ödənsə təmayülləşmə indiki halda bizə faydalıdır”.

Sosioloq dünya təcrübəsindən də danışıb:

“Digər ölkələrdə bu proses müxtəlif  şəkildə tətbiq olunur. Qardaş Türkiyədə uşaqlar  qabiliyyətinə görə seçilib daha yüksək kateqoriyalı məktəblərə köçürülür. Yaxşı nümunə  ondan ibarətdir ki, ölkə öz qabiliyyətli  uşaqlarını aşağı sinifdən seçir və onları dövlətçilik marağından hazırlayır. Təmayülləşmə, qruplaşma, məktəbləri kateqoriyalara görə ayırma məsələsi Amerikada və digər ölkələrdə də tətbiq olunur. Fəaliyyət doğru, obyektiv olsa bu, təhsilimizin xeyrinədir.

Riyaziyyatçı Məhəmməd Məmmədbəyli təmayülləşməyə qarşı olduğunu bildirib.

“Doğru hesab etmirəm, çünki orta məktəbin vəzifəsi bütün fənlərdən minimal biliklər verməkdir. Təmayülləşmə olduqda isə belə olmur.  Bizdə məktəbin vəzifəsi dəyişib. Şagirdləri həyata deyil, ali məktəbə hazırlayır. Daha yaxşı bilik vermək üçün əlavə fakültativ məşğələlər o səpkidə olmalıdır. Yoxsa, riyaziyyatçı olmaq üçün ancaq riyaziyyat oxuyub tarixi oxumamalı, həkim olmaq istəyən ancaq biologiya oxumalıdır kimi yanaşma düzgün deyil”.

Müəllimin sözlərinə görə orta təhsil müddəti uzadıldığı halda təmayülləşmə müsbət nəticə verər:

“Xarici ölkələrdə orta təhsil müddəti 12, hətta bəzilərində 14 ildir. Onlarda təmayülləşmə ola bilər, amma bizdə 11 illik sistemdə bu, mümkün deyil. Bunun üçün  gərək təhsilin müddəti artırılsın və mərhələlərə bölünsün. Məsələn, bizdə icbari təhsil 9, Gürcüstanda  isə 8 ildir. 12 illik sistemə keçirilsə, 8 illik icbari təhsil olsa, geridə qalan 4 ili iki-iki bölərək  son iki ildə təmayülləşmə həyata keçirmək mümkündür. Təhsil müddəti uzadıldığı halda təmayüllşmənin çox müsbət faydası olacaq”.

Onun sözlərinə görə, valideynlərin də yanaşmasında qüsurlar  var:

“Hamı deyir ki, övladım mütləq ali təhsilli olmalıdır. Bu da yalnışdır. 12 illik sistemə keçirilsə mərhələlər bir-bir olsa, imtahan verən abituriyentlərin sayı da kəskin azalacaq. O halda buraxılışla qəbul imtahanını da birləşdirmək mümkündür.  Təmayülləşmə üçün ilk növbədə təhsilin müddəti uzadılmalı, mərhələlərarası imtahanlarda obyektivlik gözlənilməli və peşə təhsilinin inkişafına diqqət yetirilməlidir. Təmayülləşməyə qədər olan mərhələdən keçə bilməyənlər  peşə təhsili alıb həyatda bir yer qazanmalıdırlar”.