Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-26 10:20:00
“Rəsm müəllimləri baş aldadır, Musiqi fənni isə formal keçirilir”- Məktəblərdə ölən yaradıcılıq

 

 

Orta məktəblərdə fundamental və humanitar elmlər tədris olunsa da, yaradıcı təfəkkürün inkişafına o qədər də önəm verilmir. Təhsil naziri Ceyhun Bayramov da illik hesabat mərasimindəki çıxışında bu mövzuya toxunaraq, növbəti tədris ilində şagirdlərin yaradıcılıq qabiliyyətini artırmaq, onlarda yaradıcı, mədəni təfəkkürü inkişaf etdirmək üçün ciddi işlər görüləcəyini bildirib. Amma hələ ki, vəziyyət qənaətbəxş deyil. Bəziləri  şagirdlərin yaradıcılıq qabiliyyətinin olmamasını əzbərçi test üsulu ilə əlaqələndirsə də, digərləri bunun səbəbini yaradıcılıq tələb edən fənlərin tədris olunmamasında görürlər. Bəs şagirdləri incəsənət ruhunda yetişdirmək, onların yaradıcı təxəyyülünü inkişaf etdirmək üçün hansı tədbirləri görmək,  öncə nələrdən başlamaq lazımdır?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Xalq artisti, eyni zamanda, tədrislə də məşğul olan professor Mənsum İbrahimov orta məktəblərdə keçirilən musiqi dərslərinin formal xarakter daşıdığını deyib:

“Orta məktəb vaxtı biz çalışırdıq ki, daha çox humanitar fənləri oxuyaq. Mənim vaxtilə Azərbaycan dili və ədəbiyyatı fənnini yaxşı oxumağım bu gün sənətimdə xeyli kömək edir. Sözlərin quruluşu, əruz, söz ehtiyatı baxımından bu fənlər çox önəmlidir.

Orta məktəbdə musiqi dərsləri də keçirilir, amma çox formal xarakter daşıyır. Yaxşı olardı ki, ən azından uşaqlara neçə muğamımız olduğu, şərqin ilk operası, bəstəkarlarımız haqda məlumatlar kimi elementar musiqi bilikləri verilərsin. Sənətkar olub-olmamasından asılı olmayaraq, hər bir azərbaycanlının muğam bilgilərinin olması çox yaxşıdır. Çünki bu, bizə xas olan milli sərvətdir. Bununla bağlı nəzəri cəhətdən hansısa proqram tərtib olunsa, yaxşı olar. Söhbət şagirdin gələcəkdə bu sənətə gəlib-gəlməyəcəyindən getmir. Bu, onun vətəndaş borcudur. Dünya çox kiçikdi, azərbaycanlılar dünya arenasına çıxıaraq, müxtəlif  polemikalara girirlər. Mənfur qonşularımız bizim musiqiləri götürüb, deyir ki, “bu, bizimdir”. Amma həmin bugünün şagirdləri, sabahın isə gəncləri olan övladlarımız  azərbaycanlı bəstəkarları, janrları tanısalar, onun bizə məxsus olduğunu sübut edə biləcəklər”.

Tovuz Gənclər Evinin  dərnək rəhbəri Kəmalə Hümbətova isə orta məktəblərdə şagirdlərin yaradıcılığını inkişaf etdirəcək kurslar açılmasını təklif edib:

“Mən heç bir ödəniş almadan, könüllü şəkildə rayon məktəblərinə gedir, şagirdləri yaradıcı baxımından maarifləndirirəm. Bu yaxınlarda uzaq kənd məktəbinə getdim. Bir-bir siniflərə girib şagirdlərlə söhbət etdim. İnanın ki, əgər bir sinifdə 15 uşaq varsa, onun ən azından 2-3-nün qabiliyyəti var. Az da olsa, cızmaqara edirlər. Amma bunu istiqamətsiz edirlər.

İstərdim ki, hər məktəbdə şagirdlərin yaradıcılığını inkişaf etdirəcək kurslar açılsın. Belə olduqda istedadlı uşaqlar da üzə çıxacaq. Mən orta təhsilimi Rusiyada almışam. Elə mənim öz rəsm qabiliyyətimi də,  üçüncü  sinifdə oxuyarkən  rəsm müəllimim aşkarlayıb. Bizdə isə danılmaz faktdır ki, orta məktəblərdə rəsm dərsi tədris olunmur. Azərbaycanda rəsm müəllimləri sadəcə, uşaqların başını aldadır, rəsmə çox önəmsiz dərs kimi yanaşırlar. Amma orada bizə hər şərait yaradılırdı”.

O, valideynlərin də övladlarının yaradıcılığında maraqlı olmadıqlarını deyib:

“Mən indi istedadlı uşaqları seçir, onları mükafatlandırıram. Kənd məktəblərinə gedib görürəm ki, uşaqların marağı çoxdur, amma onlar nəticə görmək istəyirlər. Nəticə olmayanda həvəsdən düşürlər. Mütəmadi sərgilər, yarışlar keçirilməsini istəyirlər. Mən bunu çox edə bilmirəm. Maddi çətinliklər olur. Şagirdlərə diplom hazırlamaq, hədiyyələr almaq lazımdır.  Bir dəfə bütün uşaqları yığıb rayonda yarış keçirdim. Bu mənə biraz baha başa gəldi. Direktor da mənə dəstək oldu. Amma bunun üçün hər dəfə müraciət etmək olmur.

İşimə yeni başlayanda valideynlər buna pis baxırdı. Uşaqlar təkidlə dərsə gəlirdilər. Valideynlər hansı işdə pul varsa, hansı sənət övladının adını yüksəldəcəksə, onunla məşğul olmasını istəyirdilər. Amma sonra uşaqlarla söhbət etdim. Dedim ki, mən bu ixtisasa qəbul olunanda tanışlarım mənə güldü. Amma sonradan özümü təsdiqlədim. Bu, onları həvəsləndirdi”.

Onun sözlərinə görə, məktəb rəhbərləri, müəllimlər  başlamadan uşaqların həvəsini öldürürlər:

“Məktəblərdə danışıb könüllü rəsm tədrisinə də razı olduğumu bildirmişəm. İstəyirdim ki, şənbə və bazar günləri uşaqları yığıb könüllü dərs keçim. Bu məqsədlə, bir məktəbə getdim və çox pis halla rastlaşdım. Dedim ki, istedadlı uşaqları seçmək üçün gəlmişəm. Direktor isə cavab verdi ki,  “onlar kitabını oxusunlar, bu gün verdiyimiz dərsi oxuyub gəlmirlər. Pul yığanda nə vaxt gətirirlər ki, kağız qələm də alsınlar”. Uşaqları tənqidi formada böyüdür, başlamadan onların həvəslərini qırırlar. Belə olduda məktəblilər ruhdan düşürlər”.

Kəmalə Hümbətova rəsm müəəllimlərinin dəftər, qələm alın deməklə kifayətləndiklərini bildirib:

“Uşaqları yaradıcı istiqmətdə inkişaf etdirmək üçün öncə araşdırma aparmaq lazımdır. Həqiqətən Azərbaycanda incəsənətə, mədəniyyətə dəyər verilməsini istəyiriksə, orta məktəbdən başlamalıyıq. Hələ qədim dövrlərdə də imkanlı  təbəqə övladlarını rəsm dərslərinə qoyub. Bu inkişafın bizdə də olmasını istəyiriksə orta təhsil müəssisələrində bu dərslərin tədris olunmasına fikir verməliyik. Müəllimlər demək olar ki, rəsm dərsi keçmir. Orta məktəbin 5-6-cı sinifləri üçün hazırlanan təsviri incəsənət kitabı o qədər zəngindir ki. Mən hətta işə qəbul imtahanında da o kitabdan istifadə etdim. Orada rəngkarlıq, rəsmin növləri, heykəltəraşlıq- hər birini çox aydın izah ediblər. Düşüncəsi hədsiz zəif olan uşaq belə o kitabı dərk edə bilər. Çox zəngin vəsaitdir. Sadəcə məktəblərdə o kitabların heç birinin üzü açılmır. Müəllimlər də “bir qələm, rəsm dəftəri alın, özünüz üçün cızmaqara edin” deməklə kifayətlənirlər”.

Rejissor Mirsahib Ağazadə isə bu haqda proqramın əslində, çoxdan tərtib edilməli olduğunu vurğulayıb:

 “Təhsil naziri tərəfindən belə  bir fikrin səslənməsini təqdirəlayiq sayıram. Amma bu fikir kimi qalmasa təbii ki...

Ümumiyyətlə, sovet dönəmində və dünya təcrübəsində bu məsələ həmişə aktual olub. Olduqca həssas bir məsələdir. Təəssüflər olsun ki, bu məsələ ilə bağlı hələ hansısa işlər görmək barədə fikir söylənilir. Çoxdan proqram tərtib olunmalı və bu proqram üzrə geniş tədris prosesi getməli idi”.

Onun sözlərinə görə, tədris prosesində yaradıcı təfəkkürü inkişaf etdirmək üçün ilk növbədə yaradıcı təfəkkürə malik pedaqoqika formalaşmalıdır:

“Bu işi yaradıcılıqla məşğul olan insanlarla həyata keçirmək tam doğru olmaz məncə. Müəllim böyük mənada yaradıcı təfəkkürə malik insan olmalıdır əslində. Əgər deyilsə, ən azından bu yöndə müəyyən kurs keçməlidir. Çünki hər yaradıcı adamın pedaqoji fəaliyyəti müsbət effekt verə bilməz. Amma müəllim birbaşa öz ixtisası ilə məşğul olan insandır. Bu mənada yaradıcı təfəkkürün formalaşması yarıdan çox elə müəllimlərin üzərinə düşür. Əlavə olaraq isə müəyyən “master klasslar”, treninq, məşğələ və dərnəklər də təşkil olunmalıdır. Uşaqları məcburi yox, könüllü rəsm sərgilərinə, muzeylərə, teatrlara cəlb etmək lazımdır. Şou ilə ciddi sənət arasındakı köklü fərqi ilk olaraq pedaqoqlar sonra onlar tərəfindən şagirdlər anlamalıdır. Həm də yaradıcı təfəkkür yuxarıda sadaladıqlarımdan ibarət və ya mütəmadi mədəni həyatın reallaşmasından ibarət deyil. İstənilən fənnin tədrisində bu proses aktiv həyata keçirilə bilər. Ən mühüm məsələ şagirdlərin özünüifadə azadlığını təşkil, təmin etməkdir. Əgər şagird fikrini azad və sərbəst ifadə edə bilmirsə onda nəinki yaradıcı təfəkkür, heç normal özünüidarə üçün belə təfəkkür formalaşmayacaq”.

Musiqi məktəbinin fortopiano müəllimi Təranə Nuri isə çalışdığı məktəbdə bu istiqamətə xeyli işlər görüldüyünü bildirib:

“Bunun üçün uşaqların incəsənət qabiliyyətini üzə çıxarmaq, məktəbdə ədəbiyyat gecələri, rəsm sərgiləri keçirmək lazımdır. Ümumiyyətlə, məktəbdə keçirilən tədbirlər şagirdlərin dünagörüşü, estetik zövqlərinin artmasına xidmət etməlidr. Bizim məktəbdə bu işlər müntəzəm görülür. Şair və bəstəkarların yubileylərini qeyd edirik. Fənn gecələri, rəsm sərgiləri keçiririk. Məktəbimizdə 4 muzey fəaliyyət göstərir. Dram dərnəyimiz var. Burada şagirdlərin ifasında tamaşalar göstərilir. Şagirdlərin yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq üçün dərsimi günün tələblərinə uyğun qurub, bu yöndə bütün enerjimi sərf edirəm. Bizim məktəbdə şagirdlərin yaradıcılığı yüksək səviyyədədir. Başqa məktəblərin şagirdləri də muzeylərlə tanış olmaq üçün məktəbimizə  gəlirlər”.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları