Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 14:13:24
“Sinif rəhbəri elə keyfiyyətlərə malik olmalıdır ki...” - Sosioloq DANIŞDI

“İşlər elə təşkil olunmalıdır ki, sinif rəhbərinin də ona marağı olsun. Yalnız Nazirlikdən təlimat gəlməklə problem həll olunmayacaq. Bunun öz sistemi olmalıdır. Hər adamı sinif rəhbəri qoymaq olmaz”.

Bu sözləri AzEdu.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. O, sinif rəhbri üçün zəruri olan keyfiyyətləri sadalayıb:

“Sinif rəhbəri çox böyük fiqurdur. O, eyni zamanda həm yaxşı təşkilatçı, psixoloq olmalı, həm də onda uşağa məhəbbət olmalıdır. Yəni sırf  kiminsə dərs yükü az olduğuna görə sinif  rəhbərliyini ona vermək olmaz. O, körpə və  yeniyetmələrin mənəviyyatının qurulmasında böyük rol oynayacaq adamdır. Təəssüf ki, bizdə çoxu bunu edə bilmir. Hər müəllimlərin fərqli qayğıları ola bilər. Sinif  rəhbərini xüsusi olaraq yetişdirmək lazımdır. Kollektiv bir orqanizmdir. Onun yetişməsi, boy atması həmin sinif rəhbərinin qayğısı ilə çox bağlıdır. Sinif rəhbəri özünü elə apara bilər ki, bütün müəllimlər onunla hesblaşsın. O, müəllimlərə tövsiyə verə bilər. Çünki sinif rəhbəri elə hesab etməlidir ki, kollektiv onun öz ailəsi, uşaqlarıdır, onlarla nəfəs alır. Orada hər kəsin zəif tərəfi, bacarıqları, psixoloji xüsusiyyətləri-hər biri barədə sinif rəhbərində məlumat olmalıdır”.

Sosioloq sinif rəhbərlərinin xüsusi kartı olmasını təklif edib:

“Hətta yaxşı olardı ki, sinif rəhbərində uşaqların mənəvi-psixoloji tərəqqisi ilə bağlı kartı olsun. Orada uşaqların fiziki sağlamlığı, mənəvi zənginlik, əməyə münasibəti  barədə məlumatlarəks olunmalıdır. Həmin məlumatlara əsasən sinif rəhbəri hər fənn müəllimi ilə söhbət edə bilər. Məsələn, sinif rəhbəri  hansısa uşağın riyazi bacarıqlarının olmadığını, amma tarixi daha çox sevdiyini görsə, o, həmin müəllimlərlə söhbət etməli, uşaqlara bu haqda məlumat verməlidir. Buna görə də biz  hazırda Azərbaycanda sinif rəhbəri institutunun rolunu artırmağa çalışmalıyıq”.

Onun sözlərinə görə hazırda sinif rəhbəri təyin olunarkən etalon keyfiyyətlər nəzərə alınmır:

“Əvvəllər hansısa şəxsiyyətin formalaşmasında ailə, məktəb və cəmiyyət üçlü rol oynayırdılar. İndi isə təəssüf ki, ailədə də, cəmiyyətdə də böyük gərginlik var. Dövlət nə qədər  güclü olsa, ailələrə gərginliyin birdəfəlik azaldılması ilə bağlı qəti göstəriş verə bilməz. Bunun üçün uzun illər işlər görmək lazımdır. Deməli,  yeni nəslin yetişməsi üçün məktəbin vəzifələri artmalıdır. Burada sinif rəhbərinin əlahiddə rolu olur. Çünki futbol komandasını baş məşqçiyə həvalə etdikləri kimi hər sinif rəhbərinə  də kollektiv etibar olunur. Sinif rəhbəri xüsusi stimullaşdırıla, əlavə əməkhaqqı ala bilər. Bunlar elə təşkil olunmalıdır ki, sinif rəhbərinin də ona marağı olsun. Yalnız Nazirlikdən təlimat gəlməklə bu həll olunmayacaq. Bunun öz sistemi olmalıdır. Bu sahədə yeni mexanizm hazırlamaq lazımdır.
İndi əksər məktəblərdə deyirlər ki, filan müəllimin dərs saatı azdır. Gəlin ona əlavə bir sinif verək ki, maaşı qaydasında olsun. Həmin sinif rəhbəri də formal xüsusiyyətlərə  malik olur. Amma indi məktəbin vəzifələri artmalı, bu sahədə aparıcı rol sinif rəhbərinə məxsus olmalıdır. Hər adamı sinif rəhbəri qoymaq olmaz”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları