Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-07 16:33:00
Kənd müəllimi AzEdu-ya YAZDI: “Elektron lövhənin adı gələndə çoxları qorxur”

AzEdu.az saytı Azərbaycanın müxtəlif  bölgə və şəhərlərində çalışan müəllimlərin silsilə yazılarına start verir. İlk yazını isə ucqar Vistən kəndində çalışan Rusif Məmmədov yazıb. O, riyaziyyatın kənd mühitində tədrisi ilə bağlı fikirlərini bölüşüb, üzləşdiyi çətinlikləri dilə gətirib:

“Sizə Lerik rayonunun Vistən kənd tam orta məktəbindən yazıram. Riyaziyyat-informatika müəllimiyəm. Vistən kənd uşaqlarına riyaziyyat fənnini tədris edirəm. Bir müddət şəhər məktəblərində, universitet və kollecdə də çalışmış, oradakı iş mühiti ilə tanış olmuşam. Burada dərs demək isə bir qədər fərqlidir. Bildiklərimi bacardığım qədər yeni formatda şagirdlərimə çatdırmağa çalışıram. Amma riyaziyyatın tədrisində yeni metodlardan istifadə etmək üçün ilk növbədə şərait olmalıdır. Bu şəraitdən əlavə İKT ləvazimatları proyektor, kompüter və uşaqların qrup şəklində bölünməsi üçün müəyyən ləvazimatlar da mütləqdir. Bunlar bizdə azlıq təşkil edir. Bu  səbəbdən  mən həmin yeniliklərdən istifadə edə bilmirəm. Bizim resurslarımız az olduğuna görə tətbiq etdiyimiz metodiki üsullar da tez-tez təkrarlanır. Uşaqlar bundan  yorulur. Təbii ki, mən məcburən şagirdlərimə müəyyən biliklər verməyə çalışıram. Amma  bunlar ənənəvi metodlarla mümkün deyil.

Şagirdin dərsə olan həvəsi öz müəlliminə olan məhəbbətindən asılıdır. Onun müəllimə istəyi, bağlılığa varsa, dərsi sevəcək. Uşaq müəllimi sevirsə müəllim dərs zamanı başqa bir şey də danışsa da, şagird onu  dərs kimi qəbul edib dinləyəcək. Təbii ki, müəllim bundan istifadə etməməlidir. Mən imkan daxilində yeniliklər tətbiq etməyə çalışıram. Məsələn, uşaqlarla dərsdən sonravə ya elə dərs müddətində müəyyən yarışlar keçirirəm. Amma bu, şagirdlərimi qane etsə də, məni qane etmir. Çünki bu metodların varlığından şagirdlərin xəbəri olmasa da biz məlumatlıyıq. Məktəblilərin xəbəri olmadığına görə öz müəllimlərinin metodunu daha yaxşı bilirlər. Amma mən bilirəm ki, bundan daha yaxşıları var və şərait olmadığına görə onları tətbiq edə bilmirəm.

Dediyim kimi, mən şəhər məktəbində, universitet və kollecdə çalışmışam. Orada dərslərimi daim elektron lövhə, kompüter və proyektorla keçirdim. Bu metodlar  həm mənim üçün çox rahat idi, həm də sinifdə dərs keçməkdən daha yaxşı və effektivdir. Həm müəllimə rahat olur, həm də dərs sürətli gedir. Bir şagirdi çağırıb misalı lövhədə yazmağa ehtiyac yoxdur. Misalı kompüterdən ekrana xaric edirsən, iş bitir. Heç iki-üç dəqiqə vaxt sərf edərək lövhəni silməyə də ehtiyac yoxdur. Bir düyməni basırsan lövhə təmizlənir. Uşaqları qrup şəklində bölmək üçün isə hazır proqramlardan istifadə olunur. Evdə onun üzərində işləyir, sinifdə isə uşağa hazır şəkildə təqdim edirik. Dərsin əlavə materiallarını şagirdlərə onlayn göndərirdim. Şagirdlər də dərsdə nələrisə yazmağa vaxt itirmirlər. Onlar yalnız dərsi dinləyib bilmədiyini soruşur. Nəsə yazmalarına ehtiyac qalmır.  Çünki materialları onların elektron poçtuna yollayırdım. Əslində bu, çox mühüm bir şeydir. Uşaqda müasirlik yaradır. Şagird ev tapşırıqlarını elektron formada yazıb axşam mənə göndərirdi. Mən də onun səhvlərini qeyd edib yenidən yollayırdım. Uşaq səhər dərsə gələndə artıq müəyyən biliklərə sahib olurdu. Hansısa ev tapşırırğında ilişəndə gözləmirdi ki, sabah dərsdə müəllimdən soruşaram. Belə olanda şagird də evdə bekar qalmır, işinə davam edir. Ev tapşırıqlarının üzərində işləməyə dərsdə çox vaxt sərf olunur. Halbuki onları evdə kompüterdə rahat şəkildə yoxlamaq olar. Sözsüz ki, bu texnologiyalar lazımdır. Onlarda müəyyən proqramlar var. Bu şəraiti bizə yaratmırlarsa, biz yenililəri necə tətbiq edək?

Mənim işlədiyim məktəbdə döşəmədən zirzəmi görünür. Şagird orada oturmağa belə çəkinir. Məktəbdə heç internet də yoxdur. Təsəvvür edirsiniz? Dərsdə internetdən istifadə etmirik. Otaqda adi lampa, “razetka” tapmırıq ki, kompüteri qoşub onu uşağa göstərək. Aidiyyatı qurumlara müraciət etmişəm. Bəzən bu müraciətlər onların xoşuna gəlmir. Başa düşmürlər ki, mən  bunu öz evim üçün istəmirəm, məktəbimiz, şagirdlərim üçün istəyirəm. Bütün bunlar müəllimlərdə fikir dəyişikliyi yaradır. İş yerlərini dəyişmək haqda düşünürlər. Gənc müəllimlər sözsüz ki, işləmək istəyirlər. Amma onları qane edən, dəstəkləyən mühitdə... Mən keçən il nə qədər dedim. Gördüm ki, nəticəsi olmadı. Sonda özüm məcbur olub markerli lövhə aldım. Tabaşir şagirdin də, müəllimin də sağlamlığına mənfi təsir edir.

Şəhər və kənddəkibəzi riyaziyyat müəllimləri müəyyən kurslardan keçməlidirlər. Onların əksəriyyəti proqramla işləməyiblər. Elektron lövhənin adı gələndə çoxu çəkinir. Xüsusilə də riyaziyyat dərsi elektron lövhəsiz mümkün deyil. Çünki 45 dəqiqə vaxt var. Bu vaxt ərzində proqramı çatdırmaq, uşağa mənimsətmək lazımdır. Təbaşiri markerlə əvəzlməklə iş bitmir. Marker sadəcə təmizlik yaradır. İndi o qədər proqramlar var ki. Valideynlərə övladlarının nəticələri haqda məlumat verirsən, onun yazı işlərini, summativlərin cavabını  göndərirsən.   Müəllimin fənni tədris etmək üçün biliyi var, sadəcə onu elektron şəkildə tətbiq etmək üçün İKT bacarıqları olmalıdır. Bunun üçün riyaziyyat-informatika müəllimlərinə üstünlük verilməlidir. Amma məncə İKT bütün insanlar üçün maraqlı olmalıdır, nəinki riyaziyyat-informatika müəllimləri”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları