https://www.zirve.edu.az/
09.02.2020 12:03
İqlim dəyişikliyi Azərbaycana  ciddi zərər vura bilər  
Dünyada baş verən iqlim dəyişikliyinin təsiri artıq aydın surətdə görünməkdədir, bunun əlamətləri Azərbaycanda da müşahidə edilməkdədir. İqtisadiyyatın digər sahələri ilə müqayisədə iqlim şəraitindən ən çox asılı olan sahə kənd təsərrüfatıdır.

AzEdu.az xəbər verir ki, kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli  bildirib ki, kənd təsərrüfatı istehsalı hava şəraitinə həssasdır və beləliklə, birbaşa iqlim dəyişikliyinin təsirinə məruz qalır:

"Hazırda dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycan ərazisində mövsüm üçün xarakterik olmayan hava şəraiti müşahidə edilir. Qış fəslinin ən sərt dövrü olan və el arasında “kiçik çillə”nin başlanğıcı hesab edilən fevral ayında havanın temperaturu normadan yüksəkdir və bəzi günlərdə aran rayonlarında 15-20% təşkil edir.

Ümumiyyətlə, Azərbaycan iqlim dəyişikliyinə həssas ölkədir, əkin sahəsinə görə əsas bitki isə taxıl bitkisidir. Payız fəslində normalda kifayət qədər yağıntı düşən bölgələrdə əkin mövsümü zamanı yağıntının ümumiyyətlə olmaması ciddi çətinliklər yaradıb. Torpaqda rütubətin kifayət qədər olmaması səbəbindən səpilən toxumların çox hissəsi cücərməyib, cücərmiş toxumlar isə inkişaf etməyib. Bitkilər üçün mövcud əlverişsiz şərait gəmiricilər üçün ideal şərait hesab olunur və onlar mövcud şəraitdən istifadə edərək nəsillərini daha çox artırır, bitkilərin kökü və yerüstü orqanları ilə qidalanaraq ciddi ziyan vururlar. Kəskin iqlim dəyişmələri zamanı məhsuldarlıq aşağı, məhsul itkisi böyük olur və məhsulun keyfiyyəti aşağı düşür”.

Ekspert bildirir ki, ölkədə bitkiçilik məhsullarının 80 faizindən çoxu suvarılan torpaqlarda istehsal olunur: “Bu baxımdan, iqlim dəyişmələrinin təsiri ilə su resurslarının azalması kənd təsərrüfatını ciddi təzyiqlə üzləşdirib. “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirini azaltmaq üçün önləyici tədbirlərin görülməsi nəzərdə tutulub. İqlim dəyişikliyinin təsirinin azaldılması üçün görülən tədbirləri iki qrupa ayırmaq olar: 1. adaptasiya tədbirləri, 2. yumşaldıcı tədbirlər.

Adaptasiya tədbirləri kənd təsərrüfatı fəaliyyətlərini iqlim dəyişikliyinə uyğunlaşdırmağı nəzərdə tutur. Belə tədbirlər həm dövlət səviyyəsində, həm də fərdi fermer təsərrüfatı səviyyəsində görülə bilər. Əgər iqlim dəyişikliyi su resurslarının azalması ilə nəticələnibsə, biz öz fəaliyyətimizi su çatışmazlığına uyğunlaşdırmalıyıq. Misal üçün, əkin sahələrinin suvarılmasında ənənəvi selləmə suvarmadan imtina edib müasir suvarma metodlarını tətbiq etməliyik. Mütərəqqi suvarma metodlarının tətbiqi həm suya qənaət etməyə, həm də torpağın şoranlaşmasının qarşısını almağa imkan verir.

 

Yumşaldıcı tədbirlər isə iqlim dəyişkliyini yaradan səbəblərin aradan qaldırılmasına yönəlir. İqlim dəyişikliyinin əlamətlərindən biri də yağıntının qeyri- bərabər paylanmasıdır. Yəni illik yağıntının miqdarı normaya uyğun olur, lakin bu yağıntı həm fəsillər üzrə, həm də coğrafi ərazi üzrə bərabər paylanmır”.

N.Nəsirli qeyd edir ki, iqlim dəyişikliyinin ətraf mühitə və biomüxtəlifliyə böyük təsirləri var: “İqlimin dəyişməsi meşələrdə biomüxtəlifliyə, meşələrdən istifadə edən və dolanışığı meşədən asılı olan icmalara böyük təsir göstərir.

İqlim dəyişikliyinin təsiri nəticəsində qlobal miqyasda dəniz səviyyəsinin qalxması sahil bölgələrdə daşqının tezliyi və intensivliyini artırır. Belə daşqınlar əkin sahələrini məhv edir, torpaq eroziyasını sürətləndirir, suyu çirkləndirir və yollara, körpülərə, məktəblərə və digər infrastrukturlara ziyan vurur. Lakin Azərbaycanın yerləşdiyi coğrafi məkanda iqlim dəyişikliyi güclü daşqınlarla deyil, yağıntının azlığı və quraqlıqla müşahidə edilir.

Vaxtilə 20 ildə bir dəfə baş verən ekstremal hava şəraiti hazırda 2 ildən bir baş verir. Başqa sözlə, əgər 50 il bundan öncə quraqlıq 20 ildə bir dəfə baş verirdisə, hazırda 2 ildən bir quraqlığın baş verməsi gözlənilir. Ona görə də, hazırkı şərait kənd təsərrüfatında istehsal modellərinə yenidən baxmağı, müasir becərmə texnologiyalarının və suvarma metodlarının tətbiqini tələb edir”.