https://www.zirve.edu.az/
11.01.2020 14:38
Beyinə xüsusi cihaz yerləşdirmək istəyən, ən qəliz proqramlarla işləyən şagirdlərimiz - REPORTAJ
Çap et

“Dərslərimiz əvvəlkindən xeyli fərqlənir. Proqramlaşdırma-cizgi filmləri, oyunların hazırlanmasını öyrənirik.

Gəlin, sizə hazırladığım cizgi filmini göstərim...

...Baxın, bu it modeli maneələri aşaraq finişə çatmalıdır. Öhdəsindən gələ bilsə, daha çətin səviyyə başlanacaq. Hər səviyyəni keçmək üçün bilik, bacarıq lazımdır.  Düzü, bu, o qədər də çətin deyil. Amma onları hazırlamaq çox vaxt alır”.

Bakı şəhəri 60 nömrəli tam orta məktəbin VI sinif şagirdi Ayla Rəsulova az yaşına baxmayaraq, proqramlaşdırmanın əsasları barədə xeyli məlumatlıdır. Müxtəlif virtual oyunlar, cizgi filmləri hazırlaya bilməsi bunun əyani sübutudur. O bu biliklərə Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkətinin əməkdaşlığı ilə ərsəyə gələn “Rəqəmsal bacarıqlar” layihəsi nəticəsində nail olub.

“Rəqəmsal bacarıqlar” barədə:

Tətbiqinə 2017-ci ildə başlanan layihə çərçivəsində alqoritmik düşüncə və məntiq, layihə işləmə bacarıqları inkişaf etdirilir və proqramlaşdırmanın əsasları öyrədilir. İnformatika fənninin yeni formatda tədrisindən ibarət olan layihəyə Bakı məktəblərindən start verilsə də, getdikcə bölgələrə də yayılıb. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.

 Ən innovativ dünya metodlarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.

“Sistem blokunun içərisində ana plata var. Mən isə ata plata yaratmaq istəyirəm”

Layihə çərçivəsində tədris aparan müəllimlər isə xüsusi təlimlərdən keçərək imtahan vasitəsilə bilikləri sınandıqdan sonra təyin edilirlər. Onlardan biri də Gülşən Məhərrəmovadır.  

Gülşən müəllim layihə çərçivəsində VI siniflərə proqramlaşdırmanın sirlərini öyrədir. Bu mərhələyə çatmaq üçün bir sıra təlim və imtahanlardan keçsə də, şagirdlərin fərqli fantaziyalarını maraqla qarşılayır:

“Burada tədris çox maraqlıdır. Keçən illə müqayisə etsək, problemlərimiz də aradan qaldırılıb. Şagirdlər kompüter qarşısında oturub sərbəst şəkildə proqramlaşdırmanın sirlərini öyrənirlər. Bəziləri bunu 45 dəqiqə ərzində qavraya bilmirlər. Belə olduqda növbəti dərsdə həmin mövzunun üzərində təkrar işləyirik.

Bundan əlavə, keçən il iş dəftəri olduğuna görə, işimiz çox rahat idi. Şagirdlər izah etdiyim mövzunu öncə iş dəftərində işləyir, daha  sonra kompüterdə tətbiq edirdilər. Bu cür işləmək çox asan olurdu. Amma indi məcburən özümüz şəxsi dəftər tutur, lazımi şeyləri onlara yazdırırıq.

Şagirdlərin layihəyə maraqları böyükdür. Hətta başqa ölkənin məktəbliləri ilə layihə yaratmağı düşünürlər.

Çox yaxşı fantaziyaları var. Hətta keçən dərs bir şagird dedi ki, sistem blokunun içərisində ana plata var. Mən isə “ata plata” yaratmaq istəyirəm. (gülür)

Başqa bir şagirdim deyir ki, kompüterdə proqram yükləndiyi kimi mənim də beynimə biliklər yüklənsin. Məsələn, dil öyrənməyə illər sərf etməyim. Bu, virtual olaraq hansısa cihaz vasitəsilə beynimə yüklənsin.

Bəlkə də yaş fərqimiz olduğuna görə bəzi proqramlarda işləməyə səbrim  çatmadığını hiss edirəm. Amma şagirdlər ən çətin proqramlara belə çox həvəsli, səbrlidirlər”.

Gənc müəllim “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində  tədris aparmaq üçün keçdiyi yolu izah edib, onlar üçün yaradılan şəraitdən söz açıb:

“Bunun üçün üzərimizdə xeyli işlədik. Hazırda bizim üçün çox rahat proqram yaradılıb. Həm video, həm də yazılı şəkildə məlumatlar verilib. Orda dərs müddətinin planlaşdırılması, neçə dəqiqənin nəyə sərf olunması göstərilir. Kömək lazım olduqda orada yazılı şəkildə müraciət edirik. Müraciətimiz dərhal cavablandırılır”.

Layihə çərçivəsində təhsil alan V sinif şagirdi Eyyub Abbaszadə isə ənənəvi tədrislə layihənin fərqlərini belə izah edib:

“Əvvəl biz yalnız kitab oxuyurduq. Amma indi kompüter qarşısında oturur, alqoritmlərlə işləyirik. Müəllimin tapşırıqlarını həll edirik.

İndi bir layihə üzərində işləyirik. Qəhrəman müxtəlif yollardan keçməklə kristala toxunmalıdır. Yalnız bundan sonra ikinci mərhələ açılır. Bu, alqoritmin xüsusiyyətlərindən biridir. Səhv etsən, hər şeyi yenidən başlamalı, o səhvləri düzəltmək üçün zəhmət çəkməlisən. Kristala çatmaq üçün müxtəlif maneələri keçmək lazımdır.

Yəni əvvəl dərsi yalnız kitabdan oxuyub, danışırdıq. İndi isə birbaşa tətbiq edirik. “Word”, “Exel”, “Power paint” və digər proqramları bilirik”.

“Hədəfimiz isə ən azı 100 min şagirddir”

Şagirdlərin  səmimi fikirlərini dinlədikdən sonra “Rəqəmsal bacarılar” barədə elə layihə rəhbəri Fəxri Qurbanovdan eşitmək istədik:

“Layihə ilk illərdə Bakı üzrə 45 məktəbi əhatə edirdi. 60 saylı məktəb də həmin 45 ümumtəhsil müəssisəsindən biridir. Layihənin tətbiqinə V siniflərdən başladıq. Növbəti ildə əhatə dairəsini genişləndirdik. Siyahıya Gəncənin 6 məktəbi də əlavə olundu və layihə 65 məktəbin V və VI siniflərini əhatə etdi. “Rəqəmsal bacarıqlar”a 6500 şagirdlə başlanmışdı. Keçən il isə artıq 26 min məktəblini əhatə etdi. Ötən il Biləsuvar rayonundakı Mübariz İbrahimov adına məktəb-lisey kompleksi də layihəyə qoşuldu. Bu il isə layihə respublikanın 6 şəhərindən 70 min şagirdi əhatə edir. Bakı, Gəncə, Sumqayıt, Şamaxı,Biləsuvar və digər ərazilərdə fəaliyyət göstərir. Artıq IV - VII sinif şagirdləri də bu formada təhsil alırlar. Növbəti il üçün  hədəfimiz isə ən azı 100 min şagird və III-VIII sinifləri əhatə etməkdir. Qarşımızda beşillik hədəfdə isə layihənin I-IX siniflərə tətbiq olunması nəzərdə tutulub”.

Fəxri Qurbanlı bildirib ki, layihə çərçivəsində müəllimlərlə bağlı da böyük işlər görülüb, bir sıra uğurlar əldə edilib:

“Görülən işlərin ən çətin tərəfi müəllimlərlə təlimlərin təşkili idi. Çünki layihə üzrə mindən çox müəllim tədris aparır. Müəllimlər il ərzində hər modul üzrə 36 saata qədər ixtisasartırma təlimləri keçiblər. Təlimin sonunda isə imtahan verərək sertifikat əldə ediblər. Yalnız bundan sonra onlar “Rəqəmsal bacarıqlar” kursunu tədris etmək üçün hazır hesab edilirlər.

Layihənin icrasında əsas tərəfdaş olan “Alqoritmika Azərbaycan” şirkətidir. O, uşaqlara proqramlaşdırmanın tədrisi üzrə beynəlxal şirkətin törəməsidir.  Hazırda orada çalışanların 95%-i yerli mütəxəssislərdir”.

“Rəqəmsal bacarıqlar”ın ən yaxşı öyrədildiyi 3 məktəb

Layihə rəhbəri növbəti illərdə tətbiqi planlaşdırılan yeniliklərdən bəhs edərkən iş dəftəri məsələsinə də toxunub.  Bildirib ki, iş dəftəri müəllimləri maraqlandıran mövzu olsa da, həll edilən problemlərin yanında kifayət qədər kiçik görünür:

“Layihənin genişləndirilməsi üçün hər il direktorlarla iş aparırıq. Bilirsiniz ki, əhalinin artım tempi yüksəkdir. Məktəbə qəbul edilən şagirdlərin sayı artır. Layihənin tətbiqi üçün infrastruktur daha önəmlidir. Bu layihədə dərslər kompüter vasitəsilə keçirilir. Digər fənlərdə isə dərslik önəmli rol oynayır. Çünki dərs zamanı informasiya mənbəyi müəllim və kitabdır. Biz isə texnologiyalardan istifadə etdiyimizə görə, iş dəftərlərini köməkçi alət kimi düşünmüşdük. Nəzərə almışdıq ki, bütün şagirdlərin evdə kompüteri və ya internetə çıxışı olmaya bilər. Amma dərs zamanı hər şagirdin fərdi kompüteri, istifadəçi adı və şifrəsi var. Bu şifrə vasitəsilə şagird öz virtual otağına daxil olaraq müəllimin tapşırıqlarını onlayn şəkildə yerinə yetirir. Layihəyə yeni başlayanda direktorlara bildirdik ki, mümkün olduğu halda kompüter otaqları dərsdən sonra da şagirdlərin istifadəsinə sərbəst buraxılsın.

Ümumiyyətlə, məktəbdə şagird sayı artdıqca infrastrukturun tələblərə cavab verməsi üçün böyük işlər görürük. Dərslərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.

Quba, Lənkəran, Şirvan, Şəki, Xırdalan, Masazır məktəblərində də layihənin tətbiqi nəzərdə tutulub. Layihənin tətbiq olunduğu rayonlarda əhatə dairəsini genişləndirməyi, həm də yeni rayonlara da tətbiq etməyi düşünürük”.

Fəxri bəyin sözlərinə görə, hər ilin sonunda layihə nəticələri dəyərləndirilir. Keçən ilin göstəricilərinə əsasən, S.C.Pişəvəri adına Humanitar Fənlər Təmayüllü Gimnaziya, 114 və 6 nömrəli məktəblər ilk üçlükdə olublar.

Layihədə iştirak edən şagirdlər həm Azərbaycan, həm də beynəlxalq müsabiqələrdə yer tuturlar. Keçən il “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində təhsil alan bir neçə şagird beynəlxalq nominasiyalarda birinci yerə layiq görülüblər.

“Şagirdlər ən qəliz proqramlara daxil olub lazımi məlumatları ala bilirlər”

“Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunduğu 60 saylı tam orta məktəbin direktoru Fəyyaz Hüseynov da müşahidələrinə əsasən, layihənin şagird təfəkkürünün inkişafı, özünüifadəsi və yaradıcılığında mühüm rol oynadığnı bildirib:

“Şəxsən özüm layihənin məktəbimizdə tətbiqinə nəzarət edirəm. IV-VII siniflərə tətbiq olunur. Fikrimcə, bu, bütün sinif komplektlərini əhatə etməlidir. Layihə inkişaf etdiricidir, düşünməyə vadar edir. Şagirdi tez bir zamanda cavabı tapmağa təhrik edir. Məktəbli verilən kriteriyaları ödəməsə, növbəti tapşırığı görə bilmir.

Ənənəvi tədrisdə yalnız kompüterdən istifadə haqqında danışılırsa, burada söhbət tətbiqdən gedir. Praktika və təcrübəyə əsaslanan layihənin köməyi ilə şagirdlər ən qəliz proqramlara belə daxil olub lazımi məlumatları ala bilirlər.

Uşaqlar layihəyə tez bir zamanda adaptasiya oldular. Qeyd edim ki, layihə gələcəkdə digər fənlərin tədrisinə də kömək edəcək. Çünki artıq şagirdlərin İKT bacarıqları inkişaf edir. Buna görə də layihənin tətbiqində maraqlıyıq”.

“Müəllim  bilir ki, imtahandan keçməsə, növbəti il layihənin tədrisindən məhrum olar”

Direktor bildirib ki,  layihədə tədris aparanların keyfiyyət göstəriciləri mütəmadi olaraq izlənilir. Dərsin gedişatına nəzarət sistemi yaradılıb:

“Dərs hissə müdiri dərs saatlarının bölünməsinə nəzarət edir. Alqoritm dərslərinin vaxtlı-vaxtında keçirilməsi təmin olunur. Hətta dərslərin keyfiyyətinə nəzarət sistemi də mövcuddur. Bu işlərə yalnız məktəb tərəfindən deyil, həm də mərkəzləşdirilmiş qaydada nəzarət olunur. Müəllimlər müəyyən layihələrə cəlb edilir, təlimlərdən sonra nəticəyönümlü imtahan verir və qiymətləndirilirlər. Müəllim  başa düşür ki, imtahanı keçə bilməsə, növbəti il bu layihənin tədrisindən məhrum ola bilər.

Tədris aparan müəllimlərin əmək haqları isə ənənəvi qaydada hesablanır. Sadəcə bu, layihədə dərs deyən müəllimlərin dərs yükünə təsir edir. Əvvəl  bu fənn 1 saat tədris olunurdusa, indi 2 saat tədris edilir. Təbii ki, bu, dərs yükünün artırılması deməkdir.

Təşkilatçı qruplar fənnin tədrisi üçün lazımi dəstəyi göstərirlər. Layihəyə maraq çox olduğuna görə, onun üçün 4 sinif otağı ayrılıb və kompüter, proyektor, elektron lövhə ilə təchiz olunub. Layihənin həyata keçirilməsi üçün bütün lazımi şərait qurulub.

Şagirdlərin çox sevdiyi dərslərdən biridir. Bu fənnə davamiyyətləri də yüksək səviyyədədir”. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları