Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-03 09:36:53
Prezidentliyə namizəd Azərbaycan əlifbasını bilmir – Sait, samit “dilemması”

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Hazırda prezident olmaq uğrunda 8 namizəd mübarizə aparır. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də bu 8 namizəddən biridir.

AzEdu.az Hafiz Hacıyevlə elm və təhsil sahəsi, buradakı problem və perspektivlərlə bağlı apardığı qısa söhbəti təqdim edir:

H.Hacıyev deyib ki, xalqımızın hər bir nümayəndəsi xoşbəxt gələcək uğrunda elmlə məşğul olmalıdır: “Təhsil Azərbaycan millətinin gələcəyidir. Millətin gələcəkdə xoşbəxt və firəvan yaşaması deməkdir. Bir milləti məhv etmək istəyirsənsə, onun təhsilini əlindən almalısan. Təhsilsiz gələcək ola bilməz”.

Hafiz Hacıyev həyatını təhsilə borclu olduğunu vurğulayıb. O, qeyd edib ki, bizim hazırkı təhsil sistemimiz sağlam deyil: “Bizi bu günə gətirib çıxaran təhsil olub. Buna görə də biz ömrümüz boyu, təhsilimizə, ən əsası, bu təhsili bizə qazandıran müəllimlərimizə borcluyuq. Təhsilimizə ciddi fikir verməliyik. Düzdür, bu gün, təəssüf ki, təhsilimiz xəstədir. Gərək, bu təhsili müalicə edib, sağlamlaşdıraq. Xalqım mənə etimad göstərsə, bu sahədə güclü islahatlar həyata keçirəcəyəm. Düşünürəm, təhsil sistemimiz dünya standartlarına cavab verməlidir. Dünyanın inkişaf etmiş ölkələrinə nəzər yetirsək, görərik ki, onların birinci inkişafı məhz təhsildən başlayır. Baxaq, dünya iqtisadiyyatını inkişaf etdirənlər kimlərdir? Təhsili, biliyi, qabiliyyəti olan insalardır. Çoban gəlib iqtisadiyyatı inkişaf etdirə bilməz ki! Ona görə, təhsil hava və su qədər vacibdir”.

Partiya sədri orta məktəb illərində daha çox tarix fənninə maraq göstərdiyini qeyd edib. O, hələ sovet dönəmində dünyada gedən prosesləri daim izləməyə həvəsli olduğunu da vurğulayıb: “O vaxt çoxları bilmirdi ki, Qərb və Avropa nə etmək istəyir? Lakin biz elə o dövrlərdə də məlumatlı idik. Ona görə də orta məktəblərdə tariximizi, keçmişimizi oxuyub bu məsələlərə daha çox meyl edirdim. Sonra baxmayaraq ki, istiqamətim daha çox biologiya üzrə oldu, lakin oxuduğum kitabların çoxu elə tarix kitablarıdır”.

 “Seçki platformasında başqa hansı ölkələrdən prezidentliyə namizəd şəxslərin təbliğat və təşviqat üsullarından istifadə edirsiniz” sualına deputat Hafiz Haciyevin cavabı belə olub: “Hər bir dövlətin öz milli maraqları var. Hər-halda xalqımızla oturub fikirləşməliyik ki, Azərbaycanı hansı formada daha çox inkişaf etdirə bilərik?! Azərbaycan xalqının gələcəkdə daha firəvan yaşaması, dünya üzrə ən qabaqcıl sıralarda olması üçün nə etməliyik? Bizim özümüzün milli baxışımız, milli konsepsiyamız mövcuddur. Milli adətlərimizə, ənənələrimizə uyğun addım atmalıyıq. Hansısa ölkənin prezidentliyə namizədlərinin PR texnologiyaları uğurlu olsa da, bizim ölkədə özünü doğrultmaya bilər”.

Hafiz Hacıyev özünə rəqib digər 7 namizəddən hansının daha savadlı, təhsilli olduğunu deməkdən boyun qaçırıb. O, bu barədə namizədlərdən heç birinin adını çəkmək istəmədiyini deyib: “Mən ekspert deyiləm ki, onların hamısını bir-bir yoxlayım və kimin daha təhsilli olduğuna qərar verim. Kiminsə adını çəksəm, qaydanı pozmuş olaram. Ona görə, bu barədə danışmaq istəmirəm”.

"Azərbaycan Əlifbasında neçə hərf var" sualına H.Hacıyev çobanlara böyük hörməti olduğunu vurğulayaraq belə cavab verib: "Azərbaycan əlifbasını bilməyən gedib çoban olsun".

H.Hacıyev suallarımızı cavablamağa hazır olduğunu vurğulamasına baxmayaraq, sonda  “əlifbamızda neçə sait və samit səs var” sualını cavablandırmaqdan da yayınıb:

“İclasa tələsirəm”.