XƏBƏRLƏR

21.10.2019 09:03
İtaliyada nüvə mərkəzində oxuyub, Almaniyada professor adını alan ilk xanım soydaşımız  AzEdu.az-da - Müqayisədolu  müsahibə  

“Azərbaycanın həm tələbələri,  həm də gənc alimləri zəhmətkeş və savadlıdır. Bu cür güclü potensialın itməməsi  üçün institutlaşma səviyyədə şərait yaradılmalıdır”.

Bu sözləri AzEdu.az-a müsahibəsində qürbət diyarda Azərbaycan elmini təmsil edən Pərvanə Hacıyeva deyir.

Kimdir Pərvanə Hacıyeva?

Tələsməyək, bu dəqiqə təqdim edirik:

ARAYIŞ: Pərvanə Hacıyeva  biokimya üzrə tanınmış alimdir. O, 1973-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tibbi-biologiya şöbəsində təhsil alıb. Daha sonra Florensiya Universitetinin Kimya fakültəsinin  Nüvə Maqnit Rezonansı Mərkəzində doktoranturaya daxil olub. Burada o məşhur alim, professor İvano Bertininin rəhbərliyi altında metalproteinlərin struktur-bioloji araşdırılması ilə məşğul olub. 2000-ci ildə dissertasiya işini uğurla müdafiə edərək həmin universitetdə kimya sahəsi üzrə “doktor” elmi dərəcəsini qazanıb. Hazırda Mayns Universitetində “Patobiokimyəvi adaptasiya” sahəsi üzrə professor vəzifəsində çalışır. 2009-cu ildən isə Mayns Universitetində müalicə işi və stomatologiya ixtisasları üzrə buraxılış imtahan komissiyasının üzvüdür.

AzEdu.az Pərvanə Hacıyeva ilə müsahibəni təqdim edir:

Pərvanə xanımı qürbət ölkəyə aparan səbəblər…

 -Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tibbi-biologiya şöbəsini bitirdikdən sonra elmi tədqiqatla məşğul olmağa qərar verdim. Bunun üçün professor Ralfrid Həsənovun dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiya İnstitutuna baş elmi işçi vəzifəsinə qəbul oldum. Orada təəssüf ki, elmi ideyaları həyata keçirmək üçün laboratoriya   və texniki avadanlıqlar çox məhdud idi. Bu səbəbdən, aspiranturanı xaricdə oxumağa qərar verdim.  Daha sonra  İtaliyanın Florensiya Universitetinin Kimya fakültəsinin nəzdində “Nüvə Maqnit Rezonans Spektroskopiya”  mərkəzində aspiranturaya daxil oldum. Demək olar ki, əsas səbəb xaricdə təhsil almaq istəyim idi. Digər səbəb isə Azərbaycanda təbiət elmləri sahəsində fəaliyyət göstərmək üçün praktiki imkanların məhdud olması olub.

-Almaniyada pedaqoji fəaliyyətlə məşğulsunuz. Xaricə getdikdən sonra özünüzdə hansı fərqləri müşahidə etdiniz? Digər ölkə bu istiqamətdə fəaliyyətiniz üçün stimulverici nələr verdi?

-Azərbaycanda oxuduğum müddətdə təhsil aldığım qrupda savadlı tələbələr  var idi. Bu səbəbdən, deyə bilərəm ki, ali təhsilimi çox maraqlı və stimulverici şəraitdə almışam.  Lakin təbiət  elmləri tək nəzəriyyəni bilməklə kifayətlənmir. Hər hansı bir elmi problemin həllini tapmaq üçün təcrübələr aparmaq vacibdir. Buna görə də tibbi-biologiya üzrə fəaliyyət göstərən təhsil ocağı müasir laboratoriyalarla təmin olunmalıdır. Məsələn, mənim oxuduğum dövrdə BDU-da və AMEA-da bu şərait olmadığından iş təcrübəm çox az idi. Buna baxmayaraq bu baryeri qısa bir müddətdə aşa bildim. Bu prosesdə məni həvəsləndirən əsas stimul mənbəyi aspirantlar, tələbələr arasında elmə olan yüksək maraq, sağlam rəqabət və ən əsası gələcəyə inam oldu.

 -Dərs dediyiniz Mains Tibb Universitetində azərbaycanlı tələbələr təhsil alırmı?

-Təəssüf ki, tibb sahəsində təhsil alan azərbaycanlı tələbə azdır. Bunun səbəbi Almaniyada tibb fakültəsinə qəbul olmaq üçün güclü rəqabətlə bağlıdır.  Həm yerli, həm də xaricdən gəlib oxumaq istəyən abituriyentlər üçün xüsusi şərtlər var. Lakin Mains Tibb Universitetində həkim vəzifəsində çalışan azərbaycanlılar var. Onlar burada tibbin istədikləri sahəsində “uzmanlıq” kvalifikasiyasına nail olmaq üçün çalışırlar.

 -Pərvanə xanım Azərbaycan və Almaniya tələbələrini müqayisə etsək, bizimkilərdə nə kimi boşluq və fərqlər ortaya çıxar?

-Hazırda Azərbaycanda olan indiki nəslin tələbələrini yaxından tanımıram. Buna görə də müqayisə etməkdə çətinlik çəkirəm. Öz dövrümün tələbələri ilə müqayisədə deyə bilərəm ki, burada oxuyan tələbələrin dünyagörüşləri və imkanları daha genişdir. Həmçinin, burada oxuyanlar öz fikirlərini və qərarlarını verməkdə daha sərbəstdirlər. Fikrimcə, bu təhsildə həm yerli həm də qlobal səviyyədə mövcud olan sağlam rəqabətdən irəli gəlir.

“Elm və təhsilə göstərilən qayğı xalqın gələcəyi üçün investisiyadır”

-Pərvanə xanım, qərib ölkədə elmi fəaliyyətlə məşğulsunuz. Maraqlıdır, Azərbaycanda olan elmi vəziyyəti necə qiymətləndirirsiz?

-Təbiət elmləri sahəsindən çalışan alimlərin elmi fəaliyyəti onların çap olunmuş elmi məqalələri ilə ölçülür. Bu məqalələr müxtəlif elmi jurnallarda dərc olunur və “Public Library of Medicine” (PubMed) vasitəsiylə qlobal səviyyədə hamının istifadəsi üçün açıqdır. Burada olan axtarışımızda sırf Azərbaycanda çalışan alimlərin məqalələrin sayına nəzər yetirsək, təəssüf ki, bunların sayı nisbətdə daha azdır. Fikrimcə, bunun səbəbi Azərbaycan alimlərinin elmi ideyaları olmamağından deyil, sadəcə onların praktiki imkanlarının məhdudluğundan irəli gəlir. Bilirəm ki, tibbi-biologiya sahəsində elmi-tədqiqat layihələrinin maliyyələşdirilməsində az da olsa irəliləyiş var. Alimlərimiz xarici fondlara müraciət edib elmi layihələrinin maliyyələşdirməyə çalışırlar. Lakin bu problemlərin cüzi bir hissəsini həll etməyə kömək edir. Hər hansı bir ölkənin elmi inkişafı onun elmə göstərdiyi maddi qayğısının nəticəsidir. Çox istərdim ki, Azərbaycanda çalışan alimlərimizin beynəlxalq arenada rəqabətlə ayaqlaşması üçün maddi dəstəklər artırılsın. Bu isə ancaq institutlaşma səviyyəsində daha effektiv ola bilər. Elm və təhsil biznes  sahəsi deyil ki,  qısa müddətdə qazanc gətirsin. Ümumiyyətlə, elm və təhsilə göstərilən qayğı xalqın gələcəyi üçün investisiyadır.

 -Pərvanə xanım, Azərbaycanda tibbin vəziyyəti Almaniyada necə görünür? Sizcə, Azərbaycanda tibbin hansı sahəsi üzrə inkişaf var ki, bu, digər ölkələrin diqqətini çəkir və örnək götürürlər?

-Hazırda Azərbaycanda olan tibbin vəziyyəti Almaniyaya rəqabət yaradacaq səviyyədə deyil. Buna səbəb mütəxəssislərimizin savadının, bacarığının və özlərinə inamının az olmasıyla bağlı  deyil.

  -Azərbaycanda gənc alimlərin özlərini təkmilləşdirmələrinə və elmi fəaliyyətlə məşğul olmalarına yaradılan şəraiti necə qiymətləndirirsiniz?

-Bizim həm tələbələrimiz həm də gənc alimlərimiz zəhmətkeş və savadlıdırlar. Bu cür güclü potensialın itməyinin qarşısını almaq üçün institutlaşma səviyyədə şərait yaradılmalıdır.

  -Almaniyada tibb sahəsi üzrə təhsilə getmək istəyənlər nəyi nəzərə almalıdırlar?

-Almaniyada tibb sahəsi üzrə oxumaq demək olar ki, mümkün deyil. Buna səbəb isə universitetlərə qəbul olmaq üçün xüsusi şərtlərdir.

-Pərvanə xanım dərs dediyiniz auditoriyalarda müxtəlif ölkələrdən də tələbələr olur. Azərbaycan haqqında düşüncələri necədir? Ölkəmiz barəsində nələri bilirlər?

-Təəssüf ki, tələbələrimlə bu səviyyədə ünsiyyətdə olmaq imkanım olmur.

 -Almaniyada tibb sahəsi üzrə təhsil alanlar çox zaman ölkəyə qayıtmaq istəmir. Sizcə bu nədən irəli gəlir?

-Almaniyada tibb sahəsi üzrə təhsil almaq istəyənlərin vətənə qayıtmamasının səbəbi şərait və perspektivin olmamasıdır. Amma şərait dedikdə məkan deyil sosial və iqtisadi imkanları nəzərdə tuturam. Mən  çox bacarıqlı, savadlı və burada vətən həsrəti ilə yaşayan gənc həkimlər tanıyıram.  Amma onlar vətənə geri döndükdə işləməkləri üçün şərait olmadığından şikayətənirlər.

 -Pərvanə xanım nə zamansa Azərbaycana qayıdıb, elmi fəaliyyətinizi burada davam etdirmək istəyiniz varmı?

-Azərbaycan qayıdıb, elmi fəaliyyətimi orada davam etdirmək ideyası mənə qeyri-mümkün gəlmir. Lakin bu mənim üçün böyük bir addım olar. Və yaxın gələcəkdə mümkün olacağını düşünmürəm. Buna baxmayaraq, Azərbaycanda olan ali təhsil və elmi-tədqiqat ocaqları ilə daha çox əlaqədə ola bilərəm. Həmçinin, tələbə və dosent  heyəti ilə yaxından tanış olmaq və bu sahədə şəxsi biliyimi və təcrübələrimi paylaşmağa hər zaman hazıram.

 -Azərbaycan media və televiziyasını izləyirsinizmi?

-Azərbaycan mediasını bacardığım qədər izləyirəm. Lakin Azərbaycan televiziyasını təəssüf ki, izləmirəm. Buna səbəb isə vaxtımın məhdud olmasıdır.

-Azərbaycanda media və təhsilin qarşılıqlı əlaqəsi sizi nə dərəcədə qane  edir? Bizim medialar elm və təhsilə nə dərəcədə müsbət təsir göstərə bilir?

-Bu suala birmənalı cavab vermək çətindir. Media sadəcə elm və təhsillə bağlı informasiyanı oxuculara çatdırmalıdır. Bir növ olan  informasiyanı yaymalıdır. Bu isə həm yerli həm də dünya səviyyəsində baş verən yeniliklər ola bilər.

 -Almaniyada təhsil almaq və ya elmi fəaliyyətlə məşğul olmaq istəyənlərə tövsiyələriniz nələrdir?

-Əsas tövsiyəm odur ki, nə işlə məşğul olmaqlarından asılı olmayaraq yaşadıqları yerdə özlərini doğrultsunlar. Bu uğur əldə etmək üçün əsas şərtdir. Məlumdur ki, xaricdə olan azərbaycanlılar təhsil və elmi fəaliyyətləri ilə yanaşı öz millətlərini və dövlətlərini də təmsil edirlər. Təhsil və elmi fəaliyyətin əvvəlki dövründə yaranan subyektiv çətinliklərindən qorxmasınlar. Ümumi situasiyaya tənqidi yanaşıb, problemləri praktiki üsullarla aradan qaldırsınlar. Necə deyərlər “Think globally, act locally”. (Qlobal fikirləşin, yerində icra edin)

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu