XƏBƏRLƏR

16.06.2019 09:48
 İmtahan stressindən qurtulmaq üçün nə etməli? – Psixoloq yol göstərir

 

 

 

 Ali təhsil müəssisələrinə ikinci qəbul imtahanı I və IV ixtisas qrupları üzrə iyunun 23-də, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.

 AzEdu.az abituriyentlərin psixoloji durumu, imtahanlara psixoloji hazırlığına yardım məqsədilə Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elvira Kərimovanın tövsiyələrini  təqdim edir:  

 -Uşaqların bilik səviyyələrinin ölçülməsi üçün aparılan imtahanlara uşaqlar xarakterik xüsusiyyətlərindən asılı olaraq, bir-birlərindən fərqli şəkildə reaksiya verir. Uşaqları imtahan stressindən uzaqlaşdırmaq üçün tək öhdəlik onların boynuna düşmür. Eyni zamanda ailələrə və müəllimlərə də böyük öhdəlik düşür. Uğursuzluq qorxusu yaşayan uşaqlarda imtahandan əvvəl, imtahana hazırlaşarkən və imtahan vaxtı çox fərqli əlamətlər özünü göstərə bilər. Bu əlamətlər psixoloji və ya fizioloji ola bilər. Valideyn və müəllimlərin əvvəlcədən bu əlamətləri görməsi, bu sıxıntıların aradan qaldırılması üçün böyük əhəmiyyətə malikdir. Çünki uşaqlar sıxıntıları ifadə etməkdə böyüklərə nisbətən çətinlik çəkirlər. Uşaqların yüksək səviyyədə imtahan stressi yaşadığını hardan anlaya bilərik? Əgər, uşaqlarınızda aşağıdakı əlamətlərdən bir neçəsi varsa, deməli uşaq imtahan stressini həddindən artıq çox yaşayır.

 - Düşüncələrini toplaya bilməmə və ifadə edəməmə.

- Öyrəndiklərini unutmaq və yaza bilməmək.

- Diqqətini verə bilməmək.

- Sualları başa düşməkdə çətinlik.

- Ürəyin sürətlə döyünməsi.

- Əllərin titrəməsi, istilik basması və baş fırlanması.

- Mədə bulantısı və baş ağrısı.

- Gərginlik və əsəbilik.

 - İnamsızlıq və mənfi düşünmə.

 - Qorxu hissi.

 -Bəs bu əlamətlərdən bir neçəsi mövcuddursa, bunu necə aradan qaldırmaq lazımdır? Valideynlər uşaqlarına necə kömək edə bilərlər?

 - Birinci, uşaqlarda bu həyəcanı tam ortadan qaldırmaq lazım deyil. Əsas olan onlara bu həyəcanı idarə edə bilməyi öyrətməkdir. Əgər uşaq bir işə qarşı heç bir həyəcan keçirmirsə, demək ki, heç o işi önəmsəmir. Bu halda o işə motivasiya olmaq da qeyri-mümkündür. Bir işə qarşı məsuliyyət və həyəcan duymaq o işi yaxşı görməyimiz üçün bir səbəbdir. Uşaq bir işə qarşı həyəcan duyursa, deməli, bu işə qarşı daha çox istək və önəm verir və bu da şagirdin bu işi daha yaxşı yerinə yetirməyinə səbəbdir. Bizə düşən öhdəlik onların bu həyacanını bacardığımız qədər azaltmaqdır.

 - İkinci, zamanı düzgün istifadə etməkdə uşağa köməklik göstərin. Şagirdlər bəzən verilən zamanın onların yazacağı imtahan suallarına yetməyəcəyini düşünür və özlərini panikaya salırlar. Zamanı düzgün bölmək üçün ilk əvvəl düşünülməlidir ki, verilən vaxt elə hesablanıb ki, bütün sualları sona qədər oxuyub və həmin suallara cavab vermək üçün kifayət etsin. Bu qanunla, uşaqların bilik səviyyəsi nəzərə alınaraq uyğunlaşdırılıb. Sadəcə, vaxtı düzgün bölməklə tam rahat şəkildə yerinə yetirmək mümkündür.

 - Üçüncü, imtahan şagirdin xarakterini deyil, savadını ölçər. Əgər uşaq bu imtahanın savadının yox xarakterinin ölçüldüyünü və bu imtahan nəticəsinə görə dəyərləndiriləcəyini düşünürsə. onun həyəcanı daha da artar. Özünü imtahan nəticəsinə görə “dəyərsiz və yetərsiz” görən uşaq özünə güvənini itirəcək və imtahana qarşı qorxu artacaq. Burda da məsuliyyət yenə də valideynə düşür. Valideyn nəticədən asılı olmayaraq uşağın əziyyəti mütləq dəyərləndirilməlidir. Çünki, əlindən gələni edən lakin aşağı nəticə verən uşaq ətrafı tərəfindən danlanılırsa, özünü çox çarəsiz hiss edər. Ən birincisi uşağın əziyyəti dəyərləndirməli sonra yaranan problemin həllinə yönəlilməlidir.   

 QEYD: Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihə çərçivəsində hazırlanıb.

 

 

İlin gənc müəllimi-Müraciət formu