XƏBƏRLƏR

13.07.2019 11:00
Xalqımızın təhsil mühitinin formalaşmasında “Azərbaycan məktəbi” jurnalının rolu

Elmi-pedaqoji mətbuatımızın yaranması

XX əsrin əvvəllərində Azərbaycanda məktəblər üçün hökumət qərarlarını, müəllimlərə istiqamət verə biləcək  pedaqoji, elmi-metodik materialları dərc edən mətbuat orqanı yox idi. İctimai fikrin, maarif və pedaqoji biliklərin geniş yayılmasına olan bu ehtiyacı nəzərə alan o dövrün mütərəqqi fikirli ziyalıları problemin həlli yolunu pedaqoji mətbuatın yaradılmasında görürdülər. Belə bir ideyanı ilk dəfə Nəriman Nərimanov irəli sürüb, sonralar da bu barədə müxtəlif təşəbbüslər göstərilib. Məşhur müəllim və mühərrir Əlisgəndər Cəfərzadənin redaktorluğu ilə 1906-cı ilin aprelində nəşrə başlayan “Dəbistan”, görkəmli pedaqoq Mahmudbəy Mahmudbəyovun redaktorluğu ilə həmin ilin sentyabrından işıq üzü görən  “Rəhbər” jurnalları həmin məqsədlə fəaliyyətə başlamışdı. Bu jurnalların məramını böyüyən nəslin maariflənməsi, uşaqların təhsilə maraqlandırılması, onlara müxtəlif elmi, ədəbi, ictimai hadisələrə dair məlumatların verilməsi təşkil edirdi. “Rəhbər” və “Dəbistan” elmi-pedaqoji, ədəbi-ictimai məlumatlar verməklə yanaşı, həm də xalqı yeni məktəblər açmağa və hamılıqla təhsilə çağırırdı.

“Məktəb” jurnalı

1911-ci ildə nəşrə başlayan “Məktəb” jurnalı da sələflərinin işini davam etdirib, “Rəhbər” və “Dəbistan”la yanaşı, zəmanəsinin mühüm əhəmiyyətli pedaqoji problemlərinin həllinə öz müsbət təsirini göstərib, xalq maarifinin sonrakı inkişafında mühüm rol oynayıb. O dövrün siyasi rejiminin təzyiqləri, mətbuat işçilərinin çatışmazlığı, maddi çətinliklər və digər səbəblərdən nəşrini dayandırmaq məcburiyyətində qalan bu jurnallar qabaqcıl pedaqoji ideyaların yayılması, fəal təlim metodlarının, tərbiyə işinin təbliği, təhsilin dünyəviliyi uğrunda mübarizə aparan mətbuat orqanları kimi təhsil tariximizdə şərəfli yer tutub. 

Azərbaycan Xalq Cümhuriyyəti illərində  bu sahədə əhəmiyyətli işlər görüldü, yeni təhsil ocaqları açıldı və pedaqoji fikirlərin inkişafına rəvac verildi. 1920-ci ildən sonra da Azərbaycanda məktəb təhsilinin təşkili, onun məzmunu, təlim üsulları və digər maarif məsələlərinə dair müxtəlif tədbirlər həyata keçirilməyə başlandı. Yeni yaranan və ildən-ilə inkişaf edən məktəblərdə, savad kurslarında təlim işinin təşkilinə rəhbərlik etmək, müəllimləri dövrün tələblərinə uyğun pedaqoji üsullarla silahlandırmaq, hökumətin xalq maarifi ilə əlaqədar qərarlarını müəllimlərə çatdırmaq üçün yeni dövrlə səsləşən pedaqoji mətbuatın yaradılması zəruri idi. 1920-ci ildə cəmi bir nömrəsi işıq üzü görən “Xalq maarifi” və 1923-cü ildən nəşr olunan “Maarif və mədəniyyət” jurnalları pedaqoji təmayüllü mətbuat orqanları olsalar da, sırf elmi-metodiki, pedaqoji jurnal rolunu oynamırdı.

“Yeni məktəb” jurnalı

Məzmunu və profili etibarilə pedaqoji mahiyyət daşıyan belə jurnal məhz 1924-cü ilin aprelində nəşrə başlayan “Yeni məktəb” oldu. Jurnal, yuxarıda da qeyd edildiyi kimi, ilk nömrəsindən qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində nəzərəçarpacaq işlər gördü. Fəaliyyətinin qısa xarakteristikasını verməli olsaq deyə bilərik ki, jurnal:

- respublikada savadsızlığın ləğv edilməsində;

- yeni məktəblərin təşkilində;

- məktəb təhsilinin elmi-pedaqoji cəhətdən təkmilləşməsində;

- yeni təlim  üsulları, təlim-tərbiyənin forma və metodlarının şərhində;

- müəllim hazırlığında səmərəli fəaliyyət göstərib.

1929/1930-cu dərs ilindən etibarən bütün məktəblər üçün məcburi olan tədris planları və proqramlarının təsdiq və tətbiq olunması, ümumi icbari təhsilə keçilməsi və savadsızlığın ləğv edilməsinin bir vəzifə kimi qarşıya qoyulması ilə bağlı görülən ümumxalq əhəmiyyətli işlər haqqında məlumatlara da bu gün həmin jurnalın səhifələrində rast gələ bilirik.

“Müəllimə kömək” jurnalı

Təhsil quruculuğu və yeni təlim üsullarının şərh olunaraq pedaqoji kollektivlərə çatdırılmasında yeganə mənbə olan “Yeni məktəb” jurnalı müəllimlərin stolüstü kitabına çevrilir, onların gündəlik işlərində mühüm rol oynayırdı. Ona görə də jurnalın adı dəyişdirilərək “Müəllimə kömək” adlandırılması məqsədəuyğun sayıldı. Sələfinin başladığı ümumxalq əhəmiyyətli işlərin daha geniş məna və məzmunda həyata keçirilməsini reallaşdırmağa çalışan “Müəllimə kömək” ümumi icbari təhsilin necə həyata keçirilməsi, qabaqcıl təcrübənin öyrənilib yayılmasına dair yazılar dərc edir, pedaqogika sahəsindəki nailiyyətlərdən bəhs edən elmi-nəzəri, pedaqoji məqalələrlə müəllimlərə məsləhətlər verirdi.

“Müharibədən sonrakı pedaqoji mühitə dəstək” - “Azərbaycan məktəbi” 

1941-ci ilin iyununda bu yeganə pedaqoji jurnal müharibənin başlanması ilə əlaqədar fəaliyyətini dayandırsa da, 1943-cü ilin iyulundan o dövrdə xalq maarif komissarı işləyən Mirzə İbrahimovun səyi nəticəsində “Azərbaycan məktəbi” adı ilə yenidən çıxmağa başladı. Azərbaycan Xalq yazıçısı Mirzə İbrahimov bu barədə sonralar yazırdı: “O zaman müharibə dövrü, ölkədə gərginlik vaxtı, gündəlik həyatda çox şeylərin çatışmadığı bir zamanda bu təşəbbüs bəzilərinə qəribə görünürdü. Lakin təlim və tərbiyənin vacib məsələlərini, məktəb həyatını ətraflı, köklü-budaqlı işıqlandıran elmi yazılara ehtiyac xüsusi bir jurnalın çap olunmasını tələb edirdi. Beləliklə, “Azərbaycan məktəbi” yenidən meydana çıxdı... Bu illər ərzində pedaqoji fikrimizin inkişafinda, respublikamızda təlim-tərbiyə sisteminin kamilləşməsində, pedaqoji elmi kadrların yetişməsində, püxtələşməsində, məncə, onun xidmətləri çox böyükdür.

“Məşhur pedaqoqlar”

Jurnalda məşhur pedaqoqlardan Konstantin Uşinski,   Yan Amos Komenski, Anton Makarenko, Vasili Suxomlinski, Stanislav Şatski və başqalarının pedaqoji görüşləri ardıcıl surətdə şərh və təbliğ edilirdi. Onun səhifələrində Bakı Dövlət Universitetinin ilk rektoru olmuş professor Vasili Razumovski, tarixçi-alim, professor  Pyotr Fredolin, Boris Komarovski, Şalva Amonaşvili, Pavel Yakobson (psixoloq) kimi məşhur alimlərin, akademiklərdən: Mixail Prokofyev - (SSRİ Maarif naziri), Aleksandr Makovelski - (Belarus - Bakı), Mirzə Maxmutov - (Tatarıstan), Yuri Babanski - (Rusiya- Kemerovo), Artur Petrovski - (Rusiya-Sevostopol), Vladimir Adoratiski - (Rusiya), Valeri Alekseyev- (Rusiya), Aleksey Bodalyov - (Rusiya), Vladimir Favorski - (Rusiya), İvan Kairov - (Rusiya), Azərbaycanın görkəmli akademiklərindən: Mehdi Mehdizadə, Feyzulla Qasımzadə, Məmməd Arif Dadaşzadə, Məmmədağa Şirəliyev, Teymur Bünyadov, Həmid Araslı, Əşrəf Hüseynov, Tofiq Hacıyev, Ağamusa Axundov, Bəkir Nəbiyev, Budaq Budaqov, İsa Həbibbəyli, Nizami Cəfərov, Teymur Kərimli, Rasim Əliquliyev, Fuad Qasımzadə və b.; Azərbaycan Elmlər Akademiyasının müxbir üzvlərindən: Əbdüləzəl Dəmirçizadə, Afad Qurbanov, Maqsud Cavadov, Cümşüd Zülfüqarlı, Yaşar Qarayev və b.; professorlardan: Əhməd Seyidov, Mərdan Muradxanlı, Əliheydər Haşımov, Nurəddin Kazımov, Yusif Talıbov, Hüseyn Əhmədov, Əjdər Ağayev, Abbas Zamanov, Mirəli Seyidov, Xeyrulla Məmmədov, Məmməd Məmmədov, Əbdül Əlizadə, Əkbər Bayramov, Muxtar Həmzəyev, Fərrux Rüstəmov, Ramiz Məmmədzadə, “Azərbaycan məktəbi” jurnalının məsul katibi və baş redaktor müavini olmuş Əliyar Qarabağlı, Zahid Qaralov, Yəhya Kərimov, Şəmistan Mikayılov, həmçinin tanınmış alimlərin, pedaqoq və psixoloqların, təcrübəli müəllimlərin məqalələri dərc olunub.

“Jurnalın əlavələri”

Keçmiş sovet  respublikaları  arasında ilk dəfə olaraq respublikamızda “Azərbaycan məktəbi” jurnalına əlavə kimi müxtəlif illərdə 8 adda metodik məcmuə dərc edilib. O dövrün tələblərinə uyğun olaraq ilk əlavə məcmuə 1947-ci ildən nəşrə başlayan “Russkiy yazık i literatura v Azerbaydjanskoy şkole” məcmuəsi oldu. Bir neçə il sonra nəşrə başlayan “Azərbaycan dili və ədəbiyyat tədrisi” (1954), “Fizika və riyaziyyat  tədrisi” (1954), “Kimya və biologiya tədrisi” (1956), “Əmək və politexnik təlim” (1958), “Tarix, ictimaiyyat, coğrafiya tədrisi” (1964), “İbtidai məktəb və məktəbəqədər tərbiyə” (1970), “Məktəbdə bədən tərbiyəsi” (1976) məcmuələri uzun illər müəllimlərin stolüstü kitabına çevrilib, respublikamızda təhsil quruculuğuna öz dəyərli töhfəsini verib. 

Respublikamızda təhsil sahəsində əldə olunan bu nailiyyətlərdə “Azərbaycan məktəbi”nin xidmətləri də inkaredilməzdir. Jurnalın tarixinə nəzər saldıqda görürük ki, o, fəaliyyətə başladığı illərdən öhdəsinə düşən vəzifəni şərəflə yerinə yetirir. 

95 ildir ki, təhsil işçilərinin ən yaxın köməkçisi olan bu jurnalın indiyə qədər yalnız “Azərbaycan məktəbi” adı ilə 686 nömrəsi dərc olunub. Azərbaycan xalq pedaqogikası, etnopedaqogika, etnopsixologiya məsələləri, pedaqoji fikir tariximizin nadir inciləri, maarifçi ideyalar, məktəb tariximizlə bağlı araşdırmalar, xalqımızın  mütərəqqi ziyalılarının, mütəfəkkirlərin təhsil və tərbiyə haqqındakı fikirləri ilk dəfə, demək olar ki, bu pedaqoji mətbuat orqanında dərc olunub.

Nəsrəddin MUSAYEV,

“Azərbaycan məktəbi” jurnalının baş redaktorunun müavini, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi

(Azərbaycan müəllimi qəzeti)

İlin gənc müəllimi-Müraciət formu