XƏBƏRLƏR

10.01.2019 12:07
100 min manatlıq rəsmin, sənət tarixində ilkin müəllifi olan müəllimin magistraturaya hazırlıq sirləri – MÜSAHİBƏ  

Fəzail Zəkəriyyə: “ Özüm də imtahana magistratura arzusunda olmadan getmişdim”

“Magistratura tələbələrin işlə bağlı çox düşündüyü, qərar verməli olduğu dönəmdir. Belə bir vaxtda onlara yol göstərmək əvəzinə dərs danışdırırlar. Bal hədəsi, qiymət yazma qorxusu və s.”

- Magistraturaya qəbul imtahanına hazırlaşan əksər tələbələrin tanıdığı gənc müəllim Fəzail  Zəkəriyyə bu təhsil pilləsini  belə  dəyərləndirir.

Deyilənə görə, yaradıcı insanlar dünyaya gözəl baxıb, o cür də görürlər. AzEdu.az-a verdiyi müsahibədə isə Fəzail müəllim yaradıcı dünyasından bir qədər uzaqlaşmaq məcburiyyətində qaldı. Ən azından, magistratura təhsilini problematik təhlil edə bilmək üçün…

Onu öz dilindən tanıyaq:

1994-ci ildə Ağdaş rayonunda anadan olub. 2012-ci ildə Bakı şəhəri Abdulla Rəhimov adına 247 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə edilməsi ixtisası üzrə təhsil almağa başlayıb. 2016-cı ildə magistraturaya qəbul imtahanında yüksək nəticə göstərərək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment (HR) ixtisası üzrə təhsilini davam etdirib. Üç ildir ki, Magistr OL Tədris Mərkəzində müəllim kimi çalışır. Məntiq, İqtisadiyyat, Riyaziyyat, İnformatika, GMAT dərslərini tədris edir.

 “Əslində, həyat həmişə məni təhsilə doğru atıb” deyən müəllimin yaradıcı dünyasında nələr var?

Kiçik  yaşlarından incəsənətə maraq göstərərək hiperrealism janrını öyrənib. Həm də musiqi məktəbini piano üzrə bitirib. Musiqiyə olan həvəsi nəticəsində 2017-cı ildə ideyalarını birləşdirərək musiqi-rəsm-video sintezi ilə ərsəyə gəlmiş Azərbaycan tarixində ilk hiperrealistik art videonun əsasının qoyub. Hazırda rəsmlərini izləyicilərinə daha çox onlayn şəkildə çatdırır.

Gələcəkdə isə yaradıcılığını daha geniş kütləyə təqdim etməyi düşünür. Dəyəri ən azı 100 min manat olaraq müəyyənləşdirilən “Uçdu Bir Quş Damımızdan” adlı rəsm əsərinin təqdimatını keçirməyi planlaşdırır. Sözügedən rəsmdə gənc müəllimin 500-dən çox tələbəsinin imzası var. Bu sayın 1000-i keçəcəyi ehtimal edilir. 2020-ci ilin birinci yarısında isə illərdir düşündüyü fərqli ideyalı, rəsmlə musiqinin eyni anda təqdim olunacağı Moonlight (Ay İşığı) sərgisi gözlənilir.

AzEdu.az rəssam-müəllimlə müsahibəni təqdim edir:

“Bir insan məqsədsizdirsə, çox savadlı olsa da, Amerikada oxumağının belə əhəmiyyəti yoxdur”

-Fəzail müəllim, məşğuliyyətləriniz biri güclü məntiq, elm, digəri isə yaradıcılıq tələb edir. Hər iki sahəni paralel davam etdirmək sizə çətinlik yaratmır ki?

-Açığı, bu, mənim üçün asan deyil. Amma mümkünsüz də deyil. Hər şey öz əlimizdədir. Bilirsiz, həmişə həyat məni təhsilə doğru atıb.

Əslində, müəllimlik etməyim rəsm məsələlərində də mənə kömək olur. Ona görə ki, xeyli insan tanıyıram. Ən çox dəstək olanlar elə tələbələrimdir. Hər fərd özü də bir izləyicidir. Rəsmlə məntiqin əlaqəsi də az deyil. Məntiqin əksər hissəsi elə şəkillərdir. Rəsm çəkmək üçün də insanın güclü məntiqi olmalıdır. Ən azından hiperrealizm bunu tələb edir.

“Sahib olub istifadə etmədiyimiz  o qədər şey var ki…”

-Çoxları Azərbaycanda magistratura oxumaqda məna görmür. Hətta bu fikirlərin təlqin olunduğu, magistraturadan üz çevirənlər də az deyil. Bu düşüncədə olanları nə dərəcədə haqlı hesab edirsiniz? Nədir tələbələrimizi magistraturadan küsdürən?

-Bu, kütlə psixologiyası ilə hərəkət edən insanların düşüncəsidir. Təəssüf, insanlar aktual fikirləri özlərinə mayak kimi qəbul edib, elə o şəkildə də danışırlar. Çoxlarının bununla bağlı fikri yalnız ətrafında eşitdiyi söz-söhbətlərdən ibarət olur. Bir insan məqsədsizdirsə, çox savadlı olsa da, hətta Amerikada oxumağının əhəmiyyəti yoxdur. Dünyagörüşü, təhsil baxımdan xaricə getmək çox yaxşıdır. Amma bu, “Azərbaycanda oxumaq mənasızdır” deməyə haqq vermir. Çünki bu istiqamətdən yanaşsaq, ölkəmizdə bakalavrı oxumaq da məna kəsb etməz.

Anlamalı olduğumuz bir şey var: Getdiyimiz yerdə də təhsil anlayışını formalaşdıran fərdlər, yəni bizlərik. Düşüncələr dəyişməlidir. Sahib olub istifadə etmədiyimiz  o qədər şey var ki…

Əslində bir növ özümüzü şanslı da hiss edə bilərik. Çünki ölkəmizdə əskik çox şey var. Deməli gənclərin özlərini göstərməsi üçün şansları çoxdur. Çox  şey ölkəmizə hələ yeni gəlir, fərqliliklər yaradıb çox şeyə nail ola bilərlər. Bunun isə bir yolu var: Başqalarını az, özümüzü çox tənqid edib, çox çalışmaq. Qısası, əlimizdə olanlardan daha yaxşı istifadə etməliyik.

Azərbaycanda magistratura təhsilinin  əsas çatışmazlığı isə onun bakalavr biliklərini təkrarlamasıdır. Bir də magistratura tələbələrin əksəriyyətinin işlə bağlı çox düşündüyü, qərar verməli olduğu dönəmdir. Belə bir vaxtda onlara yol göstərmək əvəzinə, dərs danışdırırlar. Bal hədəsi, qiymət yazma qorxusu və s. Müəllim işinə olan sevgini qarşısındakı tələbələrə ötürməlidir.

-Magistraturaya hazırladığınız tələbələrin ortaq və zəif nöqtələri nələrdir?

-Əsasən, riyazi şeylərdə çətinlik çəkirlər. Ən mənfi cəhətləri isə budur ki, əksəriyyəti magistraturaya sanki məcbur hazırlaşır və əziyyətsiz nəyəsə nail olacaqlarını düşünürlər.

-Bəlkə də onlarda bu fikirləri formalaşdıran saysız  səbəblər var…

-Məncə, bu, uşaqlıqdan oxumağa sevginin formalaşdırılmamasından qaynaqlanır. Kiçik yaşlarımızdan “yaxşı oxusan, böyüyəndə filankəs olacaqsan” sözlərini o qədər eşitmişik  ki, indi də yalnız nəticəni görürük. Nəticəyə çatmaq üçün qət etdiyimiz yolda oxuyacağımız bir cümlənin belə həyatımıza verəcəyi anlamı dərk etmirik. Xoşbəxtlik bizə həmişə son nəticə kimi görünür, amma o sonluq heç vaxt gəlmir. Buna görə də uşaqlıqdan oxumağı bir az başqa cür öyrətmək lazımdır.

“İnformatika kitabı su kimi əzbərləməklə 25 sualın 25-ni də doğru yaza biləcəyiniz fənn deyil”

-Zənnimcə, müsahibədə  sizin  praktiki bilgilərinizdən yararlanmaqda  da fayda var. O səbəbdən,  imtahanı obrazlı dünyadan çıxarıb, keçək praktiki məsələlərə. Sizcə, builki imtahanda tələbələri əsas hansı çətinliklər gözləyir? İmtahan verəcək namizədlər nələri gözə alsınlar?

-Düzü, bu il Məntiq və İngilis dilinin nisbətən rahat, İnformatikanın isə ötən illə müqayisədə bir az çətin olacağını düşünürəm.

Əvvəlki illərdə Dövlət İmtahan Mərkəzinin model test nümunələrini işləmədən imtahana getməsinlər. Kursumuzun son 1 həftədə olacaq canlı yayımlarını mütləq izləsinlər. Artıq 3 ildən çoxdur ki, son 1 həftədə keçirdiyi sınaq suallarıyla DİM-də düşmə ehtimalı olan sualları qabaqlayırıq. İmtahanda o son sınaqlardan nə qədər sual olur. Sınaq suallarından bir neçəsi də canlı yayımda izah edilir. Diqqətli olsalar, imtahanda görən kimi yaza biləcəklər.

Hə, bir də İnformatika kitabı su kimi əzbərləməklə 25 sualın 25-ni də doğru yaza biləcəyiniz fənn deyil. Kim özünü psixoloji hazırlaya bilirsə, o daha rahat yüksək nəticə göstərir. Təbii ki, zəhmət çəkib lazımi məlumatları vaxtlı-vaxtında oxuyubsa…

-Çoxları düşünür ki, qəbul imtahanına salınan Məntiq sualları məntiqi deyil, riyazi bilikləri yoxlayır. Siz necə, Məntiq proqramının hansı yöndə dəyişdirilməsini, hansı tip sualların proqramdan çıxarılmasını təklif edirsiniz?

-Biri var sırf məntiqi, bir də var məntiqi inkişaf etdirəcək suallar... Proqramda olan bütün sual tiplərinin yerli-yerində olduğunu düşünürəm. Sadəcə, say nisbətinə bir az dəyişiklik etmək olar. Bəli, Riyaziyyatı güclü olanlar Məntiq suallarını daha yaxşı cavablayırlar. Riyazi bilik elə bir şeydir ki, adamı istənilən fəndə irəli çəkir. Belə tələbələr qavrama qabiliyyəti baxımından da üstün olur. Fikrimcə, məsələyə ümumi yanaşsaq, belə narazılıqların səbəbi çoxluğun riyazi baxımdan zəif olmasıdır.

“Sevərək oxuyan çox az insan tanıyıram”

-Sizcə, dinləmə suallarının əlavə edilməsi tələbələrin Məntiq və İnformatikaya vaxt ayırmasına nə dərəcədə təsir edir?

-Tələbə bütün fənlərə lazımi qaydada hazırdırsa, bir problem olacağını düşünmürəm.

-Sizcə, tələbə adətən nədə boşluq buraxır ki, magistraturaya qəbul oluna bilmir?

-Sistemsizliyə çox yol verir. Bir işi görürüksə, gərək, onun zəhmətini qabaqcadan gözə alaq. Əksər tələbələr universitetdən gələn rahatlığa öyrəşdiyinə görə sonda nəticə əldə edə bilmir. Ümumiyyətlə, oxumaq sevərək görülməli olan işdir. Mənsə bunu bu şəkildə edən çox az insan tanıyıram.

““Oxumurdum” deyib tələbələrimə pis örnək olmaq istəmirəm”

-Maraqlıdır, özünüz magistraturaya qəbul imtahanında hansı çətinliklərlə üzləşmişdi ki, bu barədə tələbələrini də anlayışla qarşılayır?

-Mən qəbul imtahanında 106 bal toplamışdım. Verdiyim imtahan indiyə qədər olan ən çətin qəbul hesab olunur. Çətinlik deməzdim, sadəcə düzü, imtahana hazır deyildim. Çünki özüm də imtahana magistratura arzusunda olmadan getmişdim. Yalnız dərsdə oturub dinləməklə əldə etdiyim nəticə idi. Bəzən deyirəm ki, oxusaydım, daha yaxşısını bacarardım. Sonra düşünürəm ki, həmin dönəm olsaydı, yenə də eyni vəziyyət təkrarlanardı. Oxumurdum deyib tələbələrimə pis örnək olmaq da istəmirəm. Sadəcə düşünürəm ki, sevdiyin işi görmək hər şeydən öndə gəlməlidir.

-Amma özü magistraturaya həvəssiz hazırlaşan biri, bu istiqamət üzrə tanınan müəllim oldu…Bu işi sizə nə sevdirdi?

-Əslində, bu, sırf fənn sevgisi deyil. İnsan sevgisidir. Yeni insanlar tanımağı çox sevirəm. Onların da məni sevdiyini düşünür, hər birini ailəm kimi görürəm. Ona görə də hər şey maraqlı olur. Günümün çox hissəsi tələbələrimlə keçir. Düzdür, Məntiq, İnformatika, İqtisadiyyatı da sevirəm, amma insanlarımızı daha çox.

Ümumiyyətlə, bu istiqamətdə nə olubsa, Rəşadət Şərifovun və dərsdən sonra hər yerdə adımı çəkən tələbələrimin sayəsində olub. Növbəti illərdə daha yaxşısının olması üçün çalışacağam.

“İstifadədə olmayan hissələr İnformatikadan çıxarılsa,…”

-Müəllim, magistratura təhsil pilləsində hansı yeniliklərin tətbiqini istərdiniz?

-Öncə qeyd edim ki, magistratura üçün 2 il normal müddətdir. Amma yenilik istənilən halda tətbiq olunmalıdır. Fikrimcə, xarici dil səviyyəsinin artırılması üçün ciddi addımlar atılmalıdır. Çünki ölkəmizdə xarici dil bilmə səviyyəsi çox aşağıdır. Ən azından təhsillilər bu istiqamətdə fərqlənməlidir.

Bir də real istifadədə olmayan hissələr informatikadan çıxarılsa, yaxşı olar. Proqramın yenilənməsi isə zənnimcə ciddi problem deyil.

-Hansı ixtisaslar üzrə magistratura pilləsini perspektivsiz hesab edirsiniz?

Hansısa ixtisas üçün magistraturanı perspektivsiz adlandırmaq yanlış olar. Magistratura ixtisasları bakalavrdan fərqli olaraq daha diqqətlə seçilir.  Çünki plan yeri az olur. Ümumilikdə hansısa ixtisası bəyənməyə bilərəm. Amma bu, mənim subyektiv fikrimdən qaynaqlanar.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu