Azedu.az

Nazir müavini İstanbul şəhərində 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində - YENİLƏNİB

Xəbərlər

Elm və Təhsil Nazirliyi

21 İyun 2025, 16:28
Nazir müavini İstanbul şəhərində 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində - YENİLƏNİB

İyunun 21-də elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib.
 

AzEdu.az xəbər verir ki, Nazir müavini Azərbaycan Respublikasının elm və təhsil sahəsində həyata keçirdiyi islahatlar, texnologiya əsaslı təhsil modellərinin inkişafı, süni intellektin təhsilə inteqrasiyası, o cümlədən rəqəmsal bacarıqların tədrisi istiqamətində atılan addımlar haqqında məlumat verib. Kənan Kərimzadə həmçinin ölkənin elm və innovasiya gündəliyində süni intellekt, biotexnologiya, enerji texnologiyaları və rəqəmsal transformasiya sahələrinin prioritet istiqamətlər kimi müəyyən edildiyini vurğulayıb. 
 

Kənan Kərimzadə çıxışında Azərbaycan ilə Türkiyə arasında elm və təhsil sahəsindəki strateji əməkdaşlığın uğurla davam etdirildiyini qeyd edib, 2024-cü ildə Azərbaycanda keçirilmiş TEKNOFEST festivalının bu tərəfdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb. 
 

Nazir müavini ölkənin ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yüksəlməsi, böyük dil modellərinin hazırlanması istiqamətində yerli və beynəlxalq texnoloji tərəfdaşlarla əməkdaşlıq və "SABAH.city" innovasiya klasterinin yaradılması kimi təşəbbüslər barədə də məlumat verib. 
 

Sonda Kənan Kərimzadə belə mötəbər beynəlxalq platformaların təhsil sahəsində qlobal əməkdaşlıqların möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını vurğulayaraq tədbirə dəvət və qonaqpərvərliyə görə Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinə təşəkkürünü bildirib.

 

 

 

16:29

Türkiyə Respublikasının İstanbul şəhərində 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti iyunun 20-də öz işinə başlayıb. Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən sammit rəqəmsal transformasiya, süni intellektin tətbiqi, gələcəyin öyrənmə modelləri və beynəlxalq əməkdaşlıq imkanları kimi aktual mövzulara həsr olunub. 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Tədbirdə müxtəlif ölkələrin təhsil nazirləri, nüfuzlu beynəlxalq ekspertlər və qabaqcıl texnologiya qurumlarının nümayəndələri iştirak edirlər. 
 

Sammitin məqsədi təhsil texnologiyaları sahəsində bilik və təcrübə mübadiləsi aparmaq, eləcə də tərəfdaşlıq imkanlarını genişləndirmək üçün çoxtərəfli platforma yaratmaqdır.
 

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adından sammitdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə iştirak edir.
 

Tədbirin açılış mərasimində iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında təhsilin inkişafında texnologiya və süni intellektin rolunu yüksək qiymətləndirməklə yanaşı, onun mənəvi və intellektual dəyərlər üzərində qurulmasının zəruriliyini xüsusi vurğulayıb. Prezident Ərdoğanın çıxışı təhsil sahəsində tarazlı və davamlı yanaşmanın vacibliyinə diqqət çəkən mühüm mesajlarla yadda qalıb. 
 

Eyni zamanda, sammit çərçivəsində rəqəmsal zorakılığın qarşısının alınması, süni intellekt və yeni texnologiyaların təhsildə istifadəsi, gələcək nəsillərin texnoloji dünyaya inteqrasiyası kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb. 
 

 Qeyd edək ki, sammit 22 iyun tarixinədək davam edəcək.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox