Azedu.az

Attestat qiyməti 5, imtahanda nəticəsi 0: Bu necə ola bilər?

İmtahanlar

18 İyul 2025, 11:35
Attestat qiyməti 5, imtahanda nəticəsi 0: Bu necə ola bilər?

Təhsil sistemində çox vaxt şagirdlərin məktəbdə aldıqları qiymətlər onların biliyini və hazırlıq səviyyəsini əks etdirən əsas göstərici hesab edilir. Lakin bəzi hallarda məktəbdə yüksək qiymətlər alan şagirdlər imtahan zamanı zəif nəticə göstərirlər. Ölkənin ümumtəhsil məktəblərini bitirən və attestatı “əla” olan minlərlə abituriyent qəbul imtahanında 40 baldan aşağı nəticə göstərib. Faktı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə də təsdiqləyib. O bildirib ki, ana dili fənni üzrə attestatı “əla” olan 38 377 abituriyentin 1 392 nəfəri (3.6%) 0–40 bal aralığında nəticə göstərib. Onlardan 334 nəfər tamamilə 0–20 bal aralığında cavablayıb.Riyaziyyat fənnindən vəziyyət daha da kəskindir. Bu fəndən attestatı “əla” olan 26 362 nəfər arasında 5 114 nəfər (19.4%) 0–40 bal toplayıb. Onlardan 1 257 nəfər 0–20 bal aralığında qalıb. Xarici dil fənni üzrə 0–40 bal toplayanların sayı 4 909 nəfərdir (14.6%). Bu fənn üzrə ümumilikdə 33 740 nəfərin attestat qiyməti “əla” olub. Onlardan 1 123 nəfər isə 0–20 bal toplayıb.

Bəzən şagirdlər imtahanda yüksək bal toplasalar da, attestat qiymətləri aşağı olur. Bəzən isə əksinə, məktəbdə yüksək qiymətlər alan bəzi şagirdlər imtahanda zəif nəticə göstərirlər. İmtahanda yüksək bal toplayanların attestat qiymətləri ilə nəticələri arasında ziddiyyətlərin olması bir neçə səbəbdən qaynaqlanır. Bir çox məktəbdə müəllimlərin qiymətləndirməsi subyektiv amillərə əsaslanır Müəllimlərin simpatiyası, şagirdin davranışı, ev tapşırıqlarının vaxtında yerinə yetirilməsi və digər qeyri-akademik meyarlar qiymətlərə təsir edir. Bu isə şagirdin real bilik səviyyəsinin qiymətlərdə tam əks olunmamasına səbəb olur. Məktəbdə bəzi şagirdlər mövzuları əzbərləmə yolu ilə öyrənirlər və dərslərdə müəllimlərin dediklərini təkrarlamaqla yüksək qiymətlər əldə edirlər. Lakin imtahanlarda mövzunu başa düşmək, analiz etmək və tətbiq etmək tələb olunduqda bu əzbər biliklər yetərli olmur. Bu da zəif nəticələrin ortaya çıxmasına səbəb olur. Bəzən məktəbdə tətbiq olunan dərs metodları və verilən tapşırıqlar imtahan formatından fərqli olur. Şagirdlər gündəlik tapşırıqlarda və kiçik yoxlamalarda müvəffəqiyyətli ola bilirlər, lakin geniş miqyaslı, test əsaslı və ya analitik düşüncə tələb edən imtahanlara hazırlıqsız qala bilərlər. Bir çox şagirdlər attestat qiymətlərini məktəbdə deyil, daha çox hazırlıq kurslarında və ya fərdi müəllimlərdə hazırlaşmaqla əldə edirlər. Belə olduğu halda məktəbdə davamiyyət zəif olur və nəticədə qiymətlər ya formal şəkildə yazılır, ya da aşağı göstərilir.

DİM rəhbərinin açıqladığı rəqəmlər istənilən halda bir daha Azərbaycan məktəblərində təhsil müəssisələrində tədris prosesinin normal aparılmadığını, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı, tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsinin göstərir.

Təhsil sistemində qiymətləndirmə şagirdlərin biliyini obyektiv və dəqiq şəkildə əks etdirməlidir. Lakin bəzi hallarda ortaya çıxan ziddiyyətli vəziyyətlər bu prinsipin hər zaman işləmədiyini göstərir. Bu səbəbdən də şagirdin attestat qiyməti 5 olduğu halda imtahan nəticəsinin 0 (sıfır) olması – cəmiyyətdə ciddi suallar doğurur. Bu, sadəcə fərdi bir uğursuzluqmu, yoxsa sistemli bir problemin əlamətidirmi?

Attestat qiymətləri əsasən müəllimlərin il ərzində apardıqları müşahidə, dərs fəaliyyəti, ev tapşırıqları, yazılı və şifahi yoxlamalar əsasında verilir. Bu qiymətlər məktəbdaxili qiymətləndirmə sisteminə əsaslanır və çox vaxt şagirdin gündəlik fəallığına bağlı olur. Bəzi hallarda müəllimlərin subyektiv yanaşmaları, hətta favoritizm də bu qiymətləndirməyə təsir edə bilər.

Attestat qiyməti ilə imtahan nəticəsi arasındakı bu qədər böyük fərq əzbərçilik və real bilik əskikliyi, məktəbdə bəzi şagirdlər dərsləri əzbərləməklə, sualları əvvəlcədən hazır cavablarla öyrənməklə qiymət toplaması kimi faktları ortaya çıxarır. İmtahanlarda analitik və yaradıcı düşüncə tələb olunduğu üçün abituriyentlər belə aşağı nəticə göstərirlər.  Bəzi məktəblərdə və müəllimlərdə şagirdlərin attestat qiymətlərini süni şəkildə yüksəltmək halları müşahidə olunur. Bu, məktəbin ümumi göstəricilərini yaxşılaşdırmaq məqsədi daşısa da, şagirdə ziyan vurur – çünki real hazırlıq olmadan verilən qiymət onu imtahan zamanı uğursuzluğa sürükləyir.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov hesab edir ki, attestatda 5, amma imtahanda 0 bal - təhsil sistemində qiymətləndirmə mexanizmləri arasında ciddi uyğunsuzluğun olduğunu göstərir. Bu, həm məktəbdaxili qiymətləndirmənin obyektivliyinə, həm də mərkəzləşdirilmiş imtahanların ölçmə mexanizminə sual yaradır: “Məktəblərdə qiymətlər çox vaxt şagirdin real bilik və bacarıqlarına deyil, onun intizamına, müəllimlə münasibətinə və gündəlik tapşırıqları yerinə yetirməsinə əsasən formalaşır. Əgər şagird müəllimlərin gözündə ‘yaxşı uşaq’dırsa, bu, onun biliklərinin obyektiv ölçülməsinə mane ola bilər. Nəticədə şagird 5 alır, amma real sınaqda heç nə göstərə bilmir”.

Şagirdlər bəzən məktəbdə təhlükəsiz və tanış bir mühitdə yaxşı nəticə göstərirlər, amma imtahan mühiti onlar üçün qorxulu və stresli olur. İmtahan anında panika yaşayan və ya özünü ifadə edə bilməyən şagird cavabları kodlaşdıra bilmir və nəticədə 0 bal toplayır. Bu, yalnız bilik məsələsi deyil – eyni zamanda psixoloji hazırlıq məsələsidir.

Şahlar Əsgərovun dediyinə görə, əgər bir şagird məktəbdə ilboyu 5 alırsa, bu, onun imtahanda da heç olmasa minimum nəticə göstərməsini təmin etməlidir. Əgər bu baş vermirsə, deməli məktəbdə verilən qiymətlər ya şişirdilib, ya da təhsil proqramı ilə imtahan tələbləri arasında uyğunluq yoxdur. Bu, sistemin özündə dəyişiklik ehtiyacını göstərir.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin statistik göstəricilər göstərir ki, I-IV ixtisas qruplarında iştirak edən abituriyentlərin yalnız 11.28 faizi 500-700 bal aralığında nəticə əldə edib, bu isə yüksək nəticə göstərə bilənlərin çox az faiz təşkil etdiyini ortaya qoyur. Digər tərəfdən, 100-200 bal aralığında olanların 27.97 faiz, 0-100 bal toplayanların isə 13.47 faiz olması, məktəblərdə verilən qiymətləndirmənin real bilik göstəricilərindən kənar olduğunu açıq şəkildə nümayiş etdirir: “Buna paralel olaraq, attestat qiymətlərinin yüksək olduğu halda imtahan nəticələrinin zəif olması, yaxud əksinə, imtahanda yüksək nəticə göstərənlərin məktəb qiymətlərinin aşağı olması hallarının geniş yayılması sistemin daxili parçalanmasını sübut edir. Bu ziddiyyətin kökündə məktəbdəki qiymətləndirmənin obyektivlikdən uzaq olması, məktəbdənkənar hazırlıq mərkəzlərinin əsas bilik mənbəyinə çevrilməsi və məktəblərin pedaqoji funksiya və nəzarət gücünün azalması dayanır. “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsində göstərilir ki, təhsilin məzmunu və təşkili elmi əsaslara və şəxsiyyətin inkişafı məqsədinə uyğun olaraq həyata keçirilməlidir. Lakin real mənzərə göstərir ki, bu prinsip sistematik şəkildə pozulur. Təhsil müəssisələrinin qiymətləndirmə fəaliyyəti nə elmi əsaslara, nə də şəffaf meyarlara əsaslanır. Bu səbəbdən də şagirdlərin qiymətləndirilməsi subyektiv, bəzən isə korrupsiya meyilli yanaşmalarla həyata keçirilir".

Kamran Əsədov deyib ki, V ixtisas qrupu üzrə vəziyyət daha acınacaqlıdır: “Bu qrupda 0-100 bal aralığında nəticə göstərənlərin faizi 54.28-dir. Bu göstərir ki, sosial, pedaqoji və iqtisadi ixtisaslara hazırlıq səviyyəsi son dərəcə aşağıdır. 250-300 bal aralığında nəticə göstərənlərin isə cəmi 3.85 faiz olması təhsil sisteminin bu sahədə də uğursuzluğa düçar olduğunu təsdiqləyir. Bütün bu rəqəmlər göstərir ki, Elm və Təhsil Nazirliyi təhsil sistemindəki bu böhranı, sadəcə, müşahidə edir, ancaq prosesə müdaxilə etmir. Nazirlik nə bu göstəricilərdən nə nəticə çıxarır, nə də maarifləndirmə, təlim, qiymətləndirmə və məktəb-məzun əlaqələrinin təkmilləşdirilməsi istiqamətində konkret fəaliyyət planı ortaya qoyur. İllərdir dəyişməyən standart mövqelərlə çıxış edir və təhsildə dəyişikliklərə passiv yanaşır. Nazirliyin nə strateji planı, nə də real proqnozları mövcuddur. Qəbul göstəriciləri aşağı olan rayon və şəhərlərlə bağlı heç bir təhlil təqdim edilmir, onların inkişafı üçün lokal müdaxilə proqramları hazırlanıb tətbiq olunmur. Misal üçün, Naftalan və İsmayıllı kimi rayonlarda qəbul faizi 47-dən aşağıdır. Bu nəticələrə görə məktəblərin, müəllimlərin və yerli təhsil idarələrinin fəaliyyətinə dair heç bir ictimai hesabat verilmir, məsuliyyət daşıyan şəxslər barəsində tədbir görülmür. Eyni zamanda yüksək qəbul faizi olan bölgələrin, məsələn, Şahbuz, Qubadlı və Naxçıvanın təcrübəsi sistemli şəkildə öyrənilmir və digərlərinə tətbiq edilmir. Halbuki inkişaf edən ölkələrdə - məsələn, Finlandiyada və Estoniyada - təhsil göstəricilərində regional fərqlər dərindən təhlil olunur və resurslar həmin fərqləri aradan qaldırmaq üçün məqsədli şəkildə bölüşdürülür. Yaxud Cənubi Koreyada attestat qiymətləri və qəbul imtahanları arasında uyğunluğu təmin etmək məqsədilə məktəbdaxili qiymətləndirmənin dövlət tərəfindən təsdiq olunmuş monitorinq sistemləri ilə yoxlanılması həyata keçirilir. Bizdə isə nə məktəb qiymətləri izlənilir, nə də məktəbdənkənar hazırlıq sisteminə dair şəffaf nəzarət mövcuddur".

Təhsil eksperti hesab edir ki, attestatın dəyərini qorumaq və imtahan nəticələrini obyektivləşdirmək üçün məktəb qiymətləri ilə yekun imtahanlar arasında fərq olduqda müstəqil monitorinq və araşdırma aparılmalıdır: “Əgər bir şagird imtahanda 500+ bal toplayırsa, amma attestatında 3 və ya 4 varsa, bu, məktəbin qiymətləndirmə mexanizminin saxta və ya qərəzli olduğunu göstərir. Əgər bir başqa şagirdin attestatında yalnız 5-lər varsa, amma imtahanda 80 bal alırsa, bu da onun məktəbdə qiymət almağa yox, münasibət və vasitələrə güvəndiyini göstərir. Təhsilin məqsədi bilik və bacarıq verməkdir, süni göstəricilərlə manipulyasiya yaratmaq yox. "İmtahan balının zəhərə çevrilməsi" dedikdə, məhz bu ədalətsiz yanaşmalar və sistemsizlik nəzərdə tutulur. Təhsildə şəffaflıq təmin olunmadığı müddətcə, real biliyin yox, vasitələrin qələbə çalacağı bir nəsil yetişəcək. Bu isə nə insan kapitalının inkişafına, nə də sosial ədalətin təmininə xidmət edir. Elm və Təhsil Nazirliyi bu prosesi yalnız izləməklə kifayətlənməməli, təşəbbüs göstərməlidir. Strateji planlar hazırlanmalı, məktəb qiymətləndirməsi üzrə yeni mexanizmlər tətbiq edilməli, müəllimlərə və məktəb rəhbərliklərinə qarşı məsuliyyətli yanaşma formalaşdırılmalıdır. Əks halda, statistik rəqəmlər hər il dəyişəcək, amma problem yerində qalacaq. Təhsil isə bu cür rəsmi səssizlik və passiv müşahidə ilə deyil, ardıcıl və cəsarətli islahatlarla inkişaf edir".

Nərmin Qarazadə

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox