Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-28 15:28:00
“Bəzi müəllimlər qiymət yazanda xəsislik edirlər”- Ekspertlərdən irad və təkliflər

“Dövlət İmtahan Mərkəzinin  keçirdiyi IX sinif buraxılış imtahanlarının nəticələrinə əsasən də deyə bilərik ki, məktəbdaxili qiymətləndirmə ilə bağlı ciddi problemlər var» - Kamran Əsədov

“Müsbət qiymətləndirməklə şagird artıq qorxudan deyil, alqışdan qidalanaraq dərsinə davam edəcək”- İbrahim İbrahimov

2008-ci ildən etibarən tətbiq edilməyə başlayan kurikulum metodundan sonra Azərbaycanda orta məktəblərdəki ənənəvi qiymətləndirmə üsulları da dəyişdi.

Hazırda məktəbdaxili qiymətləndirmə şagird nailiyyətlərinin qiymətləndirilməsi, kurikulum üzrə və ümumi təhsilin pillələri üzrə yekun qiymətləndirmədən ibarətdir.

Şagird nailiyyətlərinin monitorinqi diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (irəliləmə və geriləmələrin izlənməsi) və summativ (yekun) qiymətləndirmə formalarında aparılır.

Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir.

Bəs müəlimlər fərdi qiymətləndirmə zamanı nələri nəzərə almalıdırlar?

Mövzu ilə bağlı AzEdu.az saytına danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda orta məktəb müəllimlərinin qiymətləndirmə ilə bağlı fəaliyyəti aşağıdır:

“İlk növbədə qeyd edim ki, 2008-2009-cu tədris ilindən etibarən məktəbdaxili qiymətləndirmə milli kurikulumun məzmun standartlarına əsaslanır. Şagird nailiyyətlərinin qiymətləndirilməsi standartları gözlənilməklə tədrisin təkmilləşdirilməsi üçün qarşıya məqsədlər qoyur. Onlara nailolma istiqamətində əldə edilən irəliləyişləri qiymətləndirir, məktəblərin, qrupların və fərdlərin fəaliyyətlərinin monitorinqini həyata keçirərək nəticələr arasında müqayisələr aparır. Amma hazırda “diaqnostik”, “formativ”və “summativ” növlər üzrə həyata keçrilən məktəbdaxili qiymmətləndirmə tam şəkildə şagirdlərin bilik və bacarıqlarının ortaya çıxarılmasına xidmət etmir. Məktəbdaxili qiymətləndirmə ilə bağlı ciddi qüsur və problemlər var. Biz bunu Dövlət İmtahan Mərkəzinin  keçirdiyi IX sinif buraxılış imtahanlarının nəticələrinə əsasən deyə bilərik”.

K.Əsədov bu məsələ ilə bağlı dəyişiklik edilməsi lazım olan məqamlardan da danışıb. Ekspertin sözlərinə görə, məktəbdaxili qiymətləndirmənin nəticəsi olaraq şagird biliyinin "5” ballıq şkala ilə də qiymətləndirilməsi tətbiq edilməlidir.

“Etiraf edək ki, qiymətləndirmə uzun müddət şagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird  yalnız qiymət almaq xatirinə oxuyurdu. Hesab edirəm ki, qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir və onu idarə edən vacib amil kimi meydana çıxmalıdır. Yəni məktəbdaxili qiymətləndirmə zamanı şagirdlərin təkcə biliklərini yox, eyni zamanda bacarıqlarını da qiymətləndirmək və bu zamanı fərdi yanaşma tətbiq etmək lazımdır. Təəssüf ki, orta məktəblərdə çalışan 151 min müəllimin məktəbdaxili qiymətləndirmə ilə bağlı fəaliyyəti aşağıdır. İlk növbədə Təhsil Nazirliyi müəllimlərin peşəkarlıq səviyyəsinin, qiymətləndirmə bacarıqlarının yüksəldilməsi istiqamətində ciddi iş görməlidir”.

Psixoloq İbrahim İbrahimov da mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib. O, qeyd edib ki, müəllimlər bəzən uşaqları motivasiya etmək əvəzinə onları həvəsdən salırlar:

“Motivasiya, daxili və xarici olmaqla iki yerə ayrılır. Əgər şagird qiymətə görə oxuyursa, bu, xarici, öz həvəsi ilə oxuyursa, daxili motivasiyadır. Xarici motivasiya adından da göründüyü kimi xarici amillərdən-mükafatlardan, kiminsə yazdığı qiymətdən və s, asılı olur. Daxili motivasiya isə daxildən gələn maraq əsasında yaranır.

Bəs sual yaranır ki, hansı doğrudur və şagirdi necə motivasiya etmək lazımdır? Ümumiyyətlə, şagird müəllimin yazdığı qiymətinə fikir verməlidirmi?

PSİXOLOQDAN NÜMUNƏ: Bir uşağı motivasiya etmək üçün onun dediyi cümlədəki səhvlə yanaşı düzünü də demək lazımdır. Məsələn, uşaq belə bir cümlə qurur: sabah məktəbə gedəndə uşaqlar oynayırdılar. Bilirik ki, burada “sabah” yerində  “dünən” yazılmalı idi. Amma müəllim bütün cümləni səhv qəbul edir. Halbuki cümlənin 5-də 4-ü düz, yalnız 5-də 1 hissəsi səhvdir. Müəllim cümlə səhvdir dediyi zaman o, düz yazılan hissənin qiymətini vermir. Belecə, psixoloji səhv edir. Bir uşağı motivasiya etmək üçün həmişə əvvəlcə cümlənin düz tərəflərini alqışlamalıyıq və deməliyik ki, “məktəbə gedəndə uşaqlar oynayırdılar” hissəsi düzdür, afərin, amma cəmi bir yerdə səhv edirsən. Burada söhbət psixoloji incəlikdən gedir. Müsbət qiymət verməklə şagird artıq qorxudan deyil, alqışdan qidalanaraq davam edəcək.

Psixoloq filosofun sözü ilə söhbətinə davam edir : “Ruhu öldürmək cismi öldürməkdən daha ağır cinayətdir”.

“Biz şagirdləri alqışlamaqla öyrətməliyik.Təəssüf ki, bəzi müəllimlər sanki hər şeyə düzgün qiymət verirmiş kimi şagirdə qiymət yazanda da xəsislik edirlər və onların ruhunu öldürürlər. Müəllimlər başa düşməlidir ki, onlar aşağı qiymət yazmaqla psixoloji cinayət işlədirlər. Bu, müəllimin bir şagirdin təhsildən uzaqlaşmasına və özünəinamının itirilməsinə səbəb olan ən böyük amildir”.

Rəna NƏBİ