Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-04 11:25:00
Direktorluğa namizədlərə  qanunla bağlı bu suallar mütləq veriləcək – Vacib bilgilər

 

Direktorların işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.

Göstəricilər  elə də ürəkaçan olmasa da, minimum 40%  nəticə  toplayanlar  müsahibə mərhələsində iştirak hüququ  qazanıblar.

Bu etapda namizədlərə ümumi təhsil hüququ, məktəbdaxili ən kiçik sənədlərdən, dünyagörüşündən  tutmuş, onun baxış bucağını, təhlil qabiliyyətini əks etdirən suallaradək veriləcək.

AzEdu.az müsahibə zamanı direktorluğa namizədlərə “Təhsil haqqında” qanunla bağlı verilə biləcək suallara cavabı təqdim edir:

-Təhsilin hansı pillələri, səviyyələri var?

Cavab:

Təhsilin səviyyələri “Təhsil haqqında” Qanunun 17-ci maddəsində əks olunub.

Azərbaycanda təhsilin aşağıdakı səviyyə və pillələri var:

Məktəbəqədər, ümumi, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil.

Ümumi təhsil ibtidai, ümumi orta və tam orta təhsil olmaqla bölünür. Ali təhsil isə bakalavr, magistratura, doktorantura pillələrindən ibarətdir.

Təhsilin pillə və səviyyələri arasındakı qarşılıqlı əlaqə və varislik təmin olunur. Məktəbəqədər təhsil istisna olmaqla, hər təhsil pilləsi yekun qiymətləndirmənin və attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə başa çatır.

Təhsilin pillə və səviyyələri üzrə fəaliyyət müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Təhsilalanın əvvəlki pillə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillələrdə təhsilini davam etdirməsində nəzərə alınır.

-Ümumi təhsil müəssisələrinə hansı tipdən və növdən olan təhsil müəssisələri aid edilir?

Cavab:

Ümumtəhsil müəssisəsi dedikdə bu təhsil müəssissələri nəzərdə tutulur: İbtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məkətəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud  uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr.

-Dövlət ümumtəhsil məktəblərində ödənişli təhsil həyata keçirilə bilərmi?

Cavab:

Xeyr. Dövlət ümumtəhsil məktəblərində təhsil pulsuzdur.

-Səriştə əsaslı ümumi təhsil dedikdə nə nəzərdə tutulur?

Cavab:

Səriştə əsaslı təhsil şagirdə nəinki bilik verir, həm də o, müəyyən bacarıqlar əldə edir və onları müxtəlif situasiyalarda yaradıcı tətbiq etməyi bacarır. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir.

Qeyd edək ki, müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndiriləcək. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplomvə ona əlavə, xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini müsahibə komissiyasına təqdim etməlidirlər. Bu mərhələ üzrə keçid balı 3-dür.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları