Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 15:07:31
Direktor olmaq istəyənlərə müsahibə mərhələsində mütləq veriləcək suallar – CAVABLAR AZEDU.AZ-DA  

Direktorların işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.

Göstəricilər  elə də ürəkaçan olmasa da, minimum 40%  nəticə  toplayanlar müsahibə mərhələsində iştirak hüququq qazanıblar.

Bu etapda namizədlərə ümumi təhsil hüququ, dünyagörüşündən  tutmuş, onun baxış bucağını, təhlil qabiliyyətini əks etdirən suallaradək veriləcək.

AzEdu.az müsahibə müsahibədə ümumi təhsilin hüquqi əsasları ilə bağlı  verilməsi gözlənilən sualların cavabını təqdim edir. Onlardan biri də belədir:

-Müəllimlərin etik davranış qaydaları nə üçündür? Etik davranış prinsipləri və onlara verilən tələblər hansılardır?

Cavab:

Qanunvericiliyə əsasən, müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və tələblərə ciddi əməl etməlidir:

Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyası, qanunları, habelə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələbləri, insan hüquqları və demokratik prinsiplərə əməl etməyə borcludur.

Vicdanlılıq – müəllim öz peşə fəaliyyətini keyfiyyətli və səmərəli yerinə yetirməyə borcludur. O, bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

Peşəkarlıq və fərdi məsuliyyət –o, işini qanunvericiliklə müəyyən olunan vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur. Üstəlik, işini keyfiyyətlə yerinə yetirilməməsinə görə intizam məsuliyyəti daşıyır.

Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı halda təhsil müəssisələri, dövlət orqanları və onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizə, çıxışlardan çəkinməlidir. O, peşə fəaliyyəti zamanı müəllim adına, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verməməlidir.

Mədəni davranış – müəllim təhsilalanlar, rəhbərlik və həmkarları ilə nəzakətli, xeyirxah, diqqətli və təmkinli davranmalıdır. O, fəaliyyəti haqda irad və tənqidi fikirləri qəbul etməli, düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.

Qərəzsizlik – müəllim qərəzsiz olmalı, irqi, etnik mənsubiyyəti, dilin, cinsi, sosial mənşəyi, dinə münasibəti, əqidəsinə, ictimai mənsubiyyətinə görə şagirdlər arasında fərq qoymamalıdır. O, öz vəzifəsi və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. 

İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. O, etik davranış qaydalarını pozduğu halda tez bir zamanda ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə KİV nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək etməlidir.

Konfidensiallıq - qanunla nəzərdə tutulan hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.

Qeyd edək ki, müsahibə mərhələsinin dekabrda keçirilməsi, yeni təqvim ilinədək yekunlaşması nəzərdə tutulub. Müsahibədə uğur qazanan şəxslər ya təyinat alacaq, ya da 2 il müddətində ehtiyat siyahıya daxil ediləcəklər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları