Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-27 15:00:00
Bu kənd və qəsəbələrdən uzun illər bircə tələbə də çıxmayıb -  Daşkəsənin “kəsilən” təhsili  

Qəbul  imtahanlarındakı  yüksək  göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az  Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Daşkəsən  rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:

2017-ci ilin göstəricilərinə əsasən, Daşkəsən rayonu H.Qasımov adına Əmirvar kənd orta məktəbi, Çanaxçı kənd və  M. Mustafayev adına Bayan kənd orta məktəblərindən 1 nəfər belə ali məktəbə daxil olmayıb.

Mollahəsənli kənd orta məktəbi üzrə 1999-2005 illər ərzində, eyni zamanda, 2017-ci ildə heç kim tələbə adını qazana bilməyib.

S.Vurğun adına 4 saylı orta məktəb şəhər məktəbi olmasına baxmayaraq, bu məktəbin də 2017-ci ilə olan qəbul göstəriciləri sıfıra bərabərdir.

Daşkəsən qəsəbə orta məktəbi 2000-2010 illər ərzində, yəni fasiləsiz 10 il bir məzunu belə tələbə kimi yetişdirə bilməyib. 2016-2017-ci illərdə də ali məktəbə qəbul olunan məzun olmayıb.

G.İsmayılov adına aşağı Daşkəsən qəsəbə orta məktəbinin 1997, 1998, 2000, 2002, 2003,2004, 2007, 2009, 2010, 2011, 2012, 2014, 2016-cı illər ərzində tələbə adını qazanan bir şagirdi belə olmayıb.

Güneykənd orta məktəblərinin 2016 və 2017-ci il məzunları da heç bir universitetə qəbul olmayıblar.

S.İsgəndərov adına Quşçu qəsəbə orta məktəbinin 2007-2011 illər aralığındakı və  2017-ci ildəki heç bir məzunu ali təhsil müəssisələrin tələbəsi olmağı bacarmayıb.

Xatırladaq ki, Daşkəsən rayonu buraxılış və qəbul imtahanlarında ən aşağı nəticə göstərən bölgələrdən biridir. 2011-ci ildə DİM-in sədri Məleykə Abbaszadə bəzi bölgə məzunlarının, eləcə də Daşkəsən rayonunun abituriyentlərinin qəbulda topladıqları balın 100-dən aşağı olduğunu açıqlamışdı.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları