Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-27 11:55:00
Qəbul proqramı niyə açıqlanmır? – “Bu, şagirdlərin nəticələrinə ciddi təsir edəcək”  

“Hansı mövzuların qəbula düşüb-düşməyəcəyi  şagirdələrə, onlara dərs deyən müəllimlərə naməlum qalıb. Bu, istənilən halda tədris ilinin sonunda nəticələrə mənfi təsir edəcək amildir”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elxan Nəcəfov deyib. Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul modelinə uyğun ilk sınaq imtahanı keçirilsə də, qəbul proqramı hələ elan olunmayıb:

“Buraxılış imtahanı ilə bağlı standartlar, sual sayları, sual modelləri, hesablanma meyarları “Abituriyent” jurnalının xüsusi nömrəsində çap olunub.

Hansı mövzuların qəbula düşüb-düşməyəcəyi şagirdlərə, onlara dərs deyən müəllimlərə naməlum qalıb. Bu, istənilən halda tədris ilinin sonunda nəticələrə mənfi təsir edəcək amildir”.

Elxan Nəcəfov qeyd edib ki, şagird qəbul imtahanına hansı mövzulardan sualların düşəcəyini və imtahana necə hazırlaşacağını bilmədiyi təqdirdə qarşısına çıxacağı suala da naşı qalacaq:

“Bu amil abituriyentlərin yüksək nəticə göstərmələrinə mənfi təsir edəcək. Buraxılış  imtahanlarıyla bağlı sınaq imtahanının keçirilməməsinin  də nəticələrə mənfi təsir edəcəyini düşünürəm. Bu qədər dəyişiklik edilibsə, proqramlar da vaxtında deyil, vaxtından tez elan olunmalı idi. Sınaq imtahanları bir dəfə deyil, bir neçə dəfə keçirilməlidir. Əks halda, nəticələr aşağı olacaq və imtahanlar kortəbii xarakter daşıyacaq”.

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum standartları əsasında təşkil olunacaq. DİM ixtisas qrupları üzrə qəbul proqramının noyabrın ikinci yarısında elan olunacağını açıqlasa da, ayın son günləri olmasına baxmayaraq proqram hələ də nəşr olunmayıb.

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları