Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-14 13:11:25
“Bəzən, yaxşı adamı direktor seçirlər, lakin vəzifə onu da dəyişdirir” – Məktəb müdirlərindən niyə narazıyıq?

2018-2019-cu tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu artıq başa çatıb.

Müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.

Müəllimlərin keçmiş direktorlarından gileyləri isə hələ də davam etməkdədir. Bəs, onlar işə yeni başlayacaq direktorlarda hansı keyfiyyətləri görmək istəyir, nələrə bir də şahid olmaq istəmirlər?

“Bəzi direktorlar elə bilirlər ki, tənqid  edəndə daha “tələbkar” olurlar. Əslində, isə heç də belə deyil. Tənqid edərkən müəllimin  müsbətləri sadalanmalı, səhvləri isə fakta əsaslanaraq deyilməlidir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Bərdə rayon  Kürdborakı kənd orta məktəbinin Kimya müəllimi Elşən Ramizoğlu deyib.

O, direktorların çatışmayan cəhətlərindən danışarkən bildirib ki, bu, şəxsə görə dəyişir. “Mənim üstün  hesab etdiyim cəhət, başqasına görə fərqli, zəif bildiyim xarakter  isə digər həmkarıma görə lazımlı cəhət sayıla bilər”, deyir:

“Amma rast gəlinən əsas problemlər dərs saatları, dərs cədvəlləri, qarşılıqlı ünsiyyətlə bağlıdır. Dərslər yalnız qanun çərçivəsində, verilən düstura uyğun bölünməlidir.  Hətta o düstur müəllimlər otağından asılmalıdır ki, hər kəs öz dərs saatını bilsin”.

Bir direktorda hansı keyfiyyətlər cəmlənməlidir?

Gənc müəllim bildirib ki, müasir dövrdə direktor yüksək intellektə sahib, bütün  yeniliklərdən məlumatlı olmalı, zamanla ayaqlaşmalı, təhsil qanunu və məktəbşünaslığı  dərindən bilməlidir:

“Direktor öncə özü qoyduğu qaydalara riayət etməlidir”

“O, yalnız idarəçi deyil, həm də bir lider olmalıdır.  Kollektivi arxasınca aparmağı bacarmalı , “filan işi gör!” əvəzinə “gəlin, birlikdə edək” deməlidir. Fikrimcə, bir məktəb direktoru o vaxt ideal olar ki , əmr vermədən işləri yerinə yetirdə bilsin.

Direktor məktəbin təmsilçisidir. Onunla adi ünsiyyət belə həmin məktəb haqqında təəssürat yaradır. Ona görə də məktəb direktoru şəxsi keyfiyyətləri, nitqi, mədəniyyəti, milli – mənəvi dəyərlərə hörməti ilə hamıdan seçilməlidir.

Bəzən layiqli birini seçimlə bu vəzifəyə təyin edirlər. Amma zamanla həmin şəxs vəzifə səlahiyyətlərinin verdiyi üstünlüklərdən dolayı dəyişir, tabeliyindəki insanlara yuxarıdan aşağı baxmağa başlayır.  Direktor məktəbdə nizam – intizam, sistemli iş yaratmaq istəyirsə, öncə özü həmin qaydalara riayət etməlidir. Bundan əlavə, qoyduğu qaydalar, verdiyi tapşırıqlar, etdiyi tələblərin qanuni əsası olmalıdır”.

“Bəzi direktorlar elə bilirlər ki, tənqid edəndə daha “tələbkar” olurlar”

“Əslində isə heç də belə deyil. Bir müəllimi hər kəsin yanında tərifləmək, təqdirəlayiq sözlər demək onu nə qədər böyük motivasiya edirsə, hamının yanında zəif cəhətlərini sadalamaq, şagirdlərin içində danlamaq da o qədər ruh düşkünlüyü yaradır. Bu, münasibətlərin korlanmasına gətirib çıxarır”.

Tənqidə gəlincə isə Elşən müəllim bildirib ki, işdə belə bir şey ola bilər. Amma bu, təhqirə çevrilməməli, söz və fikirlər diqqətlə seçilməlidir. Tənqid edərkən müəllimin  müsbətləri sadalanmalı, səhvləri isə fakta əsaslanaraq deyilməlidir.

“Kimliyindən asılı olmayaq hər kəsə “eyni eynəklə” baxın!”

O, gələcək direktorları heç də hamı tərəfindən sevilməyəcəkləri ilə bağlı xəbərdar edib:

“Gələcək direktorlara fəaliyyətlərində uğurlar arzulayıram. İlk illərdə təcrübəsiz olduqlarına görə çətinliklərlə qarşılaşmaları təbiidir. Tutduqları yol düzgündürsə, istənilən çətinliyin öhdəsindən  gələcəklər.

Amma bilsinlər ki, məktəbdə heç də hər kəs onları sevməyəcək. Müəllimlərə sizə deyil, işə, şagirdlərə olan münasibətinə görə qiymət verin. Kimliyindən asılı olmayaq hər kəsə eyni gözlə baxın, ədalətli, qanunpərəst olun.    İnanın, bütün kollektivinə eyni “eynəklə”  baxanda problem yaşanmır. Rəhbərlik, inzibatçılıqdan çox liderliyi, öyrətməyi seçəndə  kollektivin güvənini qazanmaq mümkündür. Bir  rəhbər üçün onların arxalandığı , inandığı şəxs olmaqdan gözəl nə ola bilər? Bunlar olan yerdə sağlam mühit də olacaq, iş də öz axarında gedəcək”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları